«Video bomba»nın ilk qurbanı Sevinc Babayeva oldu
«Biz indi dünyasını dəyişmiş azərbaycanlı qadının üzərində ilkin müayinə və baxış keçirdik. Bu prosesdə Azərbaycanın İstanbul Baş Konsulu Həsən Zeynalov və mərhumun qohumlarından biri də iştirak etdi». Bunu APA-nın «Medicana İnternational» xəstəxanasında olan Türkiyə müxbirinə İstanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arı deyib. O bildirib ki, ilkin baxış zamanı ölən qadının Azərbaycan vətəndaşı Sevinc Babayeva olduğu müəyyənləşib. Lakin xəstəxanaya müraciət edən zaman onun üstündə hər hansı sənəd olmayıb.
Prokuror bildirib ki, hələlik xəstənin ölüm səbəbi bəlli deyil: «Həkimlərin verdiyi məlumata görə, o, uzun müddət ürək xəstəsi olub, ürək ağrılarından və spazmlardan əziyyət çəkib. Lakin onun məhz bu xəstəlikdən öldüyünü demək hələlik tezdir».
Fuad Arı qeyd edib ki, Sevinc Babayevanın cənazəsi sabah İstanbulda ədliyyə tibb ekspertizasında müayinə olunacaq: «Yalnız bundan sonra prokurorluq onun ölümünün dəqiq səbəbini açıqlayacaq».
Prokuror Sevinc Babayevanın Türkiyədə harada qaldığı, bu ölkəyə necə daxil olduğu barədə sualların da araşdırılacağını qeyd edib.
Xəstəxanadan bildirilib ki, Sevinc Babayeva srağagün təcili olaraq, ürək tutması ilə xəstəxanaya müraciət edib: «O deyib ki, əvvəlcə başqa xəstəxanaya müraciət edib, amma orada onu qəbul etməyiblər. Təcili olaraq bura gəldi və bir az sonra da ürək tutmasından dünyasını dəyişdi».
Məlumata görə, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov da dünən xəstəxanada olub. Mərhumun meyitinə baxış keçirilməsi prosesində iştirak edən qohumu da məhz o olub.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin rüşvətlə bağlı yaydığı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva bir müddət bundan əvvəl beynəlxalq axtarışa verilmişdi. Bu barədə İNTERPOL-un rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda Sevinc Babayevanın dələduzluğa görə axtarıldığı qeyd edilir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu axtarış Sevinc Babayeva ilə bağlı bir neçə il əvvəl Sabunçu polisində açılan cinayət işi ilə bağlıdır. Sabunçu polisində Sevinc Babayeva barəsində bir neçə il əvvəl dələduzluq maddəsi ilə cinayət işi olduğunu təsdiqləsələr də, ətraflı məlumat verməkdən imtina etdilər.
APA-nın yazdığına görəsə, Sevinc Babayeva 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və Sevinc Babayeva məsuliyyətə cəlb edilib.
İstintaq zamanı vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.
Amma hüquq-mühafizə orqanlarından Sevinc Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olduğunu deyiblər.
Sevinc Babayevanın qəfildən vəfat etməsi xəbəri Azərbaycan mediasının gündəmini zəbt etmişdir. Ən müxtəlif rakursdan mülahizələr, gümanlar, ehtimalar baş alıb getməkdədir. Bu ölümün dramatik hadisələrin mahiyyətinən doğan təbii bir ölüm olduğunu düşünənlərlə yanaşı, mühüm şahidin bu məsələdə marağı olan adam və ya adamlar tərəfindən məqsədyönlü bir şəkildə aradan götürüldüyünü iddia edənlər də var. Onun ölkədən necə olub çıxa bildiyi də hüquq-mühafizə orqanlarına ünvanlanan başqa bir ictimai sualdır.
Xatırladaq ki, Fransada mühacirətdə olan Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev sentyabrın 25-də 2005-ci ildə deputat seçilməsi üçün ondan 1 milyon dollar rüşvət istənilməsini əks etdirən video yayıb. Sabiq rektor videoda onunla danışan qadınlardan birinin sabiq deputat Gülər Əhmədova, digərinin isə Sabir adına Kitabxananın sabiq direktoru Sevinc Babayeva olduğunu bildirib. Daha sonra Elşad Abdullayev daha bir video yayaraq burada Sevinc Babayevanın Elşad Abdullayevin deputat olması üçün 1 milyon dollar pulun onun iştirakı ilə prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyevə verdiklərini bildirib. Bu video-çarxdan sonra Sevinc Babayeva ölkədən müəmmalı şəkildə qaçmışdı.
Həmin video ilə bağlı cinayət işi açılandan sonra hakim Yeni Azərbaycan Partiyasının siyasi şurası və sıravı partiya üzvlüyündən çıxarılan Gülər Əhmədova deputat mandatından da imtina edib. Sevinc Babayevanın ölüm xəbərindən sonra Gülər Əhmədova «Mediaforum»a açıqlamasında öz səhhətinin də pis olduğunu və canı ilə əlləşdiyini deyib.
Əlavə edək ki, bu qədər ciddi bir cinayətin (mahiyyət etibarilə həmin videolarda ölkənin siyasi sistemi məsxərəyə qoyulur) baş verməsinə rəğmən, Gülər Əhmədova hələlik məsuliyyətə cəlb edilməyib, evindədir, son günlərə qədər ictimai yerlərdə görünürdü. Hətta özünü bir qədər inamlı aparır, «ağzımı açdırmasınlar» deyə hədələr səsləndirirdi. İndi isə «canı ilə əlləşir»…
«Medicana İnternational İstanbul Hastanesi» rəsmi açıqlama yaydı
Sevinc Babayevanın dünyasını dəyişdiyi «Medicana İnternational İstanbul Hastanesi» dünən günün ikinci yarısında bu məsələ ilə bağlı rəsmi açıqlama yaydı.
Xəstəxanadan APA-ya daxil olan açıqlamada bildirilir: «26.12.2012 tarixində 112 (təcili yardım) vasitəsilə Esenyurt Dövlət Xəstəxanasının Təcili Yardım Servisinə gətirilən 39 yaşındakı Məryəm Solmaza burada CPR (ürək masajı, şok və s.) üsulları tətbiq edilib, lakin buna rəğmən xəstənin reanimasiyaya ehtiyac duyması səbəbiylə o, 112 vasitəsilə xəstəxanamıza göndərilib.
Xəstə xəstəxanamızın reanimasiya şöbəsinə qəbul edilib, süni tənəffüs cihazına qoşulub, bütün yaşam funksiyaları monitorda izlənib, ürəyinin çalışmasında yetərsizlik müəyyən edildikdən sonra ona lazımi dərmanlar verilib. Xəstənin bu əsnada bütün hematoloji və biokimyəvi analizlərinə baxılıb, tomoqrafiyasının nəticələri dəyərləndirilib. Edilən müdaxilələrə reaksiya verməyən xəstənin saat 18.21-də ürəyi dayanıb, CPR tədbirləri ilə 4 dəqiqə sonra ürək təkrar normal ritminə dönüb. Saat 18.30-da xəstənin ürəy yenidən dayanıb, CPR tədbirləri nəticəsində 10 dəqiqə sonra bir daha çalışmağa başlayıb. Lakin saat 18.45-də xəstənin ürəyin təkrar dayanıb, bütün müdaxilələrə rəğmən, saat 19.15-də xəstənin həyati funksiyaları dayanıb və o vəfat edib.
Xəstə Əsənyurt Dövlət Xəstəxanasında şübhəli şəxs qismində qəbul edildiyi üçün Cümhuriyyət Baş Prokurorluğu ölümlə bağlı meyitin üzərində müayinə aparılmasına qərar verib».
Sabiq polis əməkdaşı anasının intiharına görə Elşad Abdullayevi suçlayır
Bu arada Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin də əleyhinə video yayılıb. Burada da çirkin əməllərə işıq salınır. Bir sıra universitetlərdə nə kimi dələduzluq əməllərinə baş vurulduğu, valideynlərin aldadıldığı, rüşvətxorluq, korrupsiyadan söz gedir. APA-nın məlumatına görə, «Youtube» sosial şəbəkəsində Daxili İşlər Nazirliyi sabiq əməkdaşı Neman Kərimov sabiq rektorun əleyhinə olan çıxışını yerləşdirib. O, anasının intihar etməsində əsas təqsirkarın Elşad Abdullayev olduğunu iddia etmişdir.
Neman Kərimovun sözlərinə görə, 2002-ci ildə anası Svetlana Mövsümova yaxın münasibətdə olduğu Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin köməyi ilə ABU hüquq fakültəsinə işə düzəlib. Anası qanunsuz yollarla tələbələrin instituta qəbul olunması, onlardan pulun alınması, saxta sənədlərin, diplomların verilməsi məsələlərində birbaşa iştirak edib. 2009-cu ildə diplomları ala bilməyən valideynlər ondan 2 milyona yaxın pulu geri qaytarmağı tələb etdikdə Svetlana Mövsümova yaşadığı evin vanna otağında intihar edib. Qeyd edək ki, intihar etməzdən qabaq Elşad Abdullayev həmin şəxsi işdən azad edibmiş.
Sabiq DİN əməkdaşı onu da qeyd edib ki, anası intihardan qabaq məktub yazıb və məktubda Elşad Abdullayevlə yanaşı Kooperasiya Universitetinin, Azərbaycan İqtisad Universitetinin müəllimlərinin adlarını çəkib.
Mərhumun anası zərərçəkmiş kimi Nəsimi rayon Prokurorluğuna müraciət etdiyini, valideynlərin pullarını qaytarmaq üçün özünün Tbilisi prospektindəki evini və «Lexus» markalı avtomobilini satdığını bildirib. Onun sözlərinə görə, Elşad Abdullayev dəfələrlə ondan prokurorluğa onunla bağlı şikayət etməyi xahiş edib.
Svetlana Mövsümova bu məsələ ilə bağlı bir neçə dəfə Respublika Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etdiyini, lakin heç bir cavab almadığını qeyd edib.
Neman Kərimov Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevi axtarması cəhdlərinin yalan olduğunu deyib. Onun iddiasına görə, sabiq rektorun hətta Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan lal qardaşı var…