Muəllif:

Teatr

Bəzən özüm-özümdən zəhləm gedir… Ümidsiz bir halda düşünürəm: «Həyatımı sərf etdiyim sənət qiymət kəsb edir, ya yox?»
Teatr — kino — rejissorluq… Bu gün teatr dəyərlidirmi, bu günün cəmiyyətinə lazımdırmı?
Əgər sadəcə olaraq dəb xatirinə ildə bir dəfə tamaşaya gedilirsə, ancaq premyeradan-premyeraya teatr aləmində bayram əhvalı yaşanırsa, ömrün qalan günləri boz bir dumana bürünürsə… belə yaşamağa dəyərmi?
Sonra da gülürəm:»Ay yazıq, sən təksən? Sənin heç olmasa filmlərin qalacaq. Hal-hazırda Milli Dram Teatrında yeganə də olsa, tamaşan oynanılır. Düzdür, bu bir tamaşa iki, beş, on beş ola bilərdi… Buna da şükür (hamının evində şükür adlı həyasız bir qonaq oturub, çıxmaq bilmir ki, bilmir, lazım kişi də gəlmir ki, onu sürüyüb aparsın). Sən niyə dərd çəkirsən, qoy, 60-a çatmadan səhnə qapılarını üzünə bağlayanlar öz gələcəklərini fikirləşsinlər. Əgər o gələcək onlar üçün olacaqsa?
Min illər bizdən öncə xəyanət, dəli sevgi, nifrət, düşmənçilik, qırğınlar, müharibə, inkişaf, tənəzzül, onları yaradan səbəblər, hadisələr, zaman və şəxsiyyət ədəbiyyat və incəsənət üçün mövzu mənbəyidir. Neçə min illərdir tamaşalar olub, indən belə də oynanılacaq. Bəzən teatr gündəlik tələbata çevrilib. Mənəvi bir tələbata, bəzən isə gərəksiz oyuncaq kimi küncə sıxılıb. Amma ölməyib. Küldən bir qığılcımın çıxmağı kifayət edib ki, tədricən gur alova, tonqala çevrilsin!..
Dəyişən nədir, dəyişməyən nə?
T ə s v i r v a s i t ə l ə ri.
Tamaşa hazırlığında təsvir vasitələrinin seçimi vacib prosesdir. Təsvir vasitələri dəyişməzdir. Ədəbi material, akytor imkanları, səhnədə rənglər, işıq və sair. Necə dünya yaranandan Ay batır, Gün çıxır. Gülün ətri insanı valeh edir. Payızın min bir rəngə çalan meşə gözəlliyi göz oxşayır. Sadalamaqla bitməz… Bəs dəyişən nədir? Texnika inkişaf edir. Teatrda işıq, musiqi, kino-video effektlər geninə-boluna istifadə olunur. Bu, sadəcə olaraq, müasir texnikanın imkanlarıdır.
T ə s i r v a s i t ə l ə r i.
Bax bu dəyişəndir. Bax bu vacibdir. Ən müasir texniki yeniliklər belə, aktyor oyununu, təsir vasitələrini əvəz edə bilməz. Hər dövrün, hər zamanın, bəzən hər bir anın təsir vasitəsi yaranır.
Əlahəzrət aktyorun səsi, plastikası, əsəbi, intellektual düşüncə tərzini yoğuraraq rejissor döyüş-mübarizə oyununu qurur. Zamanın, bu günün təsir vasitələrini yaradır. Keçən əsrin teatrı ilə möhtəşəm yaradıcılıq yolu keçmiş sənətkarlarımızla fəxr edirik. O böyük ustadlar bizim üçün əlçatmaz zirvəyə çevrilir. Amma o dövrün tamaşası olduğu kimi bu gün oynanılsa, inanın ki, qəti fikrimdir, baxılmaz, qəbul olunmaz. Çünki təsvir vasitələri ustalıqla seçilsə də, bu günün texniki inkişaf fonunda, zaman axarında, keçən əsrdən fərqli düşüncəyə, yaşam tərzinə malik tamaşaçıya bəsit görünəcək.
Yeni dövr yeni fərqli təsir vasitəsi tələb edir.
