Muəllif:

BİRLİK?

Ankara

Azərbaycanın klassik müxalifəti uzun illərin siyasi təcrübəsiylə çox ağır və çox biabırçı bir vəziyyətdən çıxmağı bacardı. Biz jurnalistlər hər nə qədər tənqid etsək də və özünü yeni nəsil müxalifət kimi təqdim edən qüvvələr hər nə qədər istehzayla yanaşsa da, Azərbaycan müxalifəti ən ağır situasiyalardan çıxa bilmək qabiliyyətini bir daha nümayiş etdirmiş oldu.
Birlik adı altında topluca siyasi oyundan, yəni seçkidən kənarda qalma (qoyulma) kampaniyasının istiqaməti böyük çətinliklər və çəkişmələr hesabına da olsa, dəyişdirildi. İyul ayından etibarən aparılan qeyri-ciddi siyasətə, nəhayət, son verildi və bütövlükdə müxalifət düşərgəsinin siması qorundu. Bir pasporta ilişib qalan prosesin önü təcrübəli siyasətçilərin və gənclərin səyləriylə açıldı. Klassik müxalifət az qala zorla və gec də olsa Cəmil Həsənli kimi iqtidarın və digər əleyhdarlarının belə əleyhinə arqument tapa bilmədiyi; ciddi, səviyyəli, siyasi təcrübəsi olan; pasport problemi olmayan bir namizədlə seçkiyə getmə qərarı qəbul edərək tərəfdarlarının dərin məyusluğunu aradan qaldırdı. Mətbuatda, sosial mediada müxalifətə yönələn və müxalifətçilərin bir-birilərinə yönəltdiyi tənqidlər, ittihamlar azaldı.
Bu prosesin başqa bir faydası da Milli Şura daxilində hədəfi sapdırılan ittihamların həqiqi ünvanının ortaya çıxması oldu. Məlum oldu ki, müxalifətin seçkidən kənarda qalmaq riski çox böyükdür və Milli Şura içərisində bəzi qüvvələr şüurlu şəkildə bu riskə doğru gedir. Məlum oldu ki, İsa Qəmbərin namizədliyini geri götürməməsinin səbəbi mütləq və mütləq özünün seçkidə iştirak etmək istəməsi deyil, müxalifətin seçkidən kənarda qoyulması təhlükəsinə qarşı sığortadır (Təhlükə aradan qalxdığı anda Müsavat başqanı namizədlikdən imtina etdi). Məlum oldu ki, hüquqi vəziyyəti uyğun olmayan namizədlə seçkiyə gedən və qeyri-ciddi addımlarla komik vəziyyətə düşən Milli Şuranı tənqid edənlər haqlı, onları pozucu deyə damğalayanlar isə qeyri-səmimiymiş. Məlum oldu ki, bütün ittihamlara baxmayaraq, doğru anda doğru qərar verməklə zorakı fəaliyyətsizlik cəhdlərini zərərsizləşdirmək mümkündür.
Və nəhayət, məlum oldu ki, bir-biriylə «kimyası» uyuşmayan siyasi qüvvələrin, insanların birlik şantajıyla bir araya gəlməsi heç də uğur formulu deyil. Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsindən sonra — boykot və ya zorakı boykot (İbrahimbəyovun namizədliyində israr etmə) tərəfdarlarının Milli Şurada təmsil olunan digər qüvvələrə yarı açıq, yarı gizli ittihamları da bunun sübutudur. Milli Şurada təmsil olunan Rəsul Quliyev açıq şəkildə ümumi siyasi xəttə qarşı çıxır, öhdəliklərinin və siyasi etikanın çərçivəsini aşan açıqlamalar verir, Cəmil Həsənlinin əleyhinə təbliğat aparır. «El» Hərəkatının təmsilçiləri vətəndaşları öhdəliklə bağlı olduqları Milli Şuranın deyil, başqa bir təşkilatın namizədinə səs verməyə çağırır. Eldar Namazov və «El» Hərəkatının digər təmsilçiləri «İstintaqa çağrıldıq, amma siz bizi yaxşı müdafiə etmədiniz» deyib Milli Şuradan küsür və toplantılarda iştirak etmir. Liberal Partiyası «Milli Şurada destruktiv qüvvələr var» bəhanəsiylə toplantılardan və seçki prosesindən uzaqda durur. Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası Cəmil Həsənli üçün imza toplamaqdan imtina edir. Müxalifətin xilasedici birliyi kimi təbliğ olunan bir qurum üçün bundan daha acınacaqlı mənzərə təsəvvür eləmək çətin olardı. İllər keçdikcə siyasi bilik və bacarıqlarının yox, yalnız və yalnız iddialarının artdığını gördüyümüz partiya rəhbərləri Milli Şura çərçivəsində sərgilədikləri davranışlarıyla ümumi hədəflərdən nə qədər uzaq olduqlarını göstərməkdədirlər. Hələ dünənə qədər birlik uğruna üz cıran bu adamların bu gün belə gülünc bəhanələrlə və belə rahatlıqla birliyə pəl vurmalarını izləmək siyasi anomaliyaları canlı-canlı müşahidə eləmək acısından, əslində, çox əyləncəli də ola bilərdi. Zərbə bizə və ölkəyə dəyməsəydi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 252