Muəllif:

Yada düşdü

Nostalji ədəbiyyatına dünyada meyil çox yüksəkdir. Keçmişin, ötən çağların həsrəti, qızıl çağların keçmişdə qalmış olduğu düşüncəsi bütün zamanlarda və bütün xalqlarda güclü olmuşdur. Bizim günlərdə biz azərbaycanlılarda da keçmişin nostaljisi zəif deyil. Bu elə bir anlaşılmaz meyildir ki, adamlar təkcə keçmişin gözəl çağlarını deyil, müdhiş dönəmlərini də həsrətlə anırlar. Özəlliklə, ötən çağların böyük insanları haqda bədii xatirələr hər zaman həvəslə oxunur. Ruslarda Puşkin haqqında onlarca nostalji kitabı nəşr edilib, bizdə Səməd Vurğun haqqında neçə-neçə bu səpkidə kitablar çıxıb və indi bu kitabları satışda tapmazsan. Odur ki, «Yada düşdü» adlı ədəbi-bədii, nostalji dərgisi nəşr etmək qərarına gəldik. Bu sözləri dərginin baş redaktoru, tanınmış yazıçı, bu səpkidə bir neçə kitab müəllifi Nahid Hacızadə deyir.
Nahid Hacızadə və əməkdaşları indi dərginin 1 yaşını qeyd edərkən mülahizələrini bizimlə bölüşür. İki aydan bir çıxan bu dərginin artıq 6 sayı işıq üzü görüb və təkcə 350 abunəçiləri var. Baş redaktor bunu başlanğıc üçün normal sayır. Hacızadə vurğulayır ki, keçmişini unudanların gələcəyi yoxdur və ya «unutsaq, unudularıq».
Dərginin ötən saylarında Səməd Vurğun, Mirzə İbrahimov, Hüseyn Arif haqda maraqlı yazılar gedib. İsmayıl Şıxlının unudulmaz Qabil barədə lətifələri dərc edilib. Həmidə xanım Cavanşirin Mirzə Cəlil haqqında xatirələri Mehriban Vəzirin təqdimatında tam şəkildə dərginin bir neçə sayında çıxdı.
Nahid Hacızadə özü Bəxtiyar Vahabzadə, Məmməd Araz haqqında bədii xatirələrini dərc etdirib. Qarşıdakı saylarda isə İsmayıl Şıxlı, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, Xəlil Rza haqqında xatirə yazılarını dərc etdirməyi planlaşdırır. Deyir ki, bunlar quru təhkiyə deyil, əslində bədii-sənədli hekayələrdir, böyük məmnuniyyətlə oxunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 243