Muəllif:

Tüstü bacası ildə iki dəfə təmizlənməlidir

Havaların soyuması ilə dəm qazından zəhərlənən və ölənlərin sayı yenə də artmağa başladı. Maarifləndirmə işlərinə baxmayaraq, zəhərlənmə hallarının sayı azalmır. Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, 10 gündür ki, müraciətlər başlayıb, qazdan zəhərlənmə halları müşahidə olunur». Deyir:

«Amma əvvəlki illərdən elə də çox fərqlənmir, yəni müraciət edənlərin sayı nə az, nə də çoxdur. Qazdan zəhərlənmələr əsasən qışda olur — yanvar-fevral aylarında».

Maqsudov əlavə etdi ki, İran istehsalı sobalarından zəhərlənmələrin sayı azalıb, çünki, artıq o sobalardan o qədər də istifadə edilmir. Zəhərlənmələrə digər səbəb qaz sobalarının ventilyasiyasının yaxşı işləmədiyi, bacaların təmiz olmadığı və sairdir.

Yəni hadisələrin başvermə səbəbləri sırasında, evlərdə tüstü bacalarının vaxtında təmizlənmədiyi də var. Kommunal xidmətlər üzrə ekspert Ələkbər Ağasiyev mətbuata açıqlamasında xatırladır ki, tüstü bacaları ilə bağlı real vəziyyəti sovet dövrü ilə müqayisə etdikdə, 1990-cı illərin əvvəllərinə qədər qüvvədə olan və eyni zamanda, nəzarətçilərin, sahə rəislərinin vəzifə öhdəliklərini tənzimləyən təlimatın, həmçinin qaz təchizatında, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının müvafiq bəndlərinə əsasən, nəzarətçilər tərəfindən vaxtaşırı olaraq hər 2-3 aydan bir istehlakçıların, abonentlərin mənzillərində müvafiq qəza təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılırdı. İndiki zamanda isə bu öhdəlik yerinə yetirilmir.

Ekspert qeyd edir ki, tüstü bacaları illərlə təmizlənmir. Birmərtəbəli yaşayış evlərində baca his bağlayanda, ev sahibi özü onu təmizləyə bilsə də, hündürmərtəbəli yaşayış binalarında bu işin icrası sakinlərin imkanı xaricindədir.

«Azəriqaz» İB nümayəndəsi Tahir Kazımov isə bildirir ki, yaşayış evlərində mövcud tüstü bacalarının təmizlənməsi, işçi vəziyyətə gətirilməsi, onlara texniki qulluq ev sahibi tərəfindən həyata keçirilməlidir: «O binalar ki, ayrı-ayrı nazirliklərin, o cümlədən kooperativlərin balansındadır, həmin bina sahibləri binalarda tüstü bacalarının təmizlənməsinə, işçi vəziyyətinə salınmasına cavabdehlik daşıyırlar və onu təşkil etməlidirlər».

Kazımov fərdi yaşayış evlərində payız-qış mövsümündə metaldan düzəldilmiş sobalardan istifadə olunduğunu misal gətirərək deyir:

«Bu sobaların tüstü bacaları bina tikilən zaman inşa olunmur. Sadəcə olaraq, soba qoyulduqda divarda deşik açılır və sobanın borusunu bayıra çıxarırlar. Çox vaxt heç onu binanın üstündən yuxarı qaldırmırlar da. İran istehsalı olan sobalardan istifadə zamanı çox vaxt belə hallara yol verilir və hesab edirlər ki, soba özü tüstünü bayıra çıxaracaq. Halbuki sobanın tərkibində belə bir qurğu yoxdur. Bütün sobalarda işlənmiş məhsul olan tüstü onun xüsusi çəkisinə görə bayıra atılır. Birbaşa bayıra çıxarmaqla yanaşı, eyni zamanda, borunun diametrini çox az götürürlər: 66-77 millimetr. Halbuki təhlükəsizlk qaydalarına görə, bu, 125 millimetr olmalıdır».

Kazımov məsləhət görür ki, hər il mövsümdən əvvəl, ümumiyyətlə, ildə iki dəfədən az olmayaraq tüstü bacaları yoxlanılmalıdır:

«Qaz istismar sahələri ildə 2 dəfədən az olmayaraq vətəndaşların mənzillərində, o cümlədən sənaye müəssisələrində qaz avadanlıqlarına texniki baxış keçirir. Bu zaman qaz sobaları, onların sazlığı və tüstü bacasına qoşulma vəziyyəti yoxlanılır. Əgər sovurma yoxdursa, müvəqqəti olaraq o qurğuya qaz verilişini dayandırırıq. Son zamanlar sayğaclar mənzillərdən kənara çıxarıldığı üçün bizim əməkdaşları evin içinə buraxmırlar. Belə olduğu halda, sözsüz ki, texniki baxışda problemlər yaranır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 860