Rəbiyyət Aslanova: «Freedom House-un nə deyəcəyi məlumdur və heç bir əhəmiyyəti də yoxdur»
Freedom House-un bu mövqeyinin qərəzli və reallıqdan uzaq olduğu üçün artıq onun növbəti hesabatlarında da başqa münasibətin olacağı ehtimal edilmir. Bunu MM İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova özünün mətbuat üçün yaydığı açıqlamasında Freedom House-un növbəti hesabatına münasibətini bildirərkən deyir. Komitə xatırladır ki, bu hesatlarda Azərbaycan artıq 8-ci ildir «azad olmayan ölkələr» kateqoriyasına daxil edilir.
Freedom House nə deyir ki?
«Elə buna görə, bəri başdan demək olar ki, 8 il sonra da «Freedom House»un nə deyəcəyi məlumdur və heç bir əhəmiyyəti də yoxdur». Bu, Rəbiyyət Aslanovanın yanaşmasıdır. Deputatın sözlərinə görə, həmin qurum Azərbaycanla bağlı reytinqlərdə mütəmadi olaraq obyektivlikdən uzaq olmasını sübut edib:
«2 il əvvəl Dağlıq Qarabağın adından sonra mötərizədə iki dövlətin — Ermənistanın da adını yazaraq, əvvəlcə «mübahisəli ərazi» kimi göstərməsi, sonra isə bu səhvinə düzəliş etməsi də yaddaşlardadır. Savadları və beynəlxalq hüquqla bağlı təsəvvürləri bu qədər olan təşkilatın rəyini necə ciddi qəbul etmək olar? Builki hesabatda da Dağlıq Qarabağ Azərbaycanın erməni separatçılarının idarə etdiyi işğal edilmiş deyil, «mübahisəli» ərazisi kimi göstərilir. Eyni zamanda, ilk dəfə builki hesabatda ermənilərin qondarma rejimi «qeyri-azad» kimi qiymətləndirlib. Reytinqlərin reallığa əsaslanmadığını nəticələrin əvvəlcədən bəlli olması da göstərir. Sual olunur: məgər Azərbaycan 8 il əvvəlki ölkədirmi? Bu ölkədəki inkişaf və artım dünyada etiraf olunursa, həmin təşkilat nəyə əsaslanaraq bu cəfəngiyyatları yazır? Aydın məsələdir ki, stereotiplərə əsaslanır. Məhz buna görə bilirik ki, gələn il də Azərbaycan yenə həmin onluqlarda yer alacaq. Azərbaycan xalqı hər şeyin mənfi obrazda təqdim ediləcəyinə, korrupsiya, demokratiya və insan inkişafının pis vəziyyətdə olmasına dair səslənən iflas ssenarilərinə və proqnozlarına artıq vərdiş edib. Vəziyyəti dəyişmək mümkündürmü? Cavab nikbinlik yaratmır».
«Soyuq savaş» stereotipi?
Aslanova bildirir ki, «soyuq savaş» dönəmindən qalma stereotipləri dəyişmək, soyuq savaş mentalitetini reytinq mentalitetinə transfer etmək çox rahat və sərfəlidir:
«İdeoloji qarşıdurma dövrünün təsir formaları hələ də dəyişməyib və dəyişəcəyini gözləməyə dəyməz. Biz bunu həmin təşkilatların yalnız müsbət olsun və ya mənfi — fərqli bir mövqe söylədiyi zaman görəcəyik. Hesabatların verilməsində inhisarın olması özü də düşündürücüdür və ikili standartların səbəblərindəndir. Bu qəbildən olan hesabat və dəyərləndirmələrin nə kimi mənası, rolu var? Siyasi reytinq — müəyyən məqsədlə seçilmiş ölkələrin, dövlətlərin və ya qrupun araşdırılması vasitəsi ilə konkret zamanda keçirilən, faiz və ballarda ifadə olunan rəqabət qiymətidir. Son illərdə bu sahədə proqnoz və reytinqlərin obyektivlik səviyyəsinin iflas həddinə qədər enməsi dünyanın demək olar əksər intellektuallarının müzakirə etdiyi mövzulardandir».
Bəs görəsən, Azərbaycanın iqtisadi inkişaf və demokratiya göstəriciləri arasında fərqin olması nə ilə bağlıdır?
«Cavab birdir: yalnız obyektivliyin, reallığa adekvat təhlillərin olmaması ilə. Yəni, nə baş verir, niyə dünyada ictimai rəy sahəsində ən nüfuzlu və peşəkar tədqiqat aparan «Gellap» təşkilatı Azərbaycanda vəziyyəti olduğu kimi, real, ancaq qalanlar, məsələn, bəhs edilən təşkilat pis qiymətləndirir? Umumiyyətlə, sağlam məntiqə görə bu dünyada bunların arasında belə uçurumun olması mümkündürmü?
Bu suala suallarla cavab verən Aslanova, eyni zamanda, bildirib ki, dünyada iqtisadi reytinqlərdə səhvlərin hətta, qanunvericilik çərçivəsində tənzimlənməsinə çox ciddi fikir verilir, yəni, yanlış, düzgün olmayan reytinqlərin milyonlarla maddi ziyanı, ən vacibi mənəvi ziyanları qeyd edilir:
Freedom Hause-un «ilahi potensialı»
«Güman edirik ki, Freedom House və bu qəbildən olan təşkilatların Azərbaycana münasibətdə verdiyi qiymətlər də həmin statistikanın tarixində mühüm yer tuta bilərdi. Artıq neçə illərdir puça çıxan proqnozları sonda bu təşkilatın da heç olmasa, öz işinə yenidən nəzər salmasına, buna mənəvi haqqı olub-olmamasını düşünməsinə səbəb ola bilərdi».
