Ulduz skripkaçı «İmpuls»u təqdim edəcək
Amerikanın ulduz skripkaçısı Hillari Han yanvarın 3-də İstanbulun məşhur Camal Reşit Rey konsert salonunda azərbaycanlı bəstəkar, professor Firəngiz Əlizadənin skripka və fortepiano üçün bəstələdiyi «İmpuls» əsərinin premyerasını təqdim edəcək. Hillari Han yeni ilin ilk günlərindən etibarən Avropa ölkələrinə yaradıcılıq turnesinə çıxır.
Bəstəkarlar İttifaqı mətbuat xidmətindən bildirilib ki, Hillari Han gənc olmasına baxmayaraq, çox tanınan və sevilən virtuoz skripka ifaçısıdır. Han Paqanininin (Nikola Paqanini — virtuoz italyan skripkaçı, bəstəkar, «24 Kapriz» əsərinin müəllifi) əsərlərinin ən yaxşı ifaçısı kimi də tanınır. «İmpuls» əsərinin Braziliyada və Ekvadordakı uğurlu premyerasından mütəəssir olan Hillari Han əsərin müəllifliyi ilə bağlı müqavilənin müddətini daha iki il artırıb. Bu əsəri o, 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkələrində keçirilməsini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir.
Mətbuata müsahibələrində Hillari Han qeyd edib ki, Firəngiz Əlizadəyə yeni, həmçinin iri həcmli əsər sifariş etmək arzusundadır.