Muəllif:

Uşağa nələri təlqin etsən…

Uşaqlar film seyr edə bilərlər. Amma bunlar mütləq uşaqlar üçün çəkilən film olmalıdır. Bu kimi filmlər əsəbləri sarsıtmır, gərginlik yaratmır. Gözəl duyğular aşılayır. Ətrafa qarşı mehriban davranış, xeyirxah olmaq, dostlara kömək etmək, canlıları incitməmək, heyvanlara sevgi, dərsləri yaxşı oxumaq, çoxlu çalışmağın sonunda uğurun necə gəlməsi və daha bir çox vacib məsələlər… Uşağın ətraf aləmi qavramasında cizgi filmləri ciddi önəm daşıyır.
Ətraf aləmi yenicə dərk etməyə başlayan uşaqlar üçün filmlərdən də öncə cizgi filmləri vacibdir. İndi telekanallarda istənilən ölkənin istehsalı olan cizgi filmləri nümayiş olunur. Maraqlıdır ki, bir çoxlarımızın uşaqlıq illərində həmişə sevə-sevə seyr etdiyimiz «Nu, poqodi!» cizgi filminin elə onun istehsalçısı olan Rusiyada ekranlardan yığışdırılma məsələsi gündəmə gəlmişdi. Halbuki bu cizgi filmində zərərli səhnələr, demək olar, izlənmir. Amma pedaqoqlar onda zərərli meyillər görmüşdülər.
İndi elə cizgi filmləri yayımlanır ki, onlarda güllə ilə öldürmək, bıçaqla döyüş səhnələri var. Uşaqların psixologiyasını yalnız döyüş səhnələri deyil, qarışıq, hadisələrin həddən artıq sürətli inkişaf etdiyi cizgi filmləri də korlayır. Bu məzmunda cizgi filmləri daha çox Çin, Koreya kimi ölkələrdə buraxılır.
Təbii ki, əlindəki sehrli çubuqla istədiyini yox edən, istədiyinə nail olan sehirbazın insanları əritməsi, yandırması, eybəcər hala salması kimi səhnələrlə zəngin olan cizgi filmləri uşaqların düşüncəsini qarışdırır.
Bu kimi cizgi filmləri balacaları gərgin vəziyyətdə saxlayır, əsəblərini tarıma çəkir. Hətta qara qüvvə kimi təqdim olunan qəhrəmanın cizgi filmində peyda olmasını necə içini çəkərək gərgin vəziyyətdə izləyən uşaqları müşahidə etmişəm. Bu filmləri seyr edəndə onların gözü böyüyür, əlləri buz kimi olur. Bu isə açıq-aşkar uşaqların bərk həyəcan keçirdiyinin göstəricisidir.
Pedaqoqlara görə, qarmaqarışıq səhnələrlə dolu olan cizgi filmlərinin uşaqlara ziyanından başqa heç bir xeyri yoxdur. Daha bir məqam — uşaqların cizgi filmi qəhrəmanlarının adlarını yadlarında saxlaya bilmədiyidir. Elə ölkələrin filmləri seçilməlidir ki, qəhrəmanların adlarını mənimsəmək uşaqlar üçün çətin olmasın.
Onu da qeyd edək ki, milli cizgi filmlərinin çəkilişinə dəstək üçün dövlətə müraciət olunacaq. MRTŞ sədrinin köməkçisi Toğrul Məmmədovun bildirdiyinə görə, hazırda gündəmdə olan milli serialın çəkilməsinə dəstək məsələsidir. Gələcəkdə cizgi filmi məsələsi də həllini tapacaq. Toğrul Məmmədov:
«Şura çox istəyir ki, yerli cizgi filmləri çəkilsin və telekanallar özləri də bunda maraqlı olsunlar. Hər yaşa uyğun çizgi filmləri olmalıdır. Məktəb yaşına qədər olan uşaqlar üçün cizgi filmləri ayrı, məktəbli yaşında olan uşaqlar üçün ayrı effekti var. Böyüklər üçün də cizgi filmləri var. Şura cizgi filmlərinin hər yaş səviyyəsinə uyğun çəkilməsini vacib hesab edir. Rusiyada «Nu, poqodi!» filmi siqaret səhnələrinə görə qadağan olunmuşdu».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 517