Muəllif:

Yovşan ətrini itirmiş şəhər — Astana

Qazaxıstanın paytaxtı Astanaya getmək təklifini alanda bir dəqiqə belə tərəddüd etmədim. Qazaxların yeni paytaxtındakı «möcüzələr» barədə internetdə oxumuşdum. Modern Avropa şəhərlərini xatırladan fotolardan bəlli olurdu ki, Astana postovet Qazaxıstanın yeni simasıdır. Beləliklə, Astanaya — «Böyük İpək Yolu» Beynəlxalq Gənclər İttifaqı Üzvlər Şurasının toplantısına getdik.
Sübhün 22 dərəcə şaxtası
«Eyr Astana» şirkətinin təyyarəsi gecə saat 00.00-da havaya qalxdı. Yaz havalı Bakının üzərindən qalxdıqca gecənin qaranlığında paytaxtımızın parlayan gözəliyindən doymaq olmurdu. Bir azdan sonra, buludlar arasında, təyyarə uğultusunun sədaları altında bəlli oldu ki, strateji səhvə yol vermişəm. Əlimdə tutduğum qazax dilində olan «Astana akşamı» qəzetinin ora-burasına baxa-baxa mənə yaxınlaşan «hollivud gülüşlü» qazax stüardessadan «Astanada hava necədir?» soruşdum. «Çox soyuqdur. 22 dərəcə şaxta var» dedi. Sonra sanki sözlərinin təsir gücündən məmnun qalırmış kimi, mənim quruyub qalmış üzümə baxaraq «çay, yoxsa kofe» deyə soruşdu. Buludlardan aşağı endikcə Qazaxıstanın şaxtadan donmuş düzəngahı görünürdü. Ucsuz -bucaqsız, bəyaz qara bürünmüş düzəngahda ara-sıra aulların işığı sezilirdi. Qaranlıqda görünən bu şaxtalı və quru mənzərə mənim canıma əməlli-başlı üşütmə saldı. İsti cənub şəhərindən olan bəndəniz heç vaxt 7 dərəcədən artıq şaxta görməyib. Ötən il Bakıda olan anormal qarlı havalarda belə, şaxta 10 dərəcəni keçməmişdi. Bax belə…
Apokalipsis filmlərinin qəhrəmanları sayağı bədbin halda bildim ki, papaq və qalın paltar götürməmişəm. Xüsusən papaq. O, necə də lazımlı əşya imiş… Ərkyana cins şalvarda gəldiyim Astana öz şaxtası ilə əməlli-başlı mənə dərs verdi. Təyyarə endikcə Astana hava limanı görünürdü. Uçuş zolağı və hava limanı şaxtalı gecədə sanki donmuşdu. Zəif külək şaxta vurmuş qarı sovurur, xışma ilə ətrafa səpirdi. Mənə elə gəlirdi ki, əraziyə «qonmuş» böyük və balaca təyyarələr soyuğun təsirindən boyunlarını «qısıb» narazı-narazı deyinirlər.
«Hörmətli sərnişinlər, Astanada 22 dərəcə şaxta var» elanından sonra hamı qalın, tüklü papaqlarını başına qoyub enişə doğru getməyə başladı. Trapın qapısında sərt şaxtanın təsirindən donan qulağım və üzüm bir anlıq günəşli Bakı haqqında isti xatirələri xatırlatdı mənə. Sovetsayağı hava limanının gözləmə zalından başıaçıq, donmuş ayaqlarımı götürüb qaça-qaça bizi qarşılayan maşına oturdum. Biz Astanaya çatanda səhər saat 5.00 idi…
Yovşanlı səhrada «Sinqapur» möcüzəsi
Vaxt «vakuumuna» düşmüş heyətimiz üçün Astananın mərkəzində (bu şəhərdə mərkəz hardadı, bilinmir əslində — X.S,) gurultulu adı olan, 22 mərtəbəli, 4 ulduzlu «Kinq Otel»də yer ayrılmışdı. Yerbəyer olandan, yatıb yuxumuzu alandan sonra şəhəri gəzmək imkanı oldu.
