Səfir: İsrail Azərbaycanla əmtəə dövriyyəsini artırmaq istəyir
İsrail hökuməti gələn il Azərbaycan ilə əmtəə dövriyyəsini xeyli artırmaq niyyətindədir. «Trend»in məlumatına görə, bu barədə jurnalistlərə İsrailin Azərbaycan səfiri Rafael Harpaz bildirib. Onun sözlərinə görə, cari ilə olan məlumatlara əsasən, əmtəə dövriyyəsi artıq 4 milyard dollardan çox təşkil edib və gələn il bu göstəricini artırmaq üçün yaxşı perspektivlər var.
«Azərbaycanda yaxşı biznes mühiti mövcuddur və İsrail şirkətləri bu ölkə ilə əməkdaşlığa maraq göstərirlər», — Harpaz qeyd edib. Diplomat deyib ki, İsrail şirkətlərinin Azərbaycana cəlb edilməsi məqsədilə hökumət ikiqat vergitutmadan yayınmaq, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, diplomatlar və xidməti pasportu olan şəxslər üçün viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalamağı planlaşdırır.
Harpaz əməkdaşlığın vacib sahələrindən biri kimai enerji sektorunu da qeyd edib. «Bu yaxınlarda İsraildə neft-qaz yataqları aşkar edilib, Energetika Nazirliyi yaradılıb və ölkə hökuməti Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək niyyətindədir», — deyə səfir bildirib.
Hazırda İsrail şirkətləri Azərbaycanda kənd təsərrüfatı, su təsərrüfatı və su təchizatı, səhiyyə, rabitə və telekommunikasiya sahələrində fəal işləyirlər. Səfir vurğulayıb ki, kiber-texnologiyalar sahəsində əməkdaşlıq da planlaşdırılır. Əməkdaşlığı dərinləşdirmək məqsədilə İsrail-Azərbaycan ticarət palatasının yaradılması nəzərdə tutulur. Harpaz qeyd edib ki, İsrail tərəfinin fikrincə, palata iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcək.