Senator Luqar yeni qanun layihəsi hazırlayıb
Məşhur amerikalı senator, respublikaçı Riçard Luqar həmkarlarını və ABŞ hökumətini, Azərbaycan hökumətini və SOCAR-ı «gələcəkdə anlaşılmazlıqları minimuma endirmək üçün «Şahdəniz» yatağı və digər işlənən yataqlarla bağlı texniki və istismar məsələlərini daha fəal müzakirə etməyə» çağırıb.
«Turan»ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu barədə Luqar bu yaxınlarda Senatın beynəlxalq münasibətlər Komitəsində dinləmələr zamanı bildirib. O həmçinin Azərbaycan prezidenti İlham Əliyevin oktyabrda BP-ni çoxsaylı səhvlərdə, qeyri-effektiv neft hasilatında və bunun nəticəsində hasilatın və gəlirlərin azalmasında ittiham etməsindən sonra Azərbaycan hökuməti və BP arasında mübahisələrlə bağlı narahatlığını bildirib.
Hər iki tərəfin ritorikasında siyasi elementlər var idi və bu hal «Şahdəniz-2» layihəsinə təsir göstərə bilər (investorlar etimadı itirərsə), Türkmənistan isə Transxəzər layihəsi üzrə əməkdaşlığa şübhə ilə yanaşacaq, deyə Luqar yeni qanun layihəsini təqdim edərkən bildirib.
«Bu sənəd kritik bölgələrdə enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək», deyə o qeyd edib. Bir qrup konqresmenin Bakıya səfəri zamanı Cənubi Qafqaz boru kəmərinin «Şahdəniz-2» çərçivəsində daha böyük həcmdə qaz nəqli üçün zəruri olan müasirləşdirilməsi variantları ilə bağlı da BP və SOCAR arasında belə mübahisə olub.
«Cənubi Qafqaz boru kəməri ətrafında mübahisə həll edilsə də, texniki fikir ayrılıqlarının BP və SOCAR arasında asanlıqla böhrana səbəb ola biləcəyi faktı narahatlıq üçün səbəb və bir sıra investisiya layihələri üçün təhlükədir», deyə Luqar qeyd edib.
Luqarın qanun layihəsinin mahiyyəti açıqlanmır, lakin bir sıra mənbələrdən «Turan»a verilən məlumata görə, qanun layihəsi «Azərbaycanın energetika sahəsində iştirak edən beynəlxalq şirkətlərin rəqabətini sağlamlaşdırmaq və gələcəkdə mümkün mübahisə və fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi daşıyır». ABŞ-da bilirlər ki, Azərbaycan üçün Qərb istiqamətinin əsas alternativi Rusiya ilə neft-qaz əməkdaşlığı olaraq qalır.
Regionda Azərbaycan qazından başqa (1,3 trilyon kubmetr) Türkmənistan (24,3 trln.), Qazaxıstan (1,9 trln.) və Özbəkistan (1,6 trln.) qazı var. Bütün bunlar Azərbaycanı əsas tranzit ölkəsinə çevirə bilər, lakin indiyədək Azərbaycan bu perspektivi tam qəbul etməyib və digər ölkələrdən Cənub dəhlizinə qaz buraxılması ilə bağlı planları haqqında ziddiyyətli siqnallar verir. «Zəmanətli tranzit çıxışı olmadan Transxəzər qaz kəməri həyata keçirilməyəcək», Luqar belə hesab edir.
Buna görə senator ABŞ administrasiyasına Nabucco-ya — Avropaya Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə qaz gətirəcək layihəyə ciddi diqqət yetirməyi tövsiyə edir. Eyni zamanda, «Şahdəniz» yatağından qaz Qərbi Avropaya çatmasa, Transadriatik layihə ilə məhdudlaşsa (Yunanıstan, Albaniya, İtaliya), o, transmilli şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
İran hökumətinin «Şahdəniz»də 10% payı olduğunu nəzərə alaraq, Vaşinqton İrana qarşı sanksiya çərçivəsində bunu edə bilərdi. «Baxmayaraq ki, «Şahdəniz» «Mərhələ-1» sanksiyalardan azaddır, «Şahdəniz-2» qazının (və köməkçi layihələrin) taleyi yekun təyinat nöqtəsindən asılı olacaq.
Bununla əlaqədar olaraq, Nabucco «Şahdəniz-2″dən və onunla bağlı boru kəmərlərindən qazın sərbəstliyini təmin edəcək», deyə qanun layihəsində bildirilir. Senator həmçinin prezident Barak Obamanı israrla Dövlət Departamentində Avrasiya energetikası ilə bağlı xüsusi nümayəndə postunu saxlamağa çağırır. ABŞ bu məsələ ilə bağlı diplomatik səyləri yüksək səviyyədə saxlamalıdır.
Luqarın qanun layihəsi yeni il tətilinə ayrılan Konqresə təqdim edilməyəcək. Luqar özü də dekabrın sonunda istefaya gedir. «Senatda əsas fiqurlar qanun layihəsini dəstəklədiklərini bildiriblər», deyə Senat əməkdaşı Nil Braun bildirib. Cənub dəhlizi layihəsini fəal şəkildə dəstəkləyən Luqar özü artıq uzun illərdir ki, Senatın təqdirini almaq üçün həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırırdı.