Muəllif:

Vahid iqtisadi məkan, yoxsa zəncir?

Rusiya prezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB dövlət başçılarının sammitində ATƏT-i «ayrı-ayrı ölkələrin marağına» xidmət etməkdə günahlandırıb və MDB ölkələrini bu qurumun fəaliyyətində koordinasiyalı fəaliyyətə çağırıb. AYNA Kremlin rəsmi saytına istinadən bildirir ki, Putin Aşqabad çıxışında ATƏT-in hazırkı fəaliyyətinin ürəkaçan olmadığını vurğulayıb.
Moskvadan ATƏT-ə «rədd ol» mesajı
«ATƏT-in hazırkı vəziyyəti heç bir nikbinlik vəd etmir. ATƏT ayrı-ayrı ölkələrin maraqlarına xidmət etmək yolundan imtina etməlidir. Qurum bütün diqqətini birləşdirici gündəmin formalaşmasına yönəltməlidir», — deyə Putin bildirib. Daha sonra Putin MDB ölkələri arasında iqtisadi əməkdaşlıq fəaliyyətinin prioritet olduğunu deyib. O, iqtisadi böhranla mübarizə üçün MDB çərçivəsində Azad Ticarət Zonası haqqında müqavilənin imzalanmasının vacib olduğunu bildirib.
«MDB ölkələrinin böyük əksəriyyəti artıq müqaviləni imzalayıblar və ratifikasiya ediblər. Biz ümid edirik ki, son qərar qəbul etməmiş ölkələr yaxın gələcəkdə bu müqaviləyə qoşulacaqlar. Sənəd ilin sonuna qədər MDB ölkələri tərəfindən ratifikasiya olunacaq».
Putin müqaviləni imzalamağa hazır olan iki dövlətin — Qırğızıstanın və Tacikistanın adını çəkib.
Sammit çərçivəsində imzalanacaq MDB ölkələrinin valyutalarının inteqrasiyasına dair sazişi yüksək qiymətləndirən Putin bildirib ki, bu addım Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın yaradılmasına imkan verəcək.
«Biz bu qurumlara daxil olmaq arzusunu dilə gətirən və bu birliklərə inteqrasiya edən ölkələri alqışlayırıq. Təkrar edirəm: arzu edən və hazır olanları. Bu proses qarşılıqlıdır».
Putin həmçinin qeyd edib ki, hərbi sahədə əməkdaşlığa mühüm önəm verir. «Bu və dediyim digər istiqamətlər MDB-nin statusunun yüksəlməsində böyük rol oynayacaq».
Azərbaycana yönəlik hərbə-zorba
Putinin bu hədələyici tonda çıxşının əsas hədəflərindən birinin Azərbaycan olması sirr deyil. Moskva çoxdandır ki, Bakını «vahid iqtisadi məkan» adlı tora salmaq istəyir. Azərbaycan hakimiyyətinin mövqeyi isə aydındır. Elə son Aşqabad sammitinə prezident İlham Əliyevin getmədiyini rəsmi Bakının müstəqil siyasi xəttə sadiq qaldığının göstəricisi saymaq olar.
Prezident İlham Əliyevin MDB-nin dünən Aşqabadda keçirilən sammitinə qatılmaması ilə bağlı mövqeyini bizə şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, prezident İlham Əliyevin Aşqabad sammitinə qatılmamasının səbəbləri rəsmən açıqlanmasa da, bu, bir sıra amillərlə bağlı ola bilər. Hüseynli bu xüsusda Rusiyanın rolunu ayrıca qeyd edib. Onun fikrincə, ölkə başçısı MDB sammitinə Rusiyanım bu təşkilatla bağlı ambisiyalı planlarına görə getməyə də bilər. Onun şərhi:
«Prezident İlham Əliyevin Aşqabad sammitində iştirak etmədiyi qrafiklə, bəzi vacib işlərlə də bağlı ola bilər. Onu da deyim ki, Azərbaycan prezidenti bütün sammitlərdə iştirak etməyib. Elə sammitlər olur ki, prezident İlham Əliyevi baş nazir Artur Rasizadə əvəz edir. Hesab edirəm ki, bununla yanaşı İlham Əliyevin Aşqabad sammitində iştirak etmədiyi Rusiyanın MDB ilə bağlı həyata keçirmək istədiyi bəzi ambisiyalı planlarla bağlı ola bilər. Rusiya özünü Aşqabad sammitində həddən artıq emosional aparırdı. Putin ATƏT-i kəskin tənqid edib. Görüşdə MDB-nin səmərəliliyinin artırılması da qeyd edildi. Hətta iş o yerə çatdı ki, MDB-yə daxil olan ölkələrin vahid valyutasının yaradılması haqqında təklif qəbul edildi. Bir sözlə, keçmiş Sovetlər İttifaqının ərazisində yeni inteqrasiya birliyinin yaradılması haqqında yeni bir model təqdim edildi. Bu da kifayət qədər təhlükəli və eyni zamanda başqa dövlətlərin suverenliyinə ziyan gətirən məqamlardır. Bu səbəblər onu göstərir ki, hər şey Rusiyanın diktəsi altında reallaşa bilər. Vladimir Putinin əsəbi bir formada təqdimatında bu, özünü göstərdi ki, MDB-nin işində məsələlər artıq əvvəlki kimi deyil. Rusiyanın nöqteyi-nəzərində MDB işlək bir orqana çevrilməlidir».
Putin nə istəyir?
Xatırladaq ki, bir ay öncə Rusiya prezidenti Vladimir Putin «Rossiya Tudey» telekanalına müsahibəsində postsovet ölkələrini vahid iqtisadi məkanda birləşdirəcək Avrasiya İqtisadi İttifaqı ideyasının bəzi detallarına toxunub. Telekanala müsahibəsində Putin Rusiya, Belarus və Qazaxıstanla birgə yaradılmış Gömrük İttifaqını Ümumdünya Ticarət Təşkilatı ilə müqayisə edərək deyib:
«Keçmiş SSRİ məkanındakı vahid iqtisadi birlik əməkdaşlıq etməkdə böyük kömək edə bilər. Biz artıq Belarus və Qazaxıstanla birgə gömrük ittifaqı və vahid iqtisadi məkan yaratmışıq. Bu iqtisadi birliyin üstünlüyünü tərəfdaşlarımıza izah etmək üçün bizə dialoq çox vacibdir. İqtisadi Birlik Ümumdünya Ticarət Təşkilatının prinsipləri əsasında yaradılacaq».
Xatırladaq ki, Putinin 2010-cu ildə irəli sürdüyü Avrasiya İqtisadi Birliyi ideyası birmənalı qarşılanmır. Müşahidəçilərin fikrincə, Putininin bu ideyası keçmiş SSRİ-nin yeni formada bərpasına cəhddən başqa bir şey deyil. Azərbaycan ötən il Vahid Gömrük İttifaqına daxil olmaqdan rəsmən imtina edib. Rəsmi Bakı Avrasiya Birliyi ilə bağlı vaxtaşırı qaldırılan müzakirələrə isə heç qatılmır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 432