Aslanovanın sonra qeyd etdiyinə görə, demokratik tarixi ənənələrə malik Avropa ölkələrində separatist, ultramillətçi qüvvələrin seçkilərdə üstünlük qazanması narahatlıq doğurur:
«İndiki Ermənistan siyasi rəhbərliyinin — Azərbaycana qarşı işğal və müharibədə, insanların məhvində, cinayətlərdə əli, günahı olan populist və radikal siyasi partiya təmsilçilərinin hakimiyyətə gələrək, özlərini sığortalamasını demirik. Bu, adi hala çevrilib. Bütün bunlar ciddi suallara səbəb olur. Beynəlxalq münasibətlərdə demokratik dəyərlərin yeri və roluna mövcud olan boşluqlara dair müzakirələrə yenidən qayıtmağı zəruri edir. Demokratiyanın dəyərləndirilmə metodologiyasının qüsurları aradan qaldırılmalıdır. Dünya dövlətlərinin böyük əksəriyyəti demokratik inkişaf yolunu seçib. Bu gün dünyada 194 dövlət, 22 din, 7 min dil və bundan daha çox etnos və millət mövcuddur. Yəni, bir QHT-nin potensialı və imkanı nə qədər planetar, yaxud, «ilahi» səviyyədə olmalıdır ki, bu qədər dövlətin demokratik inkişafına qiymət versin? Demokratik inkişafın dəyərləndirilməsi, daha doğrusu, onun inhisara alınması çox ciddi məsələlərdən biridir.
«Demokratiya texnoloji təlimat deyil»
Komitə sədri hesab edir ki, demokratiya fenomeni texnoloji təlimat deyil ki, bir ölkə hazırlasın, digəri tətbiq etsin, etməyənlər isə cəzalandırılsın:
«Bu düşüncə tərzindən əl çəkilməlidir. Bəli, təkcə bizi deyil, çox ölkələri tənqid edirlər. Buna məhəl qoymamaq da olar. Lakin bir məsələ var: Demokratiyanı dəyərləndirmə üsulları qüsurludur, hətta şübhəlidir, onun nəticəsi, qərəzli əks-sədası isə real ədalətsizlik, inamsızlıq və haqlı inciklik yaradır. Nəticədə itkilər daha ağır olur: insanların ədalətə dair təsəvvür və inamı itir, demokratiyanın nüfuzuna xələl gəlir.
Azərbaycanda demokratiyanın, zamanın və dövlətimizin qarşısında duran konkret məsələləri həll edə bilən modeli var. Demokratik model məhz belə işlək model olmalıdır. Əksinə bu gün xalqları, milyardlarla insanı böhran girdabına sürükləyən idarəetmə formaları mükəmməl demokratiya deyil. İşğal cinayəti beynəlxalq hüququn ən ağır cinayət növü sayılır. Azərbaycan ərazisi parçalanmış, işğal edilmiş şəraitdə demokratik dövlət qurur. Bu spesifika heç bir dəyərləndirmədə öz əksini tapmır. Mülkiyyət hüquqlarının pozulmasını qeyd edirlər. Qarabağda ata-baba mülklərindən, işğal edilmiş torpaqlarından qovulan, zorla didərgin salınanların mülkiyyət hüquqları barədə heç bir şey yazılmır? Bakının müasir arxitekturasının tələblərinə uyğun aparılan abadlıq işləri gedişində sakinlərin köhnə evlərdən çıxarılmasını «onların zorla, məcburi köçürülməsi» adlandırırlar. Sual olunur: o zaman Freedom House təşklatı Qarabağdan etnik təmizləmə siyasətinə məruz qalıb zorla köçürülənlərə, didərgin salınanlara hansı adı qoyacaq? Onun insan hüquqları anlayışı budurmu?»
«Bu günkü amerikalı. O nə dərəcədə azaddır?»
ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi «Azadlıq aktı»na düzəliş 19 ildir qüvvədədir. Azərbaycanın təcavüzə məruz qalmasına və torpaqlarının işğal olunmasına baxmayaraq, «907-ci düzəliş» Azərbaycanı ittiham edən mövqedən çıxış edir. Bu ziddiyyət hələ də aradan qaldırılmır və düzəliş ləğv edilmir. Azərbaycan xalqı üçün obyektivlikdən uzaq olan istənilən bu cür hesabatların əhəmiyyəti yoxdur. 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin edilməsi üçün Azərbaycan xalqının haqq səsi dünyaya çatmır. Ancaq mülkiyyət haqları pozulur deyə, abadlıq işləri ilə bağlı görülən tədbirlərdə qeyri obyektiv olaraq hay-küy qopardırlar. Bunu görməmək mümkün deyil.
1941-ci ildə yaradılan, 1973-cü ildən demokratiyaya dair məruzələr hazırlayan Freedom House təşkilatı yalnız 67 il keçəndən sonra, yəni 2008-ci ildə ABŞ-da demokratiyanı qiymətləndirib. «Bu günkü amerikalı. O nə dərəcədə azaddır?» adlanan məruzəni oxuyanlar bilirlər ki, dünyanın ən inkişaf etmiş ölkəsində 37 nəfərdən biri ömründə ən azı bir dəfə həbsxanada saxlanılıb.
Hazırda 3000 nəfər ölüm hökmü alan məhbus həbsxanada bu hökmün icrasını gözləyir. 11 sentyabr hadisələrindən sonra «Vətənpəvərlik aktı» adlanan tədbirlər sistemi çərçivəsində məhkəmə sