Stalinin nəticəsi babasını «təmiz adam» sayır
Demə ki, Stalinin Tbilisdə yaşayan nəticəsi varmış — Yakov Cuqaşvili və bu cənab öz tiran babasını «təmiz adam» bilirmiş, hətta «çoxlu kitab oxuyub» və buna inanıb. Milyonları repressiya maşınının ağzına ötrüməsi həqiqətini isə «təbliğat zir-zibili» sayır.
«Stalinin cinayətkar hərəkətləri təsdiq olunmayıb. Əksinə, onun müsbət işləri çox olub. Böyük Vətən Müharibəsi zamanı sovet qoşunları onun rəhbərliyi ilə 6 milyonluq qoşuna qalib gəldi». Bu sözləri Stalinin nəticəsi Yakov Cuqaşvili Tiflisdə «RİA Novosti»nin ofisində keçirdiyi mətbuat konfransında özü və babası haqqında, eləcə də müasir Gürcüstan haqqında fikirlərini açıqlayıb (APA).
«Stalinin 8 nəvəsi və 8 nəticəsi var. Stalin öləndən sonra sovet təbliğatı onun əksinə işləməyə başladı. Bu əks-təbliğat onun ailəsinə təhqir idi. Mən babamın əleyhinə olan bu informasiya zibilliyindən çıxmaq üçün çox kitablar oxudum və Stalin haqqında yazan bəzi insanlar da mənim məlumatımı zənginləşdirdilər. O vaxtlar Sovetlər Birliyi hamını qul etmək istəyirdi. Stalini partiya aparatı zəhərləyib öldürdü. O, kommunist idi. O, 1936-cı ildə hakimiyyəti xalqa vermək təklifini irəli sürəndə bu təklif bəzi rəhbərlərin xoşuna gəlmədi. O zaman vəzifələrdə işləyən birinci katiblər düşünürdülər ki, onların sonudur. Stalin deyirdi ki, mən, sadəcə, bakılı təbliğatçıyam. Lakin onu Gürcüstanda qəddar və qaniçən adlandırırlar».
Cuqaşvili azərbaycanlı jurnalistin 1937-ci ildə Azərbaycanda Stalinin rəhbərliyi ilə Beriya və yerli rəhbərliyin törətdiyi saysız-hesabsız cinayətlərlə bağlı sualını belə cavablandırıb ki, onun «Azərbaycanın şair və yazıçılarının güllələndiyi barədə məlumatı yoxdur».
Lakin Maksim Qorkinin sözü olmasın, «faktlar yaman tərs şeydir». İndi məxfi saxlanan dövlət arxivləri açılıb və insanların kütləvi şəkildə məhv edilməsi barədə bir çox dövlət sənədlərinə «ellər atası»nın bilavasitə özünün imza atdığı üzə çıxmışdır. Bir çox hallarda repressiyalara özü bilavasitə sanksiya vermişdir. Bunlar artıq təsdiqlənib.
Toplantıda 13 ildir Tiflisdə yaşayan, əvvəllər 20 il Kanadada yaşamış yazıçı Roman Fin APA-ya açıqlamasında Stalin haqqında kitab yazdığını deyib:
«Mütəxəssislər hesab edirlər ki, mənim kitabım çox yaxşıdır. Qeyd edim ki, həmin kitab artıq iki ildir ki, Nobel mükafatına təqdim olunur. Mən 80-ci illərdə Kanadada «Sovet İttifaqının öyrənilməsi» adlı institut yaratmışdım. Stalin dünyaya pislik səpən, əsl cinayətkar idi. O, dəhşətli cinayətlərə imza atmış şəxs olub. O, hakimiyyətə gələndə, demək olar ki, bəşəriyyətin üçdə bir hissəsi kommunuzm ideyaları ilə zəbt olunmuşdu. Çin buna nümunə idi. Orada Mao Tzsedun Stalinin yolu ilə getdi. Harada kommunist rejimi vardısa, orda insanlara qarşı cinayət mövcud idi. Onlar ən savadlı insanları məhv edir, güllələyirdilər. Stalin öncə Gürcüstanla hesablaşdı, buradakı bəzi xalqları vətənindən sürgün etdi. Sonra Rusiya və Azərbaycana keçdi. Onun üçün millətin fərqi yox idi».