Keçən əsrin əvvəllərində aktyor səsinin ecazkarlığı tamaşaçını ələ almağa bəlkə də kifayət edirdi. Müasir akytordan təkcə səs deyil, fəaliyyət imkanları, intellekt səviyyəsinin yüksək olması vacib şərtlərdən birinə çevrilir. Bu günün tamaşaçısı sovetləşmə dövrünün eybəcərliklərini görüb, repressiya olunub, İkinci Dünya müharibəsinin od-alovundan keçib, qanı bahasına müstəqilliyini qazanıb, çörəklə çarmıxa çəkilib, hər şeyin alver, alğı-satqı üzərində olması yəqinliyinə gəlib!.. Onu indi əsrin 20-ci illərindəki yalançı inqilabi şüarlarla, müharibə dövrünün patetikası ilə və yaxud 60-70-ci illərin lirik-psixoloji duyğuları ilə aldatmaq, ürəyinə, şüuruna yol tapmaq olmur… Biz tamaşaçını öyrənməliyik, zamanı öyrənməliyik.
Hər bir dövrün öz şərtiliklər kodeksi var.
Nəyin nə olduğu, nə olacağı, necə olunması haqqında fikir yürüdə bilərik. Amma bu, yetərlidirmi?..
«Sistemi öyrənin, özünüzü dərk edin, əgər istedadınız varsa, dahiliyin qapısını aça bilərsiniz», — K.S.Stanislavski.
Mən kiməm?.. Hardan gəlib, hara gedirəm? Teatr, səhnə niyə məni anlaşılmaz bir qüvvə ilə özünə çəkir?
Özünü dərk etmək nə ağrılı, nə mürəkkəb bir prosessdir. Bəzən mənə elə gəlir ki, fikrimi, düşüncələrimi yalnız teatr adlanan məkanda bölüşə bilərəm. İnsanlara lazımdırmı bu fikirlər?.. Onlar üçün dəyərlidirmi tamaşa?.. Hər halda bu dillə, səhnə dili ilə danışa bilirəm. Bu da bir təsəlli?..
İnqmar Berqman:»Filmi insan çəkir, insanlarla birgə çəkir, insanlar üçün çəkir». Bu fikri eynilə teatra da şamil etmək olar. İnsan amili hər zaman öndədir. Özünü öyrən, insanları öyrən, zamanı öyrən!..
Şou-biznesin tüğyan etdiyi bir zamanda sənətdə ilk addımını atan özünü yox, gündəmdə nə yolla olursa-olsun qalmağı, pul və layiq olmasa belə, ad qazanmağın yollarını öyrənir!.. Dəyər verənlər kimdir? Yaradıcı insanı özünə xidmətdə görən, qarşısındakı sənət adamını tula payı ilə susdurub köləyə çevirən, ləli atıb, zibili önə çəkənlərmi dəyər verir? Bu gün var, sabah olmayacaq hakimiyyətlərini yaşatmaq üçündürmü məmurların bu çabaları? Yazıqlar olsun!
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti, həp edəcək oyuncaq.
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız: mədəniyyət, mədəniyyət, mədəniyyət..
.
(H.Cavid).
Nədənsə 1988-ci il Sumqayıt hadisələri yadıma düşdü. O zaman mən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında yenicə rejissor kimi faliyyətə başlamışdım. 1988-ci il mart ayında SSRİ Prokurorluğu tərəfindən istintaq aparılırdı. Səhv etmirəmsə, ilk olaraq teatrın akytor və rejissor heyətindən izahat alındı. Adı, soyadı yadımda olmayan rus müstəntiqin mənə dediyi söz indi də qulağımda cingildəyir:»Biz elə bilirdik ki, sizdə teatr var. Repertuarınızı öyrəndik, izahatları aldıq. Gedin işinizlə məşğul olun…».
Bəli, gedin işinizlə məşğul olun!.. Siz adı var, özü olmayanlarsız… Moskva müstəntiqini teatr, repertuar maraqlandırırdı. Niyə? Yəqin ki, Moskva havası ilə düşünürdü, teatr narahatlığın, inqilabi çılğınlığın, etirazın ilkin başlanğıcı, mənbəyi, qığılcımı olub, təsir gücünə malikdir.
Bax belə!..
Teatr repertuarında olan tamaşalar dəyərli ədəbi əsərlərin səhnədən təqdimatı deyil. Onun üçün kitabxanalar mövcuddur. Mən təqdimatla məşğul olan kitabxanaçı deyiləm!.. Baxmayaraq ki, o da şərəfli bir iş.
Teatr repertuarı professional rejissor bacarığı ilə bir yaradıcı istiqamətdə yoğrulub, həllini tapmış həmfikir aktyor heyəti tərəfindən müasir təsir vasitələrinin gücü ilə tamaşaçıda heyrət doğuran ədəbi əsərlər çələngidir.
R.S. «Repertuar hər bir teatrın döyünən ürəyidir».
V.S.Meyerxold.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188