Muəllif:

Strasburq məhkəməsi biz vergi ödəyicilərini cərimələdi

Strasburq məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların Azərbaycan hökuməti tərəfindən pozulmasını tanıyaraq 10 nəfər ölkə vətəndaşının şikayətini təmin edib. Bu barədə «Turan»a həmin vətəndaşlardan 9-nun hüquqlarını müdafiə edən Əsabəli Mustafayev bildirib. Söhbət 2003-cü il oktyabrın 16-da, prezident seçkilərindən bir gün sonra keçirilən etiraz aksiyasında iştiraka görə həbs edilənlərdən gedir. Onlar Müsavat Partiyasının fəalları — Həsən Məmmədov, Bəhruz Əsədbəyli, Elşad Məmmədov, Saleh Əliyev, Emin Hüseynli, Şirəli Həmidov, Sadiq Daşdəmirli, Ramiz Quliyev, hüquq müdafiəçisi və din xadimi İlqar İbrahimoğlu, «Ehtiyatda Olan Zabitlər Birliyi» QHT-nin rəhbəri Yaşar Cəfərlidir. Onlar həbslərinin qanunsuz olması ilə bağlı iddia qaldırmışdılar və Strasburq məhkəməsi onların azadlıq, ədalətli məhkəmə çəkişməsi hüququnun pozulmasını tanıyıb.
Məhkəmə qərara alıb ki, E. Məmmədova 12 min avro, İ.İbrahimoğluna 12,4 min avro, qalanların hər birinə 10 min avro ödənilsin. Bu, ilk dəfə deyildir ki, ölkəmiz cərimələnir. Özü də bu dəfə məbləğ daha yüksəkdir — 104 min 400 avro.
Beləliklə, onlara cərimə dövlət büdcəsindən ödəniləcək. Bu məsələdə diqqəti belə bir cəhətə yönəltmək lazım gəlir ki, cərimə pulları yanlış davranmış hüquq-mühafizə orqanlarının konkret əməkdaşlarının deyil, vergi ödəyicilərinin cibindən ödənilir. Bu pulların hakimlərin şəxsi vəsaitlərindən ödənilməsi daha ədalətli olardı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 189