Muəllif:

Urmiya həbsxanası: dirigözlü ölüm…

Bit-sirkə, yoluxucu xəstəliklər, açıq narkotik satışı adi haldır
İran hakimiyyəti insan haqları ilə bağlı müfəttişlərin ölkəyə gəlməsini, monitorinqlər aparmasını birmənalı olaraq qəbul etmir. Bu üzdən də bu sahədə istədiyi şəkildə davranır, qüvvədə olan qanunlara belə məhəl qoymur. Məhbusların hüquqlarına əməl edilməsindən isə danışmağa dəyməz. Məhkəmələrin ədalətsiz qərarından tutmuş məhbusların saxlanıldıqları yerədək onların insan haqları hər addımbaşı pozulur. Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına əsasən, Salmas şəhər həbsxanası buna ən tipik misaldır. Zindanın ümumi şəraiti dözülməz həddə çatıb.
Zindan yanlış idarəçilik, yemək keyfiyyəti, natəmizlik və s. kimi səbəblərdən böhran yaşayır. Bu vəziyyət məhbusların saxlanılma şəraitinə ciddi, mənfi təsir göstərir.
Məlumata görə, zindan məsullarına rüşvət verməklə narkotik maddələrin alış-verişinin azad olması, məhbuslara verilən yeməyin keyfiyyətsizliyi və natəmizlik bu zindandan salamat çıxmağı böyük sual altında qoyur. Bir sözlə, Güney Azərbaycan şəhərlərinin hamısındakı həbsxanalarında olduğu kimi, buraya düşmək də dirigözlü ölüm deməkdir…
Siyasi məhbuslar xəstələnəndə müalicə olunmur. Onlar yalnız ağrıkəsici dava-dərmanlarla təmin olunur. Məhbusların saxlanıldığı bölümlərdə bit-sirkə və yoluxucu xəstəlik yayan həşəratların gəzib-dolaşması da adi hala çevrilib.
GünAzTV-nin məlumatına əsasən, Güney Azərbaycanın Urmiya şəhərindəki mərkəzi zindanın rəhbərliyi ETTELAAT məsullarının göstərişi ilə həbsxanadakı siyasi bölümü (12-ci bənd) ləğv edib. Məlumata görə, zindan məsulları siyasi dustaqları qətl və narkotik maddələrin qaçaqmalçılığında suçlanan məhbusların qaldığı 12-ci bəndə köçürərək, şəraiti siyasi məhbuslar üçün daha da ağırlaşdırıblar.
Sözügedən məhbuslar zindanın təhlükəsizlik bölümünün göstərişi ilə siyasi məhbusları təhrik etməyə və onların zindanın xarici ilə əlaqələrini nəzarətə götürməyə cəhd edirlər.
Qeyd edək ki, siyasi bölümdə saxlanan 5 siyasi məhbus xarici mətbuat və BMT İnsan Haqları Qurumunun xüsusi nümayəndəsi Əhməd Şəhid ilə əlaqə qurmaqda ittiham edilir.
Yenə GünAz TV-yə istinadən, Təbrizin mərkəzi zindanında azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlər getdikcə artır. Məlumata görə, zindan məsulları azərbaycanlı fəalları müxtəlif formada cəzalandırır. Məhbuslar zindan məsulları tərəfindən döyülür, işgəncə olunur və davamlı olaraq təhqir edilir. Bu təzyiqlər bir neçə gün öncə azərbaycanlı fəallar Məsud Hüseynzadənin döyülməsinə etiraz etdikdən sonra daha da şiddətlənib.
Təbrizin mərkəzi zindanının məsulları ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsi ilə əməkdaşlıq nəticəsində azərbaycanlı fəallara qarşı mənəvi və cismani təzyiqlər edir və bununla da onları öz məhbus hüquqlarını tələb etməkdən çəkindirmək istəyirlər. GünAz TV mətbuat mərkəzinin «Savalan Port»a istinadən yaydığı məlumata görə, bu təzyiqlərin daha çox azərbaycanlı fəallar Əziz Purvəli və Mehdi Həmidi-Şəfiqə yönəldiyi görünür.
Məlumata görə, ETTELAAT idarəsindən göstəriş alan zindan məsulları hər gün azərbaycanlı fəalların şəxsi əşyalarını yoxlamaqla yanaşı, onların əqidə və mövqelərini də öyrənməyə çalışırlar. Daha bir məqam ondan ibarətdir ki, bütün bunlar islahatçı və insan haqları iddiasında olan qurumların və medianın diqqətini cəlb etmir. Onlar da İslam Cümhuriyyəti ilə birlikdə azərbaycanlı siyasi məhbusları informasiya blokadasında saxlayır və bütün bunlara göz yumurlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 280