«Yüzillik müharibə» və Qarabağ
Tarixdə bizə məlum olan, ən uzunsürən müharibə 1337-1453-cü illərdə, İngiltərə və Fransa arasında olub. Bunu, bizlər 100 illik müharibə kimi tanıyırıq. Bilirisiz ki, sözügedən müharibə müxtəlif fasilələrlə bu qədər davam edib. Bəzən düşünürəm ki, nə üçün həmən müharibə belə uzun çəkib? Axı o vaxtlar nə ATƏT, nə də ATƏT-in Minsk qrupu olub. Ancaq bəlkə də olsa idi, bu müharibə daha bir neçə əsr uzanardı.
Artıq neçə illərdir ki, Azərbaycan-Ermənistan danışıqları gedir. Əslində bu müharibə, tarixdə «100 illik müharibə» kimi tanınan müharibədən daha uzun vaxtdır ki, davam etməkdədir. Çox da uzağa getməyib, 1905-ci ildən günümüzə kimi olan tarixi hesablasaq, bu, 117 il edər. Nə fərqi var ki, fasilələrlə olsa da, eyni müharibədir. Beləliklə, tarixdə daha bir «rekord»a imza atdıq. Sadəcə bu «rekord»umuzu da dünyaya tanıdan lazımdır.
ATƏT Minsk Qrupu 24 mart 1992-ci ildən «fəaliyyət» göstərir. Yeri gəlmişkən, məni savadsızlıqda qınamayın, ancaq anlaya bilmirəm ki, Helsinkidə yaranan bir qrupa nə üçün «Minsk qrupu» adı verilib? Bəlkə indi də adını dəyişib «Helsinki qrupu» etsinlər ki, heç olmasa bir dəyişiklik etmiş olarlar və biz də deyərik ki, bunlar «işləyirlər». Mövzudan uzaqlaşmayaq. Minsk Qrupu həmsədrlərinə, artıq ən «yaxşı səyyah» belə demək mümkündür. İllərdir boş-boşuna gah Azərbaycana, eləcə də bizim ərazimiz olan Qarabağa və İrəvana gedib-gəlməkdən yorulmadılar bu adamlar. Çıxış və açıqlamalarında ancaq və ancaq tarixləri dəyişməklə məşğuldur, bu həmsədrlər. Çünki, dəyişən başqa bir şey yoxdur.
Düz 16 il öncədən, 1996-cı ilin dekabrından, ABŞ, Fransa və Rusiya sözü gedən qrupun həmsədrləridir. Bu ölkələrin hər birində Qarabağın nümayəndəliyi fəaliyyət göstərir. ABŞ-dakı nümayəndəliyə şəxsən zəng edib danışmışam. Onlar Qarabağa getməyə icazə verən vizaların verilməsi ilə məşğuldurlar. Biz nə edirik? Təbii ki, etiraz! Başqa nə edəcəyik ki? Fransanın ermənilərə hansı münasibətdə olduğunu açıqlamağa ehtiyacmı var? Yox təbii ki. Məncə bu ölkə adını, «Ermənistana qardaş ölkə olan Fransa» — kimi dəyişsə daha yaxşı olar. Rusiyadan isə söhbət açmağına dəyməz. Qarabağı onlar alıb vermədilərmi ermənilərə? Bu günə qədər də onların kölgəsində gizlənib, özlərini güclü saymırmı Ermənistan? Anlamıram ki, nə üçün bu qrupda istər din, istərsə də digər baxımdan ermənilərə yaxın olan dövlətlər olmalıdır? Birincisi, kimə lazımdır fəaliyyətsiz bir qrup və onun bizə heç də dost olmayan bəzi həmsədrləri? Biz hələ də onlardan nəticə gözləyəcək qədər sadəlöhvükmü? İkincisi, nə üçün həmən qrupda Türkiyə həmsədrlərin biri olmasın? Heç olmasa 2+1, başqa, sözlə desək, ikinin birə nisbəti olardı, əgər Türkiyə həmsədrlərin biri olsa idi. Topaqlarımızı qaytarmırlar, heç olmasa təsəlli üçün bunu etsinlər bizim üçün. Yoxsa ərköyün ermənilərin inciyəcəyindən ehtiyat edirlər. Erməni olasan və belə bir bəxtin ola. Yalnız erməni olduqları üçün paxıllıq etmirəm onlara. Yoxsa məmuniyyətlə həyatımın ilk paxıllığını edərdim.
Məncə bəsdir özümüzü aldatdıq. Hər il: «Növbəti ilimizi Qarabağda keçirək» sözlərini eşitməkdən usanmadıqmı? Deyənlər necə, deməkdən yorulmadılarmı? Biz nə vaxt iş görəcəyik? ATƏT də boş-boş danışır, özümüz də gördüyümüz işləri harasa hesabat vermək, «bunu etdik» — deyə, quş qoymaq xətrinə edirik. Bu qədər də biganəlik olar? Mən başa düşməkdə çətinlik çəkirəm bizləri. Bəsdir, ATƏT həmsədrlərinin boş danışıqlarını dinlədik, bəsdir eyni sifətləri gördük. Konkret vaxt qoyulmalıdır ki, bu vaxta qədər məsələ həllini tapmasa, biz artıq son vasitədən istifadə edəcəyik.
Bu dövlətlər sözügedən problemi həll etməyəcəklər. Bu aydındır. Ən adi bir təklifləri olmayanlardan, başqa bir şey gözləmək də düzgün deyil. Hər hansı bir konflikti həll etməyə çalışanlar həmən konfliktin tarixini bilməlidirlər. Konfliktin tarixini bilmək isə, ilk öncə Qarabağın Azərbaycan ərazisi olduğunu tanımaq deməkdir. Axı bunlar bu cür qəbul edirlərsə, onda danışıqları uzatmağın nə mənası? Yox, əgər bunu mübahisəli hesab edirlərsə, demək ki, bunların həll edəcəkləri konflikt deyil bu. Demək ki, istəməsək də son yola əl atmalı olacağıq. Mən qəti müharibə tərəfdarı olmasam da, torpaqlarımızın işğalda qalmasının, 20 il bundan öncədən əleyhinəyəm.
Hardandır bizdə bu qədər hövsələ? Məəttəl qalınasıdır. Deyirlər ki, Allah səbr edənləri sevir. Ona görə, inanıram ki, bir gün böyük yaradan bizə kömək olacaq.
[email protected]