Rusiya ilə əmtəə dövriyyəsi 3 milyarda çata bilər
Bu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında qarşılıqlı əmtəə dövriyyəsi 3 milyard dollara çata bilər. «Trend»in məlumatına görə, bu barədə cümə günü Rusiyanın Azərbaycan səfiri Vladimir Doroxin azərbaycanlı jurnalistlərlə keçirilən ənənəvi görüşdə bildirib.
Təbii ki, əmtəə dövriyyəsinin belə bir sanballı rəqəmlə ifadə olunması bizdə məmnunluq doğurur. Deməli, Rusiya və Azərbaycan iqtisadi sferada normal və etibarlı tərəfdaşdır. Özəlliklə indiki qarışıq dünyamızda bu, önəmli haldır. Lakin Ermənistan öz bazarı və potensialı ilə Rusiya üçün bizimlə müqayisədə nə dərəcədə etibarlı və faydalı tərəfdaşdır? Bu incə məsələni uzun illər Ermənistanda səfir olmuş cənab Doroxin bizdən daha yaxşı bilər. Lakin bizi hər zaman maraqlandıran o olub ki, Rusiya siyasi məsələlərdə, Qarabağın işğaldan təmizlənməsində Azərbaycanın — etibarlı iqtisadi tərəfdaşının yanında yer almır…
Səfir görüşdə Rusiyaya qarşı diqqətə görə Azərbaycan mətbuatına təşəkkür edib. Doroxin KİV-in strateji tərəfdaşlıq səviyyəsinə çatan ölkələr kimi Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirib. «Rusiyada siyasi həyatın fəallaşması, vətəndaş cəmiyyətinin təşəkkülü, son illər əldə edilən sosial nailiyyətlərin qorunması prosesi gedir. Bütün bunlar Azərbaycan mətbuatında da öz əksini tapır», — deyə səfir qeyd edib.
Doroxin vurğulayıb ki, heç də həmişə Azərbaycan KİV-ində yayılan məlumatlarla razılaşmır. «Lakin biz azad söz və mətbuat prinsiplərini qəbul edirik, eləcə də bunlara sakit yanaşırıq. Faktlara qarşı hörmət əsasdır», — deyə səfir bildirib. Sonra Doroxin «Mir» Dövlətlərarası Teleradio Şirkətinin nümayəndələrinə ikitərəfli əməkdaşlığın fəal işıqlandırılmasına görə diplomlar təqdim edib.