Muəllif:

Tezliklə xlorlu su içməyəcəyik

İçməli suyun tərkibindəki zərərli maddələr xlor, ultrabənövşəyi şüalar, ozon, natrium-hipoxlorid kimi vasitələrlə və filtrasiya yolu ilə təmizlənir. Bunun nəticəsində su təmizlənir, lakin, bir sıra digər kənar maddələr əmələ gəlir ki, onlar da insan üçün zərərlidir.
Xlor — 1904-cü ildən içməli suyun dezinfektoru qismində istifadə olunmağa başlayandan bəşəriyyətin qəddar düşmənidir. Bir çox xəstəliklərin qarşısını alaraq o, digər daha qorxulu xəstəliklərin törədicisinə çevrilir: ürək problemləri, xərçəng, vaxtından əvvəl qocalma. Hətta suyun dezinfektoru qismində istifadə olunan xlor da təhlükəli kanserogendir.
Bir tərəfdən suyun xlorlanması bəşəriyyəti infeksiya xəstəlikləri və epidemiya riskindən azad etdi. Digər tərəfdən…
Ötən əsrin 70-80-ci illərdə alimlər müəyyən ediblər ki, xlorlaşdırılmış su kanserogen maddələrin yığılmasına səbəb olur. Xlorlanmış içməli suyu istifadə edən əhalinin arasında qida borusu, düz bağırsaq, süd vəzisi, boğaz xərçəngi, qara ciyər xəstəlikləri aşkar edilib.
Azərbaycanda daha çox xlorlama üsulundan istifadə olunur. Mühəndis-geoloq Vaqif Behbudoğlu «Mediaforum»a deyir ki, suyun xlorla təmizlənməsi insan sağlamlığına ciddi ziyan vurur:
«Xlorda çox təhlükəli kimyəvi maddələr mövcuddur, bu maddələr müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, şəkər xəstəliyini sürətləndirən amillərdən biri xlordur. Daha ucuz olduğu üçün bizdə bu üsula üstünlük verilir. Azərbaycan kimi az inkişaf etmiş ölkələr arasında olan Rusiyada isə artıq suyu natrium hipoxloridlə təmizləməyə başlayıblar. Belçika, Kanada və digər ölkələrdə daha proqressiv üsullardan istifadə olunur. Onların təcrübəsini öyrənmək və tətbiq eləmək lazımdır».
Vaqif Behbudoğlu ilk növbədə Kür suyundan imtina etmək lazım olduğunu bildirir:
«Əhaliyə verilən su Kür-Araz qovşağından götürülür. Ermənistansa öz mis mədənlərinin tullantılarını Araz çayına axıdır. Ona görə də suyu 20 kilometr yuxarıdan götürmək lazımdır. Birbaşa Mingəçevir su anbarından da əlavə xətt çəkmək mümkündür».
Tibb elmləri doktoru, professor Adil Qeybulla xlorun güclü dezinfeksiya vasitəsi olduğunu söyləyir, amma qeyd edir ki, xlorlama üsulu müasir standartlara tam cavab vermir, həm də xlor bəzi zərərli maddələri məhv edə bilmir:
«Hesab edirəm ki, içməli su hövzələrində təmizləmələr mərhələli aparılmalıdır. SSRİ dövründə Hacıqabul rayonun Talış kəndində bioloji süzgəclər mövcud idi. Hazırda bu süzgəclərdən istifadə olunmur. Su Kürdən birbaşa axıdılır. Bilirsiniz ki, Kür çayının bir qolu olan Araz çayı öz başlanğıcını Ermənistandan götürür. Orda mis mədənlərinin və başqa təhlükəli maddələr istehsal edən zavodların tullantıları bu çaya axıdılır. Bir neçə il əvvəl Azərbaycan Milli Aerokosmik Agentliyinin yoxlamaları zamanı içməli suyun tərkibində çoxlu ağır metal aşkar olunub».
Azərbaycanda içməli su probleminin çox ciddi olduğunu deyən Adil Qeybulla kran suyundan istifadə etməməyi məsləhət görür:
«Ceyranbatan su hövzəsində aparılan yoxlamalar göstərib ki, suyun tərkibində bağırsaq çöpləri var. Kran suyunu ya ənənəvi üsulla, yəni daşlardan süzməklə, ya da satışda olan filtrlərlə təmizləyəndən sonra işlətmək lazımdır».
Professor qeyd edib ki, içməli su problemi dövlət səviyyəsində həll olunmalıdır:
«İlk növbədə içməli su hövzələri qorunmalıdır. Kanalizasiya və məişət tullantılarının bu hövzələrə axıdılmasının qarşısı alınmalı, daxil olan suyun yerindəcə təmizlənib əhaliyə verilməsi təmin edilməlidir. Xlor və ya ozondan başqa xüsusi süzgəclərdən də istifadə olunmalıdır. Bir sözlə, suyun beynəlxalq standartlara cavab verməsi vacibdir. Belə bir suyun tərkibi orqanizmə lazım olan minerallarla zəngin olur. Nəzərə alınmalıdır ki, Böyük Qafqaz dağlarından götürülən suların tərkibində bəzi mikroelementlər çatışmır. Ona görə ya bu suların tərkibi zənginləşdirilməli, ya da Abşeron yarımadasında tərkibi mikroelementlərlə zəngin yeni su mənbəyi tapılmalıdır».
Sözsüz ki, suyun zərərsizləşdirilməsinin digər üsulları da mövcuddur. Məsələn, ozonlama və ultrabənövşəyi şüalar. Son zamanlar daha çox istifadə olunan ozon üsulu suyu daha effektli təmizləyir və ekoloji cəhətdən ən münasib üsullardan biri sayılır. Ozon, hətta suyun tərkibindəki dəmir və manqan hissəciklərini də məhv edir. «Azərsu» mətbuat xidmətindən bildirdilər ki, suyun ozonla təmizlənməsi üçün layihə hazırlanır. Hazırda xlordan imtina prosesi gedir. «Azərsu» ekspertlərinin Rusiyanın bir neçə elmi-tədqiqat institutunda görüşləri olub. Layihələr təsdiqlənəndən sonra ozonla təmizləmə üsuluna keçiləcək.
Ceyranbatanda inşa olunan ultra sutəmizləyici qurğu işə salınandan sonra xlordan ümumiyyətlə istifadə olunmayacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1105