Vaşinqton İranı qərb yarımkürəsində görmək istəmir
Birləşmiş Ştatlar İranın Güney Amerika ölkələri ilə əlaqələrindən narahatdır. Konqresin Nümayəndələr Palatası «Qərb yarımkürəsində İranla mübarizə» adlı yeni qanun layihəsi qəbul edib. Bu sənəd İranın Güney Amerikaya nüfuzunun qarşısını almaq üçün həll yollarının araşdırılmasında hüquqi baza rolu oynayacaq. Bunun üçün Dövlət Departamentinə 1 milyon dollar vəsait ayrılacaq.
Sözügedən qanun layihəsində İran Televiziya və Radio Təşkilatı (İRİB) və onun sədri İzzətullah Zərqamiyə sanksiya tətbiq edilməsi, ABŞ şirkətlərinə və bu ölkədə fəaliyyət göstərən xarici şirkətlərə İRİB-ə hər cür xidmət göstərməyə, avadanlıq satmağa və onunla əməkdaşlıq etməyə yasaq qoyulur. Sənəd respublikaçı konqresmen Cef Daqan tərəfindən hazırlanıb. Daqan layihə ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, ABŞ-ın güney sərhədlərində İranın nüfuzunu artırması ABŞ üçün ciddi təhdiddir.