Muəllif:

Xamneyinin «Facebook» səhifəsinə maraq artıb

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Noland jurnalistlərə açıqlamasında İranın ali rəhbəri Əli Xamneyinin «Facebook»a üzv olmasına münasibət bildirib. Xarici KİV-lərə istinadən, jurnalistlərə zarafatyana bir tonla deyib ki, Xamneyinin «Facebook» səhifəsinə müraciət edəcək: «Onun səhifəsində nələrin yayıldığını öyrənmək istəyirəm. Çünki Xamneyinin öz səhifəsində neçə «bəyəndim» alması mənim üçün maraqlıdır».
Xamneyinin «Twitter»dəki səhifəsinin yaydığı məlumatda deyilir ki, ali rəhbər «Facebook»a dekabrın 13-də qoşulub. Onun bu addımına çeşidli münasibətlər var. Sosial şəbəkələrdəki, eləcə də müxalif siyasi fəallar Xamneyinin «Facebook»a üzv olmasını təəccüblə qarşılayıblar. Tehran hakimiyyəti sosial şəbəkələrin sərbəst fəaliyyətinə müxtəlif maneələr yaradır, şəbəkələrə süzgəc qoyur və virtual aləm fəallarına təzyiq edir.
2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda İran hakimiyyəti «Facebook» və digər sosial şəbəkələri düşmən alətləri adlandıraraq onları İranda məxməri inqilab yaratmaqda suçlamışdı. Məhz həmin vaxtdan ölkədə sosial şəbəkələrə süzgəc qoyulmuş, onların fəaliyyəti məhdudlaşdırılmış, bu sahədə çalışanlara qarşı təzyiq və təhdidlər artırılmışdı.
Bu yaxınlarda isə bloqçu Səttar Behiştinin həbsxanada işgəncə ilə öldürülməsinin fonunda bunun qəribə bir hal olduğunu deyənlər də var.
Bir məsələni də xatırladaq ki, Tehran hakimiyyəti özəl internet saytı yaratmaqla ölkə ictimaiyyətini beynəlxalq ictimai şəbəkələrdən təcrid etmək istəyirdi. Hətta İranda internet sürətinin zəiflədiyini də deyirdilər. Onda belə çıxır ki, ölkənin ali rəhbəri bu şəbəkəyə qoşulduqdan sonra İnternet problemi də azalacaq. Axı ona yazmaq istəyənlər süzgəc altında öz fikirlərini sərbəst yazmaqda çətinliklə üzləşə bilər…
Xamneyinin «Facebook» səhifəsini izləyən tanınmış sosioloq Hüseyn Qazian BBC radiosuna açıqlamasında səhifəyə yüzlərlə etiraz şərhi yazıldığını bildirib. Xatırladaq ki, yaranandan sonra onun səhifəsini «bəyənənlər»in sayı günü-gündən artır. Son məlumatlara əsasən, onların sayı 20 mini keçib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188