Muəllif:

Xaricdən son 10 ildə 10 milyard dollardan artıq kredit almışıq

Azərbaycan hökuməti cəlb edilən xarici kreditlərdə ehtiyatlı olmalıdır. Bank Monitorinqi Koalisiyasının «Xarici dövlət borcları və beynəlxalq maliyyə institutlarının layihələrində ictimai iştirak» hesabatında deyilir ki, 10 ildə dövlət zəmanətli 10 milyard 495 milyon dollar vəsait alınıb. Bunun 5 milyard 818 milyonu xərclənib. Ənənəvi donorlarla yanaşı (DB, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, AYİB, AİB), yerli podratçılara Amerika, Şotlandiya, Çexiya, İran, Koreya bankları, Çin, Qazaxıstan hökuməti borc verib və onların sayı artır.
Koalisiya İdarə Heyətinin üzvü Zöhrab İsmayılın sözlərinə görə, 2011-ci ildə ÜDM-də dövlət borcunun xüsusi çəkisi 2010-cu il ilə müqayisədə 1,7 faiz azalıb. Amma mütləq ifadədə borc 4 milyard 817 milyon dollar artıb.
2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon cəlb edib. Onların 33,66 faizini Nəqliyyat Nazirliyi (18 avtomobil yolu sahəsinin təmir və tikintisinə 3,5 milyard dollar, 5 nəqliyyat layihəsinə 1,5 milyard dollar) xərcləyib. İkinci yerdə (24,09 faiz «Azərenerji»dir. O, bu dövrdə 2,3 milyard dollarlıq 10 layihə icra edib.
Su təchizatı və kanalizasiyaların yenilənməsi (8 layihə) büdcədən 1 milyard 66 milyon dollar qoparıb. İrriqasiya, meliorasiya və rekultivasiya üçün 335,9 milyon dollar götürülüb. 12 sosial-mədəni layihə üçün 354,2 milyon dollar borc alınıb. İqtisadi və maliyyə sisteminin inkişafı üçün 261,9 milyon dollar, ekoloji layihələr üçün 227,9 milyon dollar alınıb.
Məruzəçilər Maliyyə Nazirliyi ilə Dünya Bankının göstəricilərindəki fərqdən narahatdır. 2010-cu ildə o, 35 milyon dollar, 2008-ci ildə 314 milyon dollar olub. Hətta müxtəlif hesablama metodologiyasında belə fərq böyükdür və uzunmüddətli kreditlərin ödənişində özünü göstərəcək.
Tədbirdə çıxış edənlərin sözlərinə görə, Azərbaycan ödəniş qabiliyyətlidir, amma büdcə mədaxilində ARDNF-dən transfertlər çox yer tutur. Gələn maliyyə ili bu göstərici 11 milyard 350 milyon manat (14,46 milyard dollar) olacaq. Bu, ötənilkindən 2,35 milyard, builkindən 1 milyard 445 milyon çoxdur. 2015-ci ildən sonra neft gəlirləri azalacaq, iqtisadiyyatın restrukturizasiyası nəticə vermir. Ona görə neft dollarlarının büdcənin gəlirlər hissəsində artımı doğru deyil.
Sonda tövsiyələr səsləndi. Hökumət xarici borclara limit qoymalı, kredit cəlbi üzrə strategiya hazırlamalı, vəsaitlərin xərclənməsinə nəzarət edən beynəlxalq institutlara üstünlük verməlidir. Hökumətin bu sahədə işi şəffaf olmalıdır. Dövlət şirkəti və kommersiya təşkilatları kreditlərdən istifadə barədə hesabatları internet resurslarda tam yerləşdirməlidirlər.
Beynəlxalq maliyyə institutları təkcə müştərinin ödəniş qabiliyyətini nəzərə almamalı, şəffaflığın etibarlı mexanizmini hazırlamalıdır. Vətəndaş cəmiyyəti beynəlxalq maliyyə institutlarının strateji tərəfdaşı olmalıdır. İmzalanan sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178