Muəllif:

«Rənglərin Dialoqu: Azərbaycan-Almaniya»

Berlində «Direktorenhaus» Qalereyasında «Rənglərin Dialoqu: Azərbaycan-Almaniya» adlı sərgi açılmışdır. Bu mədəni tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avropa Azərbaycanlıları Konqresi (AAK) və «Sönməz məşəl» Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığının nəticəsidir (APA). Sərgidə Komitə, Azərbaycanın Almaniyadakı səfirliyi və AAKM-nin əməkdaşları, alman və Azərbaycan mədəniyyətinin çoxsaylı təmsilçiləri, Azərbaycan və türk Diasporunun, eləcə də yerli ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Sərginin məqsədi müxtəlif millətlərə məxsus incəsənətin təsir gücünü nümayiş etdirmək, o cümlədən Azərbaycan və Almaniya rəssamları arasında qarşılıqlı anlaşma və sülh mövzusunda fikir mübadiləsi təşkil etməkdir. Sərgidə azərbaycanlı rəssamlar Şəhla Qəhrəmanlının qrafika üslubunda, Nərminə Vəliyevanın yağlı boya, alban mənşəli Almaniya rəssamı Nizaket Sinanovska və Simone Vestfalın sulu və yağlı boya ilə çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.

AAK-nın prezidenti Samira Patzer-İsmailova tədbiri açaraq sərginin mədəniyyətlərarası dialoqun müxtəlif mənşəli insanlar arasında yaxınlıq və ünsiyyətə yol açdığını bildirib.

Həmçinin «Direktorenhaus» Qalereyasının direktoru Paskal Johanssen, Azərbaycanın Almaniya səfirliyinin müşaviri Nüsrət Süleymanov, Berlin Senatının Təhsil Siyasəti üzrə mətbuat xidmətinin təmsilçisi İlkin Özişık, «Sönməz məşəl» Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

Nüsrət Süleymanov çıxışında noyabrın 2-dən 17-dək Berlində böyük müvəffəqiyyətlə təqdim edilən «Bakıya uçuş» sərgisində Azərbaycanın müasir rəssamlıq örnəklərinin böyük maraqla qarşılandığını qeyd edib və gənc rəssamlara uğurlar diləyib.

Alman rəssam Peter Föller də rəssam qadınların əsərlərini təhlil edib və nümayiş etdirilən əsərləri rənglərin sehri kimi qiymətləndirib.

Qeyd edək ki, Berlinin aparıcı nəşriyyat evlərinin birində sərgiyə həsr olunmuş kataloq çap edilib. Kataloqda Qarabağa həsr edilmiş xüsusi məlumatlandırıcı səhifə yerləşdirilib, Azərbaycan və onun tarixi simvolları haqqında məlumat verilib.

Gənc azərbaycanlı və alman qadın rəssamlarının əsərləri dekabrın 1-dək nümayiş etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 517