Rusiya taxılı bahalı olsa da…
Taxıla olan tələbatı tam şəkildə daxili istehsal hesabına ödəmək mümkün deyil. Məhz ona görə daxili istehsalla yanaşı, müəyyən həcmdə taxıl idxal olunur. Hazırda Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Azərbaycana Rusiyadan idxal olunan taxıl Qazaxıstandan gətirilən taxıldan təqribən 30% baha başa gəlir. Eyni zamanda, Azərbaycan taxılı müxtəlif mənbələrdən idxal etməyə çalışır ki, bir ölkədən asılılıq yaranmasın. Lakin bu il situasiya bir qədər dəyişib. Belə ki, Rusiyada 2012-ci ilin yekunlarına görə, taxıl istehsalı təxminən 20 %-ə qədər düşüb. Taxıl istehsalının düşməsi də taxılın qiymətinin yüksəlməsinə gətirib çıxarıb. Rusiya bazarında yalnız Azərbaycana ixrac etdiyi yox, eyni zamanda, bütövlükdə dünya bazarına çıxardığı taxıl məhsullarının qiymətində artımlar var. Bu halda Azərbaycan nə etməlidir?
Vüqar Bayramov qeyd etdi ki, Rusiya bazarında taxılın qiymətinin və bizim Rusiyadan idxal etdiyimiz taxılın qiymətinin Qazaxıstandan idxal etdiyimiz taxılın qiymətindən yüksək olmasına baxmayaraq, Rusiyadan taxıl idxalını ləğv etmək məqsədəuyğun olmazdı. Çünki, bunun ən ciddi mənfi tərəfi ondan ibarətdir ki, Rusiya taxılının idxalından imtina Azərbaycanın Qazaxıstanın taxıl idxalından asılılığının gücləndirilməsinə gətirib çıxarar. Yəni, praktiki olaraq Azərbaycan Qazaxıstandan asılı olar. Nəzərə alsaq ki, Azərbaycan il ərzində 2.7 milyon ton taxıl istehsal edir və bunun 1.7 milyon tonu çörək istehsalı üçün istifadə oluna bilən buğda məhsuludur.
Bayramov onu da xatırladır ki, bəzi hallarda Qazaxıstan özü taxıl istehsalının bu ölkədə azalması səbəbindən ixracata məhdudiyyət qoyur:
«O baxımdan bir ölkədən taxıl idxalının asılılığı Azərbaycan üçün strateji və səmərəlilik baxımdan ciddi problemlər yarada bilər. İkinci səbəb onunla bağlıdır ki, Rusiya Azərbaycanın taxıl idxal və ixracatında əsas tərəfdaşlarından biridir. Azərbaycan heç bir halda öz tərəfdaşından imtina etməməlidir. Amma hazırda istehsal aşağı düşdüyündən Rusiyada taxıl ixracatı bahadır. Eləcə də, dünya bazarında da qiymət yüksəkdir. Amma bu o anlama gəlmir ki, növbəti illərdə Rusiyanın taxıl ixracatındakı qiymətlər digər ölkələrlə müqayisədə yüksək olacaq. O baxımdan hətta digər ölkələrlə müqayisədə Rusiyada qiymət artımları olsa belə, Azərbaycan Rusiyadan taxıl idxalını davam etdirməlidir. Heç bir halda bu əməkdaşlığın dayandırılması arzuolunan deyil. Üçüncü səbəb də onunla bağlıdır ki, Azərbaycan üçün idxalın şaxələnməsi olduqca vacibdir. İdxalın şaxələnməsi həm Azərbaycan biznesmenləri üçün vacibdir, həm də Azərbaycanın idxal mənbələri ilə bağlı seçim etmə imkanlarını genişləndirir. Ona görə də idxalın şaxələnməsi baxımından Azərbaycan heç bir halda Rusiyadan taxıl idxalını dayandırmamalıdır. Çünki, hazırda Rusiyadakı qiymət artımı müvəqqəti və mövsümi xarakter daşıyır».
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da qeyd etdi ki, birmənalı olaraq Rusiyadan taxıl idxalını dayandırmaq düzgün olmaz: «Onsuz da bu il Qazaxıstanda taxıl idxalının həcmini artırmışıq. Nəzərə almaq lazımdır ki, Rusiyada istehsal olunan buğda, Qazaxıstanda istehsal olunan buğdadan fərqli olaraq keyfiyyətlidir. Çörəkbişirmədə isə əldə olunan çörəyin keyfiyyətinin yaxşı olması üçün mütləq keyfiyyətli buğdadan istifadə edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi də bildirir ki, Rusiyadan idxalın həcmi azaldılacaq. Amma hökumət belə məhdudiyyət qoymamalıdır. Bu işlə sahibkarlar məşğul olmalıdır. Qiymət sərf edirsə və keyfiyyəti yaxşıdırsa, biz istənilən ölkədən buğdanı idxal edə bilərik».