Rus xalqının ikiyə bölünmə prosesi başladı
Noyabrın 24-də Moskva ətrafında Rusiya Federasiyası Kazak Partiyasının təsis qurultayı idi. Rostov vilayətinin qubernatoru Sergey Bondarev bu partiyanın sədri seçildi. Qurultayda bildirlmişdir ki, rus xalqı adı ilə tanınan və bu dövlətin əsas fəqərə sütunu hesab olunan kazak xalqının vətənpərvərlik hisslərindən daim istifadə edilmiş, onlardan daha çox imperiyanın sərt xarakterli inkişafı üçün yararlanmışlar. Artıq zaman yetişmiş və kazak xalqının da hüquqları tanınmalıdır. Hətta qurultayda qeyd olunmuşdur ki, rus-kazak xalqından Moskvanın və Rusiya imperiyasının «Daxili Qoşun Qüvvələri» kimi istifadə olunmayacaqdır. Partiyanın əsas strategiyası kazakların öz tarixi torpaqlarına sahib çıxmasını təmin etmək və rus-kazak xalqının milli varlığının tanınmasını təmin etmək olacaqdır.
Rus kazakları kimi tanıdığımız toplum əski türklərdir
Qara dəniz hövzəsi, Don çayının sahilləri, Quzey Qafqazın bozkırları, Dünay və Volqa çaylarının vadiləri boyunca yaşayan qədim iskit, sarmat, qot, hun, alan, bulqar, xəzər, peçeneq (biçənək), polov, qıpçaq, kuman xalqlarının protoxristian (ilkin xristianlıq) dönəmində və sonralar da türk dilində danışqıdları barədə elmi həqiqətlər uzun illər gizli saxlanılmışdır. Bu xalqların indi rus kazakları kimi formalaşmasında əsasən türklərin qıpçaq və fin-uqor dil ailəsinə mənsub olan toplumlar iştirak etmişlər. Şərqi Avropada german və slavyan xalqlarının etnogenezi ilə məşğul olan alimlər rus kazaklarının türk mənşəli olmasını etiraf etmişlər.
Kazak adı ilə tanınan bu toplum tarixin ən əski çağlarında Roma və Bizansa məxsus orduların, vikinqlərin yürüşlərinin qarşısını kəsən, onların Avropanı öz təsir dairəsinə almaq iddialarının qarşısını alan tək qüvvə olmuşdur. Xəzər, avar, hun və bulqar türkləri tərəfindən yaradılan nəhəng imperiyalar dönəmində onlar ən sonuncu zirvə olan Alp dağlarına qədər irəliləmişlər.
Tarixi qaynaqlarda qeyd olunduğu kimi, Dünay çayının sahillərində 6-cı yüzildən başlayaraq, protoxtistianlıq mədəniyyəti tədricən ortodoks kilsəsinin təsiri altına düşməyə başladı. Belə ki, Bizans imperiyasının çiçəklənməsi və hərbi qüdrətinin artması Dünay və Don çayları vadilərindən başlayaraq, Volqa və Kama çayları sahillərinə qədər ortdoks kilsəsinin təsir dairəsi sürətlə artmağa başladı. Şərqi Avropa coğrafiyasında yaşayan bu əski türklərin mədəni həyat tərzi üç kəsimə bölünməyə başladı. Onlar Gök Tanrı, Xritsitan və İslam inanclarından birinə üz tutmaqla mövcud həyat tərzini davam etdirməyə başladılar. Bu barədə məşhur rus alimi N. Karamzin qeyd etmişdir:
«437-ci ildən sonra güclənən ortodoks kilsəsini bu gün bizlər pravoslav kilsəsi olaraq adlandırmaqla, gələcəyimiz üçün çox böyük itkilərin əsaslarını qoymuşuq. Protoxristian inancını ifadə edən bütün kilsə ədəbiyyatları çox təəssüflər olsun ki, yandırılmışdır. Həmin tarixi dönəmi ifadə edən kiçik əlyazmalarda qeyd olunur ki, torkler, berendilər və peçeneqlər indiki türklərin (noqay, qaraçay, tatar, kumuk) dilində danışırdılar. Kiev kilsəsinin kitabxansındakı həmin əlyazma kitabları yandırmaqla bu toplumların mədəni irsini məhv etdilər»…
Məşhur türkoloq Oljas Süleymenovun «Az i ya» kitabında da qeyd olunduğu kimi, 1361-1451-ci illərdə avropalıların güclü təzyiqləri nəticəsində bu toplumlar pravoslav kilsəsinin təsiri altında sürətlə ruslaşdırıldılar. İndi onlar sadəcə rus-kazak xalqı adlanırlar. Kazaklar 1553-cü ildə bir toplum olaraq, öz təbii genetik döyüş qabiliyyəti sayəsində çar İvan Qroznının rəhbərliyi altında çağdaş Rusiya dövlətinin təməlini qoydular. Rusiya bunun ardınca Yapon dənizi qıyılarına kimi özünün coğrafi sərhədlərini genişlədə bildi. Çünki kazaklar xristianlaşmaqla yanaşı, həm də ruslaşmalarına baxmayaraq, öz genetik yaddaşlarının gücü ilə bu siyasətin vuran qılıncı rolunda çıxış etmişdilər.