Bu şəhər prezident Nursultan Nazarbayevin birbaşa rəhbərliyi altında salınıb. 1997-ci ildə «Elbaşı» (Nazarbayevi belə çağırırlar — X.S.) gənclərə xitabən «gəlin yeni paytaxt quraq» çağırışı edib. Astana qatı açılmamış süfrə» təsiri bağışlayır. Şəhərdə bütün tikililər yenidir. Avanqard üslubda tikilmiş bu nəhəng və bahalı binalar sürətlə inkişaf edən meqapolisin əyani təcəssümü sayıla bilər. Astanada istənilən tipdə binaya rast gələ bilərsən. Şəhəri planlaşdırarkən bir sıra əcnəbi memarın layihələrindən istifadə olunub. Burada Nyu-York evləri, Sinqapur «göydələnləri» bir-birinin ardınca düzülüb. Şəhərdə ən böyük alış-veriş mərkəzi «Xan Şatır» deyilən ticarət mərkəzidir. Nəhəng türk alaçıqlarına bənzəyən bu bazar özünün gurluğu ilə seçilir. Hamı bura gəlməyə çalışır. Bura Bakının «Park Bulvar»ını xatırlatsa da, ondan dəfələrlə böyükdür.
Siyasi rəhbərlik şəhərin qərb hissəsində cəmləşib. N.Nazarbayevin dəbdəbəli Prezident Sarayının sağ və solunda Hökumət evi və parlament yerləşir. Modern üslubda tikilmiş inzibati idarələr böyük dairəvi bina üzrə sıralanıb. Bu binalar həm də hasar rolunu oynayır. Tağlı keçidlərdən, ciddi yoxlamalardan sonra içəri girmək mümkündür. Şəhərdə yeni binaların tikintisi davam edir. Hər binanın öz adı var. Nazarbayev Astanada dini tolerantlığı özünəməxsus şəkildə həll edib. Mason işarəsinə oxşar piramida şəklində tikilmiş binada islam, xristian və yəhudi dini birliklərinin iclasları, tədbirləri keçirilir. Qazaxıstanın Müdafiə Nazirliyinin binasının böyüklüyü məni heyrətə gətirdi. Dinc Qazaxıstanda Pentaqona oxşayan nəhəng binanın nəyə görə tikildiyi məni xeyli təəccübləndirdi. Qəribədir ki, onunla üzbəüz olan Xarici İşlər Nazirliyinin binası kiçik və xudmani idi. Mənim «heç vaxt müharibə görməyən Qazaxıstanda bu boyda hərbi nazirlik nəyə lazım? Gərək XİN-in binasını böyük edəydiniz» sözlərimi qazaxlar gülüşlə qarşıladılar.
Şəhərin yolları çox genişdir. Bütün şəhər mahir memar layihəsi əsasında tikildiyi üçün bəzən özünü Hollivud filmlərinin nəhəng dekorasiyalarının fonunda hiss edirsən. Hər bina digərindən fərqlənir. Xalq arasında «Alışqan» adlandırılan hündür bina doğrudan da deyildiyi kimi görünürdü. «Qarışqa yuvası — «muraveynik» adlandırılan bir əzəmətli tikili isə lap Moskva Dövlət Unversitetinin binasına oxşayır. Astana şər qarışan kimi par-par parlayır. Bütün binalar işıq effektləri ilə bəzədilib. On kilometrlərlə yolda isə səni parlaq işıqlar müşayiət edir. Sanki bu şəhərdə heç vaxt gecə olmur.
Astananın simvolu «Bay Terek» hesab olunur. Nazarbayevin özünün dizaynı ilə tikilmiş bu hündür simvol paytaxt üçün xüsusi əhəmiyyət daşıyır. İşıqlı Astana yovşan ətri verən boz səhranı çoxdan unudub, artıq modern bir şəhərdir. Bizi müşayiət edən qazax sürücü dedi ki, əvvəlcə Akmola adlanan Astananın yaxınlığınadakı aulda doğulub.
