Muəllif:

Rüşvət almaqdan heç kəs qorxmur

Korrupsiya və rüşvətxorluq üstündə son dönəmin xeyli sayda həbs faktları rüşvət almağa öyrəşmiş məmurları zərrə qədər qorxutmur. Necə deyərlər, dəyirman öz işindədir. Baş Prokurorluğun yeni korrupsiya faktlakı ilə bağlı yaydığı məlumatlardan çıxış etsək, enerji satışı, səhiyyə, sosial müdafiə sahələrində əlləri rüşvətə öyrəşənlər adətlərini tərgidə bilmirlər.
Sumqayıt REŞ MMC-nin mühəndisi Məhəmməd Quliyevin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin, cəmiyyətin hesabına mədaxil etmədən nə az, nə çox 41 min manat məbləğində vəsaiti alaraq mənimsəyib. Bununla da o, MMS-yə külli miqdarda ziyan vurub.
Quliyevə qarşı CM-nin «mənimsəmə və ya israf etmə» və «vəzifə səlahiyyətlərindən sui-istifadə» maddələri ilə cinayət işi açılıb.
Başqa bir fakt İsmayıllı rayonunda qeydə alınmışdır. Aybəniz Əzizova və Şölə Nadirovanın qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə materiallar daxil olub. Müəyyən edilib ki, Aybəniz Əzizova (1960) və Şölə Nadirova (1961) yaşa görə əmək pensiyası almaq məqsədi ilə 2004-cü ildə İsmayıllı rayon polis şöbəsindən müvafiq olaraq 11 fevral 1954-cü il və 17 avqust 1953-cü il tarixlərdə doğulmaları barədə saxta şəxsiyyət vəsiqələri əldə ediblər. Bundan sonra həmin vəsiqələri digər zəruri sənədlərlə birgə Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə təqdim edərək Aybəniz Əzizova 7 min 257 manat, Şölə Nadirova isə 7 min 287 manat məbləğində əmək pensiyası alıblar.
Bu fakt «dələduzluq» maddəsi ilə tövsif olunub və cinayət işi başlanıb. Bildirilir ki, bu cinayətin işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının olduğu da ehtimal edilir, onları müəyyən etmək üçün araşdırma aparılır. Öz növbəsində, hər iki «pensiyaçı» dələduzluq əməlinin cəzası o yana, vurduqları ziyanı da geri ödəməli olacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194