100-cü görüş
Futbol üzrə Azərbaycanın əsas yığma komandası yanvarın 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışındadır. Komandamız hazırlıq prosesi çərçivəsində dünən ilk yoxlama matçına çıxıb. Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın ilk rəqibi Özbəkistan seçməsi olub.
Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki «The Sevens» stadionunda keçirilib. Yerli FİFA referisi Əmmar Əl Cunabinin idarə etdiyi qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da start götürüb. Azərbaycan millisi meydançaya bu heyətlə çıxıb: 1. Səlahət Ağayev, 13. Vurğun Hüseynov, 6. Rəşad Sadiqov, 18. Maksim Medvedev, 2. Bədavi Hüseynov, 11. Rauf Əliyev, 42. Cavid İmamverdiyev, 36. Rasim Ramaldanov, 10. Elvin Məmmədov, 25. Cavid Hüseynov, 7. Vaqif Cavadov.
Özbəkistan millisi: 12. İqnati Nesterov, 14. Stanislav Andreyev, 23. Akmal Şarahmedov, 20. İslom Tohtahujayev, 4. Artyom Filiposyan, 6. Jasur Hasanov, 8. Alibobo Rahmatullayev, 18. Timur Kapadze, 7. Əziz Haydarov, 10. Ulugbek Bakayev, 15. Aleksandr Heynrix.
Oyun tərəflərin kəşfiyyat xarakterli hücumları ilə başlayıb. Tezliklə nəzarəti ələ keçirən futbolçularımız özbək rəqiblərinə həyəcanlı anlar yaşadıblar. Belə ki, matçın 4-cü dəqiqəsində Rauf Əliyev iki müdafiəçidən sıyrılaraq rəqib qapısına zərbə endirsə də, top qapının üstündən keçib. Bir dəqiqə sonra isə Vurğun Hüseynovun təqribən 23 metrlik məsafədən quvvətli zərbəsi qapının azacıq yanından kecib. Oyunun 6-cı dəqiqəsində Vaqif Cavadovun aşırma zərbəsini qapıçı son anda küncə çıxarıb.
Oyunun birinci hissəsinin ortalarında Özbəkistan komandası bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. 20-ci dəqiqədə Akmal Şarahmedovun sağ cinahdan hava ötürməsindən sonra Aleksanr Heynrixin baş zərbəsi qeyri-dəqiq alınıb.
28-ci dəqiqədə Heynrixin yerinə yetirdiyi cərimə zərbəsini Səlahət tutub. Cəmi 3 dəqiqə sonra rəqib hesabı açmağa yaxın olub. Belə ki, Jasur Həsənovun sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra Səlahət əla reaksiya ilə topu küncə çıxarıb. Birinci hissədə qapılara qol vurulmayıb.
Baş məşqçimiz Berti Foqts ikinci hissəyə 4 əvəzetmə ilə başlayıb. Belə ki, Səlahət Ağayev, Vaqif Cavadov, Maksim Medvedev və Vurğun Hüseynovun yerinə debütantlar — Anar Nəzirov, Qara Qarayev, Eşqin Quliyev və Rüfət Dadaşov daxil olub. Azərbaycan futbolçuları ikinci hissədə də fəal olublar. 50-ci dəqiqə Rauf müdafiəçilərdən geri dönən topa zərbə vursa da, o, rəqib futbolçuya dəyərək, küncə çıxıb. Oyunun 70-ci dəqiqəsində Vüqar Nadirovun qüvvətli zərbəsi qapıdan yan keçib. Az sonra isə Eşqinin künc ötürməsindən sonra Raufun baş zərbəsini qapıçı tutub. Hər iki tərəfin səylərinə baxmayaraq, oyunda qapılara qol vurulmayıb.
Qeyd edək ki, bu, Azərbaycan və Özbəkistan yığmaları arasında son 4 ildə ikinci qarşılaşma idi. Belə ki, 2009-cu ilin 1 fevralında, yenə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarşılaşan komandaların dueli 1:1 hesabı ilə başa çatmışdı. Ümumilikdə isə millimiz tarixi ərzində özbəklərlə 8 dəfə qarşılaşıb. Bu oyunlarda 4 qələbə qazanan komandamız 2 dəfə məğlub olub, 2 dəfə heç-heçə edib. Rəqib qapısına 11 qol vuran futbolçularımız 10 dəfə məyus olub. Sonuncu Azərbaycan — Özbəkistan oyununda millimizin heyətində Fabio Luis Ramim, rəqibdən isə İlyas Qurbanov fərqlənmişdi. Hər iki futbolçu artıq millinin heyətində yer almır. Millimizin heyətində özbəklərə qarşı son oyunun iştirakçılarından Cavid Hüseynov, Elvin Məmmədov, Vaqif Cavadov və Vüqar Nadirov yenə heyətdə yer alıb.
Özbəkistanla qarşılaşma həm də yığmamızın tarixində 100-cü yoldaşlıq oyunu olub. Bu oyunlardan 26-da qalib gələn futbolçularımız 33 heç-heçə edib və 40 dəfə uduzub. Berti Foqts isə komandamızı 53-cü dəfə meydana çıxarıb. 2008-ci ilin martından komandaya başçılıq edən alman mütəxəssis indiyə qədər 11 qələbəyə sevinib, 14 heç-heçə görüb və 27 dəfə məğlubiyyətə üzülüb. Özbəkistanla qarşılaşma yeni ildə ilk oyunumuz kimi tarixə düşdü. Bu üzdən də millimiz bu rəqibi üzərində qələbə qazanmaqla ilə uğurlu start verməyə çalışdı.
Komandamız fevralın 6-da Lixtenşteyn yığması ilə də yoldaşlıq oyunu keçirəcək. Özü də özbəklərlə qeyri-rəsmi yoxlama matçından fərqli olaraq, həmin oyun FİFA-nın yoldaşlıq oyunları üçün ayırdığı «pəncərə»yə düşəcək və qeydə alınacaq nəticə reytinq mövqeyimizə təsir edəcək. Odur ki, həmin görüş ərəfəsində uğurlu start sonrakı qələbələr üçün açar rolunu oynaya bilər.