Uşaq evləri ilə bağlı hesabat açıqlandı
Uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institulaşma) məsələsi üzrə KİV üçün təlimdə Aynur Sofiyeva, YUNISEF nümayəndəsi Munir Məmmədzadə, TN Deinstitulizasiya idarəsinin şöbə müdiri Şərafət Şirinli öz çıxışlarında bu ilə dair görülmüş işləri əks etdirən rəqəmləri açıqladılar.
Bildirildi ki, uşaq evlərinə bu il 10 uşaq, son üç ildə isə 34 uşaq verilib. 123 uşaq şəhər və rayon İH-nin müvafiq sərəncamları ilə öz bioloji ailələrinə və ya qohumlarına qaytarılıb. O vurğulayıb ki, uşaq evlərində olan azyaşlılar 18 yaşları tamam olduqdan sonra qala biləcəkləri 120 nəfərlik birotaqlı mənzillər tikiləcək. Ş.Şirinli dedi:
«Bununla bağlı təklif verilib. Ancaq bunun nə vaxt hazır olacağı bilinmir. Eyni zamanda, uşaq evlərində olanların pulsuz ali təhsil məsələsi də böyük problem olaraq qalır. Bununla bağlı təklif hazırlamışıq və təklif Nazirlər Kabinetinə təqdim olunub. Qusar şəhərində internat məktəb ləğv olunaraq onun bazasında Qusar Peşə Liseyi yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 3 nömrəli xüsusi internat məktəbləri şagird kontinentinin azalması səbəbindən birləşdirilib. Bu il uşaq müəssisələrinin sayı 55-dən azaldılaraq 42 yer olub. Bunların bir çoxu peşə və ya ümumtəhsil məktəblərinə çevrilib. Bundan əlavə, işləyən valideynlərin uşaqlarının gündəlik olaraq başqalarına verilməməsi üçün reabilitasiya mərkəzləri yaradılıb. Sabunçu, Xəzər, Suraxanı rayonlarında Günərzi qayğı və reabilitasiya mərkəzləri yaradılıb. Bütün gün işləyən analar övladlarını bura qoya və axşam götürə bilərlər. İki reabilitasiya mərkəzi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə keçib».
Ş.Şirinli onu da bildirib ki, yeni ailə tipli kiçik qrup-ev yaradılıb. «Bura 10 uşaq cəlb olunub. Bunlardan doqquzu qız, biri oğlandır. Bura əsasən qızlar üçündür. Sadəcə qızla oğlan bacı-qardaş olduğundan oğlan da bura cəlb olunub. Qrup-evdə uşaqlar 18 yaşına qədər qala bilərlər, bir yandan məktəbə gedirlər. Əgər 18 yaşdan sonra təhsillərini davam etdirsələr burada qala bilərlər, əks təqdirdə yox».
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsində həm də insan alveri qurbanı olmuş uşaqlarla işləyən mütəxəssislər üçün təlim keçirildi. Komitə tərəfindən təşkil edilən təlimdə UNİCEF və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansından dəvət olunan ekspertlər iştirak edirdi. Təlimdə uşaq hüquqlarının və onların qanuni maraqlarının qorunmasının profilaktikası, eləcə də bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri geniş müzakirə edilib.
AQUPDK-nın Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayev bildirib ki, ölkədə insan alverinin qarşısının alınması məqsədilə bir sıra işlər görülsə də, müəyyən problemlər hələ də qalır. Onun sözlərinə görə, bu işlərdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Şöbə müdiri əlavə edib ki, bu il Azərbaycanda insan alveri qurbanı olmuş uşaqlar olmayıb.
AQUPDK hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov qeyd edib ki, bu məsələdə Azərbaycanın daha çox tranzit ölkə kimi istifadə edilir və bu sahədə mövcud problemlərin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir:
«İl ərzində komitəyə də həm insan alveri, həm də uşaqların zorakılıq hallarına məruz qalması ilə bağlı müxtəlif müraciətlər daxil olur. Ölkədə məişət zorakılığına məruz qalan uşaqlarla müqayisədə insan alverinə məruz qalan uşaqlara daha çox xidmət göstərilir».