Muəllif:

Riçard Morninqstar: «İnsan alveri ilə bağlı mövcud statistika aysberqin görünən hissəsidir»

«Traffikinq termininə həm məcburi əməyə cəlb etmə, həm də cinsi istismar daxildir. Tək xarici vətəndaşlar deyil, ölkə vətəndaşları da traffikinqə məruz qala bilərlər». APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycan səfiri Riçard Morninqstar ATƏT Bakı Ofisi tərəfindən təşkil olunan «İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi» mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Səfir dövlət katibi Hillari Klintonun bu məsələ ilə bağlı narahatlığını dəfələrlə ifadə etdiyini xatırladıb:
«Dünyada hər il 20 milyon kişi, qadın, uşaq insan alverinin qurbanı olur. Onlardan 2 milyon fakt Cənubi və Şərqi Avropada qeydə alınıb. 14 milyon insan isə məcburi əməyə cəlb olunub. Bu, çox böyük rəqəmlərdir. Lakin bu, aysberqin görünən hissəsidir. Bu problemlə mübarizə aparmaq üçün müvafiq mərkəzlər yaradılır, bu işə QHT-lər cəlb olunur. Biz bu işə həmçinin özəl sektoru da cəlb edirik. Azərbaycanda bizim çox yaxşı tərəfdaşlığımız var. İnsan alveri ilə mübarizə üçün biz prokurorlar və vəkillərlə çalışırıq. Birgə əməkdaşlıq — insan alverinə qarşı mübarizədə ən effektiv vasitədir».
Öz növbəsində ATƏT Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib ki, insan alveri günümüzün ən ağır insan hüquqları cinayətlərindən biridir. Səfirin sözlərinə görə, insan alveri və məcburi əməyə qarşı mübarizədə vətəndaş cəmiyyəti təşkilatların iştirakı vacibdir:
«Bu konfrans öz işini insan alverinin qarşısını alma, təqib etmə və insan alveri qurbanlarının müdafiəsinin təşkili istiqamətləri üzrə quracaq. Yüksək səmərəyə nail olmaq üçün buraya dördüncü prinsip — vətəndaş cəmiyyəti təşkilatları və hökumətlər arasında sıx əməkdaşlığın qurulmasını əlavə etmək lazımdır. İnsan alveri beynəlxalq məsələdir. Bu problemlə mübarizə üçün bütün ölkələr əməkdaşlıq etməlidir».
Konfransda çıxış edən insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov hər il dünyada 21 milyon adamın insan alverinin qurbanı olduğunu, 14 milyon adamın isə məcburi əməyə cəlb olunduğunu xatırladıb:
«İnsan alveri ilə mübarizə çərçivəsində DİN, MTN və digər qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. 2006-cı ildən bu yana Azərbaycanda insan alveri ilə bağlı 484 fakt aşkar olunub. Bu faktlardan 10-u məcburi əməyə cəlb etmə olub, 363 nəfər məsuliyyətə cəlb edilib, 225 qrup zərərsizləşdirilib, Onlardan 8-i mütəşəkkil cinayətkar qrup olub. İnsan alveri ilə mübarizə nəticəsində 473 qurban azad olunub və reablitasiya edilib»
Eyvazov hər il Azərbaycanda insan alveri ilə mübarizəyə orta hesabla 500 min dollar vəsait ayrıldığını qeyd edir: «Bu pul qurbanların reabilitasiyasına sərf olunur. Dövlət tərəfindən qurbanlara ödənilən pulun miqdarı cari ildə 2 dəfə artaraq 510 dollara çatıb».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 250