«Buralar tamamilə düzəngah idi. Şəhər gözümün önündə salındı», — deyə sürücü əlavə etdi. Yeri gəlmişkən, biz parlamentdə olanda vitse-spiker dedi ki, qanunverici orqanın yeri əvvəl bataqlıq olub.
Darıxdırıcı qazax qəzetləri
Qazaxıstanda mətbuat dövlətin ciddi nəzarəti altındadır. Rəngli və yüksək keyfiyyətlə çap olunan qəzetlərdə Elbaşının — Nazarbayevin sərəncamları, tövsiyələri və prinsiplərinin təbliğinə geniş yer verilir. Bundan əlavə, kənd təsərrüfatında məhsul bolluğu, sənayedə işin sürəti haqqında darıxdırıcı məqalələr üstünlük təşkil edir. TV-lər iki dillidir, yayımlar rusca və qazaxca gedir. Burada hətta məxsusi olaraq ORT Qazaxıstan üçün xüsusi kanal yayımlayır. Verilişlərdə rus stilistikası gözə girir. Zarafatlardan tutmuş, xəbər spikerlərinin davranışına qədər…
Rus dilində danışan türk yurdu Qazaxlar rus dilində danışmağa meyillidirlər. Burada əsas ünsiyyət vasitəsi rus dilidir. Qatıldığım toplantının komitə iclasları Qumilyov adına Avrasiya Universitetində idi. Azərbaycan heyəti üzvlərinin bir-birilə danışmasını izləyən Aygül adlı qazax qızı (o, bu ali məktəbdə işləyirdi — X.S.) təəccüblə mənə «siz öz aranızıda Azərbaycan dilində danışırsınız?» deyə soruşdu. Mən də eyni təəccüblə «bəs hansı dildə danışmalıyıq?» deyə soruşdum. Bəlli oldu ki, Aygül (o israr edirdi ki, adı Ayquldur — X.S.) bizim rus dilində danışacağımızı güman edirmiş.
«Mən rus dilində danışıram. Evdə yalnız qoca nənə-babamla qazax dilində danışıram» deyən Aygülün timsalında qazax gəncliyinin müasir portretinin ilk cizgilərini anladım. Daha sonra tələbələrlə söhbət zamanı aydın oldu ki, qazaxlar rus dilində danışmağa üstünlük verirlər. Görünür rus müstəmləkə sisteminin acı fəsadı qazaxların taleyində daha ağır izlər buraxıbmış…
Menyüdə at ətidir…
Astanada əsasən milli yemək kimi «beşparmak» adlanan xörəyi fəxrlə göstərirlər. At ətindən və xəmirdən bişirilən bu yemək həddən artıq ağır və dadlıdır. Amma bu yeməyi hamı yeyə bilmədi. İraqdan olan Mühəmməd adlı gənc «abi, bunu yeyəməm» deyib zarıyırdı. Qazax mətbəxində naqqa balığından da geniş istifadə olunur. Yeməklərində daha çox qırmızı şirin bibər və yerkökü işlədən qazaxların təamları şirin dadır.
Sabahı ümidlə gözləyirlər…
…Qazaxıstan təəssüratlarım böyükdür. Sonda müşahidə etdiyim bir məqamı da diqqətə çatdırmaq istərdim. Qazax gənclərini müşahidə etdikcə, dəhşətli bir həqiqət içimə dolurdu: mən bütün varlığımla hiss edirdim ki, qazax gənclərinin içində bir arxayınlıq, sabaha inam var, eyni zamanda psixoloji kompleks yoxdur. Mən müharibənin bizdə yaratdığı psixoloji kompleksi nəzərdə tuturam. Azərbaycan gənclərindən fərqli olaraq, qazaxların nə işğal olunmuş torpaqları, nə 20 min şəhidi, nə də daim müharibə qorxusu yaradan sabahı var. Onlar bu günlə yaşayır, sabahı ümidlə gözləyirlər…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 561