Rəqsanə serialda
Rəqsanə gələn ilin ilk aylarından türkiyəli kinematoqrafların diqqətində olacaq. Belə ki, onun həyat və yaradacılığı film şəklində hazırlanacaq. Çəkiliş heyəti Türkiyə kinematoqrafı ilə bağlı adamlardır. Sənətçı qəzetimizə bildirib ki, ötən ay albom hazırlığı üçün Türkiyədə olan zaman filmi çəkəcək rejissorla tanış olub. Özünü bir neçə dəfə serial rejissoru kimi sınaqdan keçirən həmin şəxs növbəti filmin ssenarisini düşündüyü bir ərəfədə Rəqsanə ilə tanışlığı yerinə düşüb. Onun maraqlı insan olduğunu anlayıb, filmin motivini onun həyatı üzərində qurmağa qərar verir. Rəqsanə çəkilişə başlayan kimi rejissorun adını açıqlayacağını bildirdi. Deyir:
«Bu məqsədlə bizim bir neçə görüşümüz oldu. Əslində, mən həyatımdan bəhs edən filmin çəkiləcəyi barədə düşünməmişdim. Rejissorun əminliyi məni bu barədə düşündürdü. Həm də filmdə özüm özümü oynayacam. Smeta tutulub, çəkiliş heyəti hazırdır. Qalır mənim tərəf-müqabilim və bir neçə oyunçunun təsdiqi. Bunu üçün kastinq keçiriləcək».
Rəqsanə söylədi ki, çəkiləcək adamlar aktyorlar və müğənnilər arasından müəyyən ediləcək. Rəqsanənin tərəf-müqabili axtarışı bir nəticə verməyib. Onun fikrincə, bu, türkiyəli aktyor da ola bilər. Öyrəndik ki, sənətçinin həyatını yansıdan film dram janrındadır. Sənətçi deyir ki, həyatının üzücü, sevincli məqamları hətta avtomobil qəzaları da filmə daxil edilib. Son səhnədə bahalı avtomobillərin qəza səhnəsi gerçəkdən oynanılacaq. Yəni bahalı avtomobillər əziləcək. Bunun filmin büdcəsinə yetərincə təsir göstərəcəyi deyilir. Sonda Rəqsanə bildirdi ki, filmin Türkiyə və Azərbaycanda çəkiləcəyi ehtimal edilir. Yayımı isə hələlik yerli telekanallardan birinə həvalə ediləcək.