«Yeraz Nəriman» yenidən məhkum edilib
Məhkəmə hökmü ilə azadlığa buraxılan «Yeraz Nəriman» kimi tanınan kriminal avtoritet yenidən məhkum edilib. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən qaçarkən sərhəddə tutulan Nəriman İbrahimovun işinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Nizami Rayon Məhkəməsinin İbrahimov barəsində cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında hökmünü ləğv edib. Bununla da, İbrahimovun qalan cəzasını çəkmək üçün yenidən həbsxanaya qaytarılıb.
Bundan başqa, hazırda İbrahimovla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində daha bir cinayət işinin istintaqı aparılır. Belə ki, oktyabrda Bakının Qaraçuxur qəsəbəsindəki «Yağmur» şadlıq evində kriminal aləmlə əlaqəsi olan bir qrup şəxsin toplantı keçirməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Bu məlumat əsasında sözügedən şadlıq evində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan xeyli şəxs saxlanılıb.
Bəlli olub ki, bu şəxslər İbrahimovun azadlığa buraxılmasını qeyd etmək üçün toplanıblar. Bu toplantıda kriminal aləmlə bağlı geniş müzakirələr aparılacaqmış. Nəticə etibarilə polis onların planını pozub. Əməliyyat zamanı 30-dan çox adam həbs edilib. İbrahimov və daha bir neçəsi polisə müqavimət göstərərək hadisə yerindən qaçıblar. Bir neçə gün sonra İbrahimov sərhəddə saxlanılıb…
Hadisədən dərhal sonra ƏN Penitensiar Xidməti İbrahimovun azadlığa necə çıxdığını araşdırıb. Bəlli olub ki, İbrahimovun vaxtından əvvəl azadlığa çıxmasında onun cəza çəkdiyi müəssisənin rəisinin xüsusi rolu olub. Nizami Rayon Məhkəməsi bu qərarı verərkən məhkumun cəza çəkdiyi 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin «müsbət rəy»inə əsaslanıb. Araşdırmaların nəticəsi olaraq həmin müəssisəsinin rəisi tutduğu vəzifədən azad edilib.
…1 saylı Cəzaçəkmə Müəssisəsi hələ keçmişdən «Qara zon» hesab olunub. Bu müəssisə «oğru qanunları» ilə idarə olunan azsaylı həbsxanalardan sayılıb. Kriminal aləmin bir çox avtoritetləri — «Masallı Mamed», «Yasamallı Yunis», «Avto» ləqəbli gürcü avtoritet, «Nuruş» və digərləri burada cəza çəkiblər.