Muəllif:

Urmiya gölü həm öləcək, həm də öldürəcək

Urmiya gölünün ekoloji faciəsi ətrafında baş verən gəlişmələrə əsasən belə qənaətə gəlmək olar ki, İslam Respublikasının rəhbərliyi bu fəlakətlə barışıb və Güney Azərbaycan türklərinə də bunu zorla da olsa qəbul etdirməyə çalışır. Lakin məsələ onlar düşündüyü qədər də bəsit deyil və bu mövzu İran rəsmilərinin arzularına rəğmən gündəmi tərk etmək fikrində deyildir.
Son olaraq, İran parlamentində Güney Azərbaycanın Qoşaçay, Tikantəpə və Sayınqala şəhərlərini təmsil edən deputat Ruhulla Beygi yenə Urmiya gölünün qurumasından danışıb.
O deyib: «Urmiya gölü qurumaqdadır, ancaq bu günə kimi onun qurumasının qarşısının alınması üçün ciddi bir addım atılmayıb. Əgər səlahiyyətli şəxslər bu yöndə ciddi tədbirlər görməzlərsə, o zaman Urmiya gölü həm öləcək, həm də öldürəcək. Bölgədə əkinçilik məhv olacaq və bölgə əhalisi, əsasən gənclər işsiz qalacaq, bu isə cəmiyyətin işsizlik problemini daha qəlizləşdirəcək».
Onun sözlərinə əsasən, Urmiya gölünü «gözlənilən ölümdən» qurtarmaq mümkündür:
«Bunun üçün yalnız bir çıxış yolu var, o da səlahiyyətli məsulların dərhal işə başlaması, təcili olaraq əməli addımların atılması və lazımi maliyyə vəsaitinin ayrılması və bu yöndə işlərin icrasıdır».
Lakin gölün tədricən quruma prosesinə Tehran hakimiyyətinin laqeyd münasibəti davam edir. İranın uyğun qurumları bu təbii fəlakətin qarşısını almaq üçün iş görməkdənsə sağ-solunu suçlayır, yaxud ən yaxşı halda mətbuata «sakitləşdirici bəyanatlar ötürürlər.
Məsələn, son olaraq iddia edilir ki, son yağıntılarla əlaqədar Urmiya gölündə suyun səviyyəsi təxminən 20 sm artıb. Bunu Urmiya gölü Milli Parkının rəhbəri Ümid Yusifi deyib. «Trend»in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.
Yusifi əlavə edib ki, Urmiya gölünün adalarında aparılmış müşahidələr göstərir ki, buradakı canlıların vəziyyəti normaldır, hələlik heç bir ölüm halları və xəstəliklərə rast gəlinməyib. Lakin eyni zamanda etiraf etməyə bilmir ki, «Urmiya gölü Milli Parkında idarəetmə böhran vəziyyətində həyata keçirilir».
Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölünün tədricən dayazlaşması və sahəsinin azalması təkcə bitkilərə deyil, eləcə də heyvanların və quşların yaşam şəraitinə mənfi təsir göstərir.
İran Urmiya gölündəki böhran vəziyyəti aradan qaldırmaq məqsədi ilə Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi üzərində düşünür, lakin buna Azərbaycan Respublikası da razılıq verməlidir. Bakının bu niyyətə münasibəti hələ açıqlanmır. İran Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıtmağı nəzərdə tutur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırmağa hazır olduğunu bildirib. İran hökumətinin 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırdığı barədə təsdiqlənməmiş xəbərlər var. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı edib.
Lakin İran hökuməti Urmiya gölünə tökülən çaylar üzərində qurulmuş bəndlərin ləğvi barədə addım atmaq istəmir, yalnız yeni bəndlərin inşasına imkan verməyəcəyini deyir. Ölkədə özünün yaratdığı ekoloji fəsadı Araz çayından Azərbaycan Respublikasının payına düşən su ehtiyatı hesabına ödəmək fikrinə düşüb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 602