10 namizəd qeydiyyata alınıb: şikayətçilər olacaq
Bu gün MSK Demokrat Partiyasının lideri Sərdar Məmmədovun (Cəlaloğlu) 9 oktyabr prezident seçkilərində namizəd olaraq qeydiyyata alıb. Beləliklə, müraciətlərə baxılması prosesi başa çatıb və prezident vəzifəsi uğrunda 10 namizəd mübarizə aparacaq. Bundan əvvəl İlham Əliyev, Ümid Partiyasının lideri İqbal Ağazadə, namizədliyini özü irəli sürmüş parlamentin deputatı Zahid Oruc, Sosial Demokrat partiyasının sədri Araz Əlizadə, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev, Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) nümayəndəsi Cəmil Həsənli və Ədalət Partiyasının lideri İlyas İsmayılov qeydiyyata alınıb.
Daha 4 namizədin – REAL hərəkatının lideri İlqar Məmmədovun, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin və Azadlıq Partiyasının rəhbəri Əhməd Orucun qeydiyyatından imtina olunub.
Daha 7 iddiaçı namizədliyini geri alaraq və ya 40 min seçici imzası toplaya bilməyərək, seçkiqabağı marafondan çəkilib.
Respublikaçı Alternativ (ReAl) vətəndaş hərəkatı MSK-nın bu təşkilatın lideri İlqar Məmmədovun prezidentliyə namizədliyinin qeydiyyata alınmasından imtina haqqında 13 sentyabr tarixli qərarından şikayət vermək niyyətindədir.
MSK bu qərarı Məmmədovun xeyrinə toplanmış 41 247 seçici imzasının guya 4982-nin həqiqi olmaması ilə əsaslandırıb. Həqiqi imzaların sayı 40 mindən az qaldığı üçün həbsdə olan Məmmədovun qeydiyyatından imtina olunub.
ReAl-da MSK-nın qərarını siyasi əsaslı və qərəzli, beş minə yaxın imzanın saxta olması haqqında iddianı isə yalan hesab edirlər.
“Bu qərar gözlənilən idi. Hakimiyyət yeni nəsil siyasətçiləri seçkilərə buraxmaq istəmir, çünki yaxşı başa düşür ki, İlqar Məmmədov və ReAl hərəkatı yeni etiraz hərəkatı dalğası yaradacaq”, deyə ReAl-ın icraçı katibi Natiq Cəfərli bildirib.
ReAl bütün qanuni yollarla Məmmədovun hüquqlarının bərpasına və seçkilərdə iştirakına nail olmağa çalışacaq.
“İstənilən halda, biz kənarda qalmayacağıq. Azərbaycan məhkəmələri İlqar Məmmədovun hüququnu bərpa etməsə, ReAl seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcək”, deyə Cəfərli bildirib.
Xatırladaq ki, Məmmədov bu ilin yanvarında İsmayıllı rayonunda iğtişaşlar təşkil etmək ittihamı ilə həbsdədir.
MSK-nın qeydiyyatından imtina etdiyi Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev də bu qərarla razı deyil, onu siyasi əsaslı hesab edir. Əli Əliyev MSK-nın qərarından şikayət vermək niyyətindədir.
Sentyabrın 11-də prezidentliyə namizəd olaraq qeydiyyatında imtina olunan Liberal-Demokrat Partiyasının lideri Fuad Əliyev apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.
MSK-dan rədd cavabı aldıqdan sonra ReAl Cəmil Həsənlini dəstəkləyə bilər (Turan).