Rus kazak toplumu Ussuri vadisindən Dünay sahillərinədək bu gün də yaşamaqda davam edir. Keçmiş SSRİ dönəmində rus kazaklarının öz etnik kimliklərini, özəlliklə türk mənşəli olduqlarını dilə gətirmək, bu yöndə elmi tədqiqatlar aparmaq dövlət siyasəti olaraq tam yasaq idi. 1930-cu illərdə məşhur yazıçı, mənşəcə kazak olan Nobel mükafatı laureatı Mixail Şoloxov «Sakit Don» əsərində qoca kazakların türkcə danışıqları əsasında bir neçə deyimdən istifadə etmişdi. Buna görə Moskva Şoloxova qıyğacı baxırdı.
Sovetlər Birliyi dağıldıqdan sonra, məşhur etnoqraf alim Maksim Qluxov-Noqay Bekin liderliyində rus kazaklarının əski türklər olması yönündə çoxsaylı elmi ədəbiyyatlar dərc oluynmağa başladı. Bu yöndə Q. Bayer, V. Tatişev, V. Pudakov, M. Karamzin, Martin Belski, Q. Qrabyank, M. Kostomarov, N. Ulyanov, Y. Makarenko, A. İ. Skrılov, Q. V. Qubarev, Stanislav Auskiy, Viktor Suvorov, D. N. Bantış-Kamenski, Afanasi Şafonski, L.Ravozjaeva, İsmayıl Miziyev, Zeytun Zukayev, Maxti Curtubayev, Nazir Budayev, Salav Əliyev, Qabdelbar Fayzrəhmanov, İbrahim İsmayıl Xan, Riza Bariyev, Murad Acı və digər onlarca alimlərin elmi tədiqatları nəticəsində ilk dəfə olaraq rus kazakları adı ilə tanınan bu toplum etnik milli kimlik məsələsində SUB ETNOS konsepsiyasını irəli sürməyə başladı.
Belə bir arzuedilməz və gözlənilməz prosesi diqqətlə təqib edən Kreml kazakları «ağ qvardiya» və «qırımızı qvardiya», yəni demokratiya və köhnə kommunist siyasətinin tərəfdarları cəbhəsinə bölməyə, bununla da kazakların etnik-milli məsələdə konsolidasiyasının qarşısını almağa cəhd etdi. Daha sonra isə bu toplumu regionlararası konfliktlərdə «Rus Kazak Hərbi Birlikləri» adı altında, eynilə tarixdə olduğu kimi, hərbi məqsədlərə yönəltməyə çalışdılar.
2002-ci ildə Rusiyada əhalinin siyahıya alınması zamanı gözlənilmədən Rostov vilayətində kazaklar onların etnik mənşə baxımından rus deyil, sadəcə KAZAK adlandırılmaları şərtini irəli sürdülər. Vilayətdə 250 min nəfərin etnik kimlik məsələsində beləcə «rus-kazak»lar bir etnos olaraq qeydiyyata alındılar. Bu proses daha sonra Stavropol, Həştərxan, Volqoqrad, Samara, Novqorod, Çelyabinsk, Tümen, Perm, Orenburq və digər quberniyalarda da inkişaf etməyə başladı.
Moskvanın siyasi təzyiqlərinə baxmayaraq, 2010-cu ildə əhalinin siyahıya alınması zamanı bəlli oldu ki, rus kazakların sayı ölkə üzrə 20 milyon nəfərdən çoxdur. Hazırda rus kazakları özlərinin etnik kimlik məsələsində protoxtistian və ya Gök Tanrı inancları ətrafında mədəni təsisatlarını yaratmağa başlamışlar… Krasnodar, Rostov, Stavropol vilayətlərində bu yöndə elmi konfranslar keçirməklə yanaşı, həm də etnoloji baxımdan fərqli bir millət olduqları iddiasını da müdafiə edirlər.
Əksər rus-kazak alimlərinin fikrincə, onların bir etnos kimi mövcudluğunu qorumaq üçün mədəni təsisatlarla yanaşı, həm də ictimai-siyasi proseslərdə aktiv olmağın zamanı çatmışdır. Belə ki, özəlləşdirmə siyasəti adı altında qeyri-ruskazaklar bu topluma məxsus yararlı əkin sahələrini ələ keçirməklə onların bütün hüquqlarını əllərindən almağa başlamışlar. Xüsusilə Krasnodar, Stavropol və Rostov vilayətlərində daha güclü dayaqlara malik olan ruskazaklar erməni, yunan və kürd işbazlarını mümkün qədər sıxışdırmağa doğru hərəkət etməkdədirlər.
Rusiyanı son 20 ildə idarə edən siyasi və iqtisadi oliqarxiyanın əsas strateji hədəfi bütün xalqları feodalizm dövründə olduğu kimi təhkimçilik qanunları ilə idarə etməkdir. Bu yöndə onlar Rusiya Dövlət Duması və Rusiya Federasiya Şurasında özlərinin elitar təbəqəsini yaratmaqla müvafiq qanunverici bazanın başında dururlar. Kreml bu məcrada indiyə qədər rus-kazak toplumunun milli kimliyinin, həm də mülkiyyət hüquqlarının əlindən alınma siyasətini müdafiə edirdi.
Kazakların bu qurultayı göstərdi ki, Kremlin kazaklara yönəlik siyasəti iflasa uğramışdır. Bunu «pat» vəziyyəti də adlandırmaq olar.
Son illər Quzey Qafqaz respublikalarında baş verən etnik və regional münaqişələrin çılpaqlığı bir daha sübut edir ki, bölgədə sadəcə radikal dinçilik, terrorizm və digər amillərə səbəb olan əsas problem yerli toplumların milli və tarixi mülkiyyət hüquqlarının tanınmamasıdır. İndi bu prosesə federasiyanın subyekti olan 23 respublika da qatılmışdır. Etnoloji baxımdan ən sonda mübarizə meydanına qatılan rus kazakları da heç kəsdən geri qalmaq istəmirlər.
Rusiya Kazak Partiyasının qurultayında o da qeyd olunmuşdur ki, 2013-cü ilin sentyabrında quberniyalarda bölgə parlamentlərinə seçkilərə qatılacaq və bunun ardınca Rusiya Dövlət Dumasında daha çox nümayəndə ilə təmsil olunmaq üçün hərəkətə keçəcəklər. Partiyanın sədri Sergey Bondarev bildirmişdir:
«Rusiyada çox geniş sosial bazaya malik olan Vahid Rusiya Partiyası, Rusiya Yurdsevərlər Partiyası, Rusiya Liberal Demokrat Partiyası, Rusiya Kommunist Partiyası və digər siyasi və ictimai təşkilatlar öz dayaqlarından məhrum qalacaqlar. İndiyə kimi biz kazakların hüquqlarını tanımadıqları üçün bundan peşiman olacaqlar. Bizlər 20 milyonluq bir etnosuq. Bax bunu unutmaq olmaz».
Hazırda Rusiya hüquq sistemində bürokratik siyasəti idarə edənlər «etnik və milli kimlik üzrə siyasi partiyaların yaradılması qanunla yasaqdır» ideyasını ortaya atmışlar. Hətta Kreml administrasiyasının milli münasibətlər üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Sokolov dolayı yolla rus-kazakları təhdid edərək demişdir ki, onlar sadəcə, milli-mədəni təsisatlar yaratmaq hüququna malik ola bilərlər. Məhz bu açıqlamaya etiraz əlaməti olaraq rus-kazak cəmiyyətləri bir araya gələrək bütün Rusiya boyunca etiraz hərəkatına başlamışlar.
Rusiyada baş verən «Milyonların Marşı Hərəkatı» da məhz rus-kazak cəmiyyətlərinin təşəbbüsü ilə irəli sürülmüşdür. Bu xalqın etnik kimlik məsələsinə qarşı basqıları bir tərəfdən kilsə, digər yandan isə bütün dövlət strukturları, özü də ciddi bir şəkildə yönəltməkdədir. Rus-kazak təşkilatları isə bildirirlər ki, faktiki olaraq onlara məxsus olan tarixi ərazilər hər il daha güclü oliqarxlar tərəfindən işğal olunmaqdadır. Dövlət isə hər şeyə seyrçidir. Buna görə də, bizlər rus etnik kimliyi konsepsiyasından imtina etməklə, özümüzün subetnos hüququmuzu inkişaf etdirməliyik. Eyni zamanda, bu istiqamətdə özümüzün sosial, ictimai və siyasi stukturlarımıza malik olmalıyıq. Rusiyanın bir dövlət olaraq mövcudluğuna görə bizlərə borclu olduğunu isə Kreml unutmamalıdır.
Siyasi müşahidəçilərin fikrincə, rus-kazak toplumunun siyasiləşməsi, onların rus olmaq qavramından uzaqlaşmaları Rusiyada 1905-1917-ci illərdə baş verən prosesləri xatırladır. Hər bir toplum öz mədəni və sosial hüquqları üçün gərgin mübarizə aparırdı. Nəticədə Çarlıq Rusiyası dağıldı…