Sevinc Babayeva ölkədən qaçıb?
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində görünən Sevinc Babayeva beynəlxalq axtarışa verilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, S. Babayeva ölkədən qaçdığı üçün onu burada həbs etmək mümkün olmayıb. Azərbaycan hüquq-mühafizə orqanları S. Babayevanı hansı ölkədə gizləndiyini müəyyən edərək onun tutulması üçün İnterpola müraciət edib.
Artıq S. Babayevanın beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun rəsmi internet səhifəsində də yerləşdirilib. İnterpolun saytında Sevinc Babayevanın dələduzluq faktı ilə əlaqədar Azərbaycan tərəfindən axtarıldığı qeyd edilir. (http://www.interpol.int/Wanted-Persons/%28wanted_id%29/2012-350748)
Xatırladaq ki, APA bir müddət əvvəl S. Babayeva ilə bağlı hələ bir neçə il əvvəl dələduzluq faktına görə cinayət işinin başlanmasına dair məlumat yaymışdı. Həmin məlumata görə, Sevinc Babayeva bir neçə ilə əvvəl dələduzluqda ittiham edilib. O, 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və Sevinc Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı Sevinc Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, Sevinc Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub.
Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.
Məlum video yayıldıqdan sonra deputat G. Əhmədova istintaqa çağırılaraq dindirilsə də, S. Babayeva ölkədən qaçdığı üçün onun ifadəsini almaq mümkün olmayıb. Bu əmələlri məlum idisə, nə üçün indiyədək məsuliyyətə cəlb olunmadığı, hətta kitabxana müdiri kimi məcul vəzifədə çalışmaqda davam etdiyi, ölkənin siyasi sistemini məsxərəyə qoyan məlum video əhvalatından həmən sonra nə üçün nəzarətə götürülmədiyi, rahatca xaricə çıxıb gedə bildiyi isə hüquq-mühafizə orqanlarına ünvanlanan başqa sualdır