«Yaşın nə fərqi var ki?»
İlhamə Quliyeva Yeni il və ondan sonraya sıx qrafik vəd edir. Yenə hansısa xarici ölkəyə səfəri varmış, getməzdən öncə əməkdaşımızla söhbətə vaxt ayırır. Onun görəcəyi işlərdə isə «keçmiş zaman» daha çox yer tutur.
Əvvəlcə xatırladır ki, dekabrın 21-də anası Tükəzban İsmayılovanın doğum günüdür. Həmin gün dostlarının əhatəsində onun ruhunu şad etmək üçün məclis təşkil edəcək. Öz musiqiçi valideynlərinin sənəti barədə çox yüksək fikirdədir, bunları böyük yaradıcılıq hesab edir və istəyir ki, onların adı musiqi tariximizdə əbədiləşsin.
Gələn il görəcəyi əsas iş həm Tükəzban xanımın, həm də mərhum atası, tarzən Həbib Bayramovun ifalarında lent yazılarından ibarət disklər hazırlatmaqdır. Bir də istəyir ki, ömrünün son günlərinə qədər yaşadıqları binanın girişində barelyefləri vurulsun. İnanır ki, Mədəniyyət və Turizm Nazirliyi bu işdə ona lazımi kömək göstərəcəklər.
Öz sənət işlərinə gəldikdə, «böyük planlardan» söz edir. Mahnılarından ibarət albom hazırlatmaqdan ötrü «Gilan» şirkətinə müraciət etmişdir. Deyir, elə mahnıları var ki, yenidən aranjiman olunmaqdadır.
Yeni ili Bakıda deyil, yaxın dostlarının dəvəti ilə uzaqda keçirəcək. O gün ekranda yalnız Space telekanalında görünəcək. Yalnız bu kanalın çəkdiyi bayram şənliyi proqramında çıxış edib. Bir saatlıq bayram konserti imiş. İnanır ki, izləyənlər onun ifasından zövq alacaqlar.
İlhamə xanım 2013-cü ildə «silsilə konsertlərin» anonsunu verir, Avropada yaşayan soydaşlarımızın görüşünə getmək də var bu silsilədə. Deyir:
«Ona görə görüşlər deyirəm ki, bu səfərdə məni böyük tarzən, ailəmizin yaxın dostu Ramiz Quliyev və istedadı ilə atasından heç də geri qalmayan oğlu, dirijor Eyyub Quliyev və pəşəkar simfonik orkestrin musiqiçiləri müşayiət edəcəklər.
5 Avropa ölkəsində nəzərdə tutulan konsertlər Azərbaycan səfirliklərinin təşkilatçılığı ilə olacaq. Avropadan sonra eyni proqramla başda paytaxt Moskva olmaqla, Rusiyanın bir neçə şəhər və vilayətlərində çıxış edəcəyik. Əlbəttə, öz məmləkətimizin bölgələri ilə yanaşı, ölkənin əsas səhnəsi hesab edilən Heydər Əliyev Sarayında da konsertimiz olacaq. Onu da deyim ki, gələn il Tükəzban xanımın 90 illik yubileyidir. Dövlətimiz bu əlamətdar hadisəni yüksək səviyyədə qeyd edəcək, mən də övladlıq borcumu yerinə yetirib, konsert proqramımı, yəqin ki, o günə təyin edərəm».
2013-cü ildəki planları bitib-tükənməyən sənətkar əməkdar artist Abbas Bağırova dəstək olduğunu açıqlayıb, onunla duetlər oxuyacağını da söylədi: «Bu, çox fərqli işbirliyi olacaq. Mən hər dəfə demişəm, bir daha da təkrarlayıram ki, Abbasın ifası ruhumu oxşayır.
Səsindəki şirinlik və özünəməxsusluq tam başqa dünyadır. «Yaşın nə fərqi var ki?» hitimi öz istəyimlə onunla yenidən duet oxuyacağam, özü də fərqli aranjimanda. Ardınca isə yeni-yeni mahnıları duet olaraq yazdıracağıq. «Yaşın nə fərqi var ki?» mahnısına klip də çəkiləcək. Bir sözlə, 2013 bütünlüklə İlhamə Quliyeva ili olacaq».