Hörmətli oxucu!
«Ayna»nın qəribə taleyi var. 1990-cı ildən bəri, hələ qəzetlərə ad axtaranda, əvvəlcə rus versiyasının «Zerkalo» olacağını qərarlaşdırdıq. «Zerkalo»nun azərbaycancasının necə olacağı isə düyünə düşdü. İlk baxışda sadə bir işdi, tərcümə et, vəssalam. Amma «güzgü» nəsə adamın nə dilinə, nə də qulağına yatırdı. Bir sözlə, xeyli götür-qoydan sonra, nəhayət, «Ayna» həm baş verənlərə güzgü tutdu, həm də, zənnimizcə, oxuculara xəbər dünyasına pəncərə açdı.
1991-ci ilin dekabrında latın əlifbasına keçid barədə qanun qüvvəyə mindi və biz 1992-nin fevral ayında «Ayna»nın bir nömrəsini tamamilə latın qrafikası ilə buraxdıq… İlk cəhd alınmadı — yeni əlifbanı nə bilən vardı, nə də bu əlifbayla oxumaq istəyən. Bir sözlə, bu məsələyə yalnız 2001-də qayıtmaq mümkün oldu. Bu, doğrudan da qayıdış idi, çünki 1998-ci ildə cənub-şərqi Asiya bölgəsindən başlayan iqtisadi böhran bizi də vurmuşdu — «Ayna»nın çapını dayandırası olmuşduq. Təxminən üçillik fasilədən sonra yenidən bazara girmək lazımdı. Bunun üçün nəsə bir yenilik etmək, diqqət çəkmək gərəkdi. Qərara aldıq ki, «Ayna»nı həftədə bir dəfə olmaqla latın qrafikalı əlifbayla buraxaq. Elə də etdik (hətta sonra bir neçə il ərzində gündəlik də çıxdıq). Yalnız yarım ildən sonra prezident Heydər Əliyevin sərəncamıyla bütün qəzetlər latın qrafikasına keçdi.
İndi də azərbaycandilli imformasiya məkanı və qəzet bazarının durumu ayaqda qalmaq üçün nəsə bir yenilik tələb edir. Həmkar dostlarım, xüsusilə də Arif Əliyevlə bir xeyli müzakirə və düşüncələrdən sonra belə bir qərara gəldim ki, «Ayna»nı sırf «müəllif» qəzetinə çevirək. Qərb standartlarına görə, jurnalist məqalə hazırlayarkən hər hansı bir tərəfi tutmamalı, öz fikir və mövqeyini büruzə verməməlidir. Belə haqqı, yəni fikir yürütmək, köşə yazarı olmaq haqqını orada illər boyu çalışdıqdan sonra qazanmaq olur. Özü də həmin haqq yalnız cəmiyyətdə sözünün kəsəri və sanbalı olan kəslərə verilir. Bizdə isə, yazını Qərb standartlarına uyğun hazırlayanda, bir çox hallarda oxucu jurnalist və redaksiyadan mövqe sərgiləməyi də tələb edir. Bunu təbii qarşılamaq lazımdır, hərçənd, məhz buna görə, bizim media məkanında ən azından ikitirəlik yaranıb.
Hər halda «Ayna»nı müəllif qəzetinə çevirmək fikri məhz bütün bunları nəzərə aldıqdan sonra meydana çıxdı. Fikir fikirliyində qalsın, amma onu gerçəkləşdirməkçün bir xeyli danışıqlar aparmaq lazım gəldi. Bu yerdə qeyd etməliyəm ki, dəyərli dostlarım Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu və digərlərinin dəstəyi olmasaydı, çətin ki, bu işin altına girməyə bu tezliklə ürək edərdim. Sağ olsunlar!
Bizim müəlliflər həm tanınmış jurnalist həmkarlarımız, həm media mütəxəssislərimiz, həm də cəmiyyətdə sözünün və özünün sanbalı olan insanlardır. Qapımız bütün dəyərli, vicdanlı və sözün tam anlamında ziyalı adamların üzünə açıqdır. Düşünürük ki, müzakirə ediləsi məsələlər, çözüləsi xeyli vacib problemlər var.
Dəyərli oxucular, sizinlə hər həftə yeni «Ayna» ilə görüşmək ümidiylə,
Elçin ŞIXLI
Aynanın yeni köşə rubrikasından.