Türkiyə səfiri Bakı Ali Neft məktəbində
Bu günTürkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Bakı Ali Neft Məktəbində olmuşdur .
Qonağı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışmış, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açmışdır. O, Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd etmişdir. Bakı Ali Neft Məktəbi haqqında qonağa məlumat verən E. Qasımov bildirmişdir ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur ki, bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləmişdir.
Səfir İsmail Alper Coşkunbildirmişdir ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O vurğulamışdır ki, hər iki dövlət ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir- birimizə dəstək oluruq. Bütün sahələrdə günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Türkiyə Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirmişdir.
Görüşün sonunda Səfir İsmail Alper Coşkuna Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu verilmişdir.