1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünümüz var
Bəlli olur ki, bir qayda olaraq deyildiyi kimi, 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünümüz var. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyir ki, 1 milyon rəqəmi 1992-93-cü illərin statistikasıdır, ötən 20 il ərzində ölkə əhalisinin təbii artımının 100:1 faizə nisbətinə əsasən qaçqın və köçkünlərin sayı da artıb: “İlə 10 min artmaqla bu rəqəm 1 milyon 200 minə çatıb. 9 milyondan çox əhalinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. Yəni, dünyada hər 135 nəfərdən biri qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır. Bizim problem çox ağırdır”.
Komitə sədri qaçqın və məcburi köçkünlərin sosial durumu ilə bağlı statistikanı da açıqlayıb: “Əgər 2003-cü ildə köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün bu rəqəm 15 faizdir. Azərbaycanda təkcə ötən il hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Bu, dünyanın bütün konfliktli zonalarında ən yüksək rəqəmdir. Dünyanın heç bir konflikt zonasında 1 nəfərə bu qədər vəsait xərclənmir. Ümumi xərclər buraya daxil deyil. Bütövlükdə ötən il qaçqın və məcburi köçkünlərin xərcləri 300 milyon manat təşkil edib. Bu il isə 600 milyon manat sərf olunması gözlənilir. Son 20 ildə bu təbəqədən olan insanlara 5,4 milyard dollar xərclənib”.

