Tağıyevin şəxsi əşyaları muzey ekspozisiyasında yer alacaq
Milli Azərbaycan Tarixi Muzeyində böyük metsenat Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi ekspozisiyasına yeni vitrin əlavə olunub. Vitrində Tağıyevə məxsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur.
Gümüşdən düzəldilən Quran qabı qızıl suyuna çəkilib, mina və qiymətli daşlarla bəzədilib. Belə ki, Şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdiriblər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə «Töhfeyi-Buxarayi-şərif» («Buxaradan hədiyyə») yazısı və «1225» təqvim ili göstərilib.
Vitrində islam dəyərlərini izah edən «Kəşf-ül-həqaiq» («Həqiqətlərin kəşfi») kitablarının iki nüsxəsi qoyulub. Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey əməkdaşlarının axtarışları nəticəsində 2012-ci ildə aşkarlanıb. Belə ki, muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən, yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu, Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilib.