Respublika Neyrocərrahiyyə Xəstəxanası açıldı
Dekabrın 28-də Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub. APA-nın xəbərinə görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 1985-ci ildə istifadəyə verilən bu tibb müəssisəsində uzun illər təmir işlərinin aparılmaması nəticəsində xəstəxananın binası yararsız vəziyyətə düşmüşdü. Bu da xəstələrə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə mane olurdu. Prezidentin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanıb. Ötən dövrdə respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı surətdə yenidən qurulub, müəssisə dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunub. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi, 430 həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Dövlət başçısının diqqətinə çatdırılıb ki, xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı yaradılıb, burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılıb. Reanimasiya şöbəsi də ən müasir avadanlıqla təchiz edilib, xəstələrin daim nəzarət altında saxlanması üçün bütün tələblər nəzərə alınıb. Bununla da 125 çarpayılıq xəstəxanada tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılıb.
Tibb ocağı ilə tanışlıqdan sonra İ. Əliyev xəstəxananın kollektivi ilə görüşüb, sonda xatirə şəkli çəkdirilib. Xəstəxananın müasir tələblərə uyğun olaraq təmir edilməsinə dövlət başçısının qayğısı özlüyündə xoşdur. Lakin bu sahədə müasir səviyyəli mütəxəssislər varmı? Bizdə olan bilgiyə görə, ən ağır situasiyalarda əməliyyatı aparmaq üçün xaricdən peşəkar həkim dəvət olunur. Özü də yaxşı pula…