1, 2, 3 qəpiklər dövriyyədən çıxarılsın, ya yox?
Xeyli zamandır 1,3 və 5 qəpiklər dövriyyədir. Amma onlardan demək olar ki, istifadə olunmur. Bu xırda pullara satış mərkəzləri və xidmət sahələrində hər hansı bir təlabat yoxdur. Hətta avtobus sürücüləri belə xırda qəpikləri almaqdan imtina edirlər. Bu səbəbdən bəzi ekspertlər təklif edirlər ki, 1,3 və 5 qəpiklərin buraxılışı dayandırılsın. Axı bu pulların istehsalına müəyyən xərc çəkilir. Ekspertlər bunun əvəzində iri nominallı — bir, iki manatlıq dəmir pullar buraxılmasını təklif edirlər.
İqtisadçı alim Hazim Məmmədovun qənaətincə, xırda qəpiklərin buraxılışının dayandırılmasını doğru olmaz: «Əslində bu qəpiklərin işlək olması üçün onları stimullaşdırmaq lazımdır. Bir çox ödənişlər xırda pulların olmasını vacib edir. Kiçik sikkələrin dövriyyədən çıxarılması inflyasiyanı stimullaşdıra bilər. Fikrimcə, bu kimi problemin aradan qaldırılması üçün bank sektorunda daha çox nağdsız ödəniş prosesinə geniş önəm vermək gərəkdir. Bu baş verərsə, xırda qəpiklərlə bağlı hər hansı bir problem yaşanmaz”.
İqtisadçı Vüqar Bayramov hesab edir ki, xırda qəpiklərin buraxılışının dayandırılması arzuolunan deyil: ”Bu gün supermarketlərdə xırda qəpiklərin istifadə olunduğunu nəzərə alsaq, o baxımdan həmin pulların buraxılışının dayandırılması təbii ki, arzuolunan deyil. Birmənalı olaraq həmin qəpiklərin buraxılışı davam etdirilməlidir. Çünki əks halda supermarketlərdə vətəndaşların ödəmə imkanları xeyli məhdudlaşacaq. Bu, eyni zamanda, qiymətlərin yuvarlaqlaşmasına və müəyyən məhsullar üzrə qiymətlərin bir qədər bahalaşmasına gətirib çıxaracaq”.
Bayramov deyit ki, kiçik qəpiklərin çıxarılmasının ən doğru yolu var. Bu da nağdsız hesablaşmalardan istifadə edilməsilə bağlıdır. Hağdsız hesablaşmalardan istifadə edilməsi birmənalı şəkildə xırda pullara olan tələbatın azalmasına gətirib çıxaracaq. Həticədə artıq proses tədricən onların sıradan çıxması ilə sonuclanacaq. “Ona görə də dövriyyədən çıxarılmasının tərəfdarı deyiləm. Amma bütün hallarda nağdsız hesablaşmanın dəstəklənməsi yolu ilə həmin pullara olan tələbatın azaldılmasına nail olmaq və bununla birdəfəlik həmin pullardan yaxa qurtarmaq mümkündür. Əslində inzibati metodlarla xırda pullara tələbatı azaltmaq mümkün deyil».
Eyni zamanda, iri nominallı dəmir pulların buraxılmasını həmsöhbətimiz mümkün saydı: «Dəmir pulların buraxılması təcrübəsi də var. Məsələn, Avropa Birliyində bir, iki avroluq dəmir pullar olub. Amma anqlo-sakson ölkələrində adətən dəmir pullar olmur. Azərbaycanda bir, iki manatlıq dəmir pulların buraxılması texniki baxımdan mümkündür. Əskinaslar tez sıradan çıxır, nəinki dəmir pullar. Amma bunun bir problemi var. Bir, iki manatlıq əskinaslar dəmir pullarla əvəzlənəcəksə, bu proses qiymətin nisbətən aşağı olan mallarda süni inflyasiyanın yaranmasına gətirib çıxaracaq. Belə vəziyyət pulun alıcılıq qabiliyyətinin azalma prosesini sürətləndirəcək. Deməli, texniki və hüquqi baxımdan dəmir bir, iki manatlıqların dövriyyəyə buraxılması mümkün olsa da, təəssüf ki, proses birmənalı şəkildə manatın alıcılıq qabiliyyətinin aşağı düşərək, kiçik inflyasiyanın yaranmasına səbəb olacaq».