12 illik təhsil gerçəkləşir
12 illik ümumtəhsil sisteminə keçid təmin ediləcək, bununla əlaqədar təhsil proqramları və dərsliklər yeni tələblər baxımından yeniləşəcək. Bu, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında yer alıb.
Konsepsiyada qeyd edilib ki, təhsil sisteminin informasiyalaşdırılması məqsədilə 2013-2020-ci illərdə təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul ediləcək. Bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdə məktəblər) internet əlaqəsi ilə təmin olunacaq, hər təhsil müəssisəsi lazımi texniki avadanlıqla təchiz ediləcək və onların vahid təhsil şəbəkəsinə qoşulması reallaşacaq. Hər sinif otağı noutbuk, proyektor və elektron lövhə ilə, bütün şagirdlər 1 şagird — 1 kompüter layihəsi çərçivəsində netbuk və ya planşetlərlə təmin ediləcəklər. Elektron təhsil texnologiyalarının tətbiqi daha da genişlənəcək, müəllim və şagirdlər üçün virtual öyrənmə mühiti formalaşdırılacaq. Bu məqsədlə bütün fənlər üzrə elektron tədris və metodik resursların yaradılması davam etdiriləcək, elektron resursların etibarlı saxlanılması və onlara asan çıxışın təmin olunması üçün «bulud» texnologiyaları tətbiq olunacaq. Ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resursları yaradılacaq, bu resurslar, müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil prosesinə inteqrasiya ediləcək və açıq istifadəyə veriləcək. «Elektron məktəb»lərin sayı 1000-ə çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişlənəcəkdir. Özünütəhsilə və ömürboyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyəti modernləşəcək, elektron kitabxanaların sayı artırılacaq, distant təhsilin inkişafı dəstəklənəcək və ali təhsil müəssisələrində distant təhsil geniş tətbiq olunacaq.
Təhsil TV onlayn telekanalı yaradılacaq, müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem qurulacaq. Müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, yaxşı müəllimlərin iş təcrübəsinin yayılmasında müasir tələblərə uyğun mexanizmlər yaradılacaq. Bununla yanaşı, nəticələrə əsaslanan diferensial əmək haqqı və mükafatlandırma sistemi hazırlanacaq.
Pedaqoji kadrların işə qəbulunda tətbiq edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun şəkildə təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün maddi stimullaşdırma tədbirləri gücləndiriləcək. 2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil almasına dair yeni Dövlət Proqramı qəbul ediləcək.
Təhsil nazirinin müavini Qulu Novruzovun sözlərinə görə, şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud «yaddaş məktəbi»ndən «təfəkkür və düşüncə məktəbi»nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçiriləcək. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılacaq. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcək. Məktəblərin tikintisi və əsaslı təmiri sahəsində işlər davam etdiriləcək, ümumtəhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram həyata keçiriləcək.
Qulu Novruzov I sinif tədris proqramının çətinliyi barədə deyilənlərə də münasibət bildirərək deyir ki, bu çətinlikdən qorxmaq lazım deyil:
«Artıq 5-ci ildir ki, orta təhsildə yeni kurikulum, yeni standartlar əsasında tədris aparılır. Bir neçə il əvvəl 5 yaşlıların təhsilə cəlb olunması barədə danışanda da o zaman deyirdilər ki, bu fiziki və əqli baxımdan mümkün deyil. Lakin bu gün bütün inkişaf etmiş ölkələr 5 yaşından da öncə uşaqların məktəbəqədər təhsilə hazırlanması ilə prosesini həyata keçirir. Bu gün dünyada kifayət qədər güclü rəqabət mühiti mövcuddur. Əgər biz milli standartlarımızı yüngülləşdirsək, onları asan olsun deyə müəyyən məzmun baxımından asanlaşdırsaq, son nəticədə heç də Azərbaycanda orta təhsilin məzunlarının kifayət qədər bilikli, rəqabət qabiliyyətli olmasına nail ola bilməyəcəyik».
Nazir müavini qeyd edib ki, proqramın çətinliyindən qorxmaq lazım deyil, irəli baxmaq, irəli getmək və milli standartlarda qoyulan tələbləri qavramaq lazımdır.
Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov da mətbuata bildirib ki, bu hal təhsilə müsbət təsir göstərəcək:
«Aparıcı ölkələrində təhsil 12 illikdir. Belə bir fikir formalaşıb ki, guya orta məktəblərdə yüklənmə çoxdur. Bu həqiqətə uyğun deyil. Apardığımız təhqiqatlar müəyyənləşdirib ki, ibtidai məktəbdə həftədə tədris yükü 20-25 saat arasında, yuxarı siniflərdə isə 25-29 saat arasında dəyişir. Təhsilin 2020-ci ilə qədər 12 illiyə keçirilməsi çox mütərəqqi bir işdir. Bu, həm siniflərdə tədris yükünü azaldacaq, həm də təhsil 12 illik olanda şagirdlər orta məktəbi 18 yaşlarında bitirəcəklər. Bu yaşda da insan bir şəxsiyyət kimi daha yaxşı formalaşa bilir».
Mehrabovun sözlərinə görə, tam orta təhsil pilləsində (10-11-ci siniflər) profillər üzrə tədrisin təşkilinə başlanılıb. «10-11-ci siniflərdə təhsil alan elə şagirdlər var ki, dərsə gəlmir, repetitor yanına gedirlər. Profillər üzrə tədrisin aparılması, 12 illik tədrisə keçid repetitorluğun qarşısını müəyyən qədər alacaq.