Muəllif:

Sərxoşluğun acı sonluğu: 12 il

Bu bayağı rəftar və ondan qaynaqlanan hiddət bax belə bir acı sonluqla nəticələnib. 12 il isə razılaşaq ki, balaca müddət deyil. Lənkəran Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə ittiham olunan Neftçala rayon sakini Ramil Məmmədovun (1980) cinayət işi bu şəkildə yekunlaşdı.
İttihama görə, Ramil Məmmədov ötən il sentyabrın 2-də sərxoş vəziyyətdə tanışı Əfrayıl Nəcəfova məxsus VAZ-21011 markalı maşında bacısı oğlu azyaşlı İmaməddin və onun atası Qulam Cəfərovla gedərkən Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində, kənd sakini Ələkbər Əhmədovun evinin qarşısında rayonun Pirəbbə kənd sakini Afət Babaşov fit verərək maşını saxlatdırıb.
Afət Babaşov onunla salamlaşaraq ərkyana onun başına və boynunun arxasına əlini çəkib. Ramil Məmmədov bunu özünə qarşı təhqir kimi qəbul edərək qəzəblənib. O, Afət Babaşovu öldürəcəyi ilə hədələyərək maşından düşmək istəyib. Lakin Əfrayıl Nəcəfov və qohumu Qulam Cəfərov, eləcə də, həmin yerdə dayanmış Elmar Əhmədov onun qətiyyətini görüb düşməsinə mane olmaq istəyiblər. Lakin Ramil Məmmədov onların müqavimətini qırıb, maşından düşərək Afət Babaşovun ünvanına nalayiq söyüşlər söyüb.
O, Afət Babaşovun üzərinə hücum edib. Qohumu Qulam Cəfərov və digər şəxslər onu saxlamağa cəhd etsələr də, əllərindən çıxıb. Onun bu hərəkətlərindən qorxuya düşən Afət Babaşov qaçaraq orada dayanan T-80 markalı traktorun yedəyində olan aqreqatın arxasında gizlənib.
Lakin həmin yerdə Afət Babaşovu tapan Ramil Məmmədov özündə olan bıçaqla vurub. Bu zaman Afət Babaşov lingi götürüb və onun bu hərəkətinə mane olub və çoxsaylı bıçaq zərbələrindən xilas olub.
Bu vaxt Ramil Məmmədovun qohumu Qulam Cəfərov cinayətin qarşısını almaq məqsədilə onu qucaqlayıb sakitləşdirmək istəyib. O, cinayətkar hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Qulam Cəfərova əlindəki bıçaqla öndən bir zərbə endirib.
Qulam Cəfərovun müqavimətini bu üsulla qırdıqdan sonra daha da azğınlaşaraq Afət Babaşovu öldürmək məqsədilə yenidən ona hücum edib. Afət Babaşov canını qurtarmaq üçün qaçaraq özünə məxsus T-80 markalı traktorun kabinəsinə girib və qapını içəridən bağlayıb.
Ramil Məmmədov traktorun qapısını aça bilmədiyindən bıçağın tiyəsi ilə traktorun qapı və pəncərə şüşəsinə bir neçə dəfə zərbə endirib. Bıçağın tiyəsinin sındığını görən Əfrayıl Nəcəfov Ramil Məmmədovu arxadan qucaqlayaraq hadisə yerindən uzaqlaşdırıb. Nə isə, Ramil Məmmədov yaralı vəziyyətdə olan Afət Babaşovun əhədini kəsə bilməyib.
Ramil Məmmədov məhkəmə ifadəsində bildirib ki, onu bıçaqla deyil, dırnaqtutanla vurdum. Hadisə yerindən tapılmış bıçaq tiyəsi isə ona aid deyil, həmin bıçaq tiyəsini özləri atıblar. Afəti və Qulamı bıçaqla vurması yadında deyil:
«Afəti öldürmək fikri olmayıb. Əsəb xəstəsiyəm. Həkim içki içməyimi qadağan etsə də, yeznəsi ilə yarım litr araq içmişəm. Bu isə mənə pis təsir edib, beynim qızıb…»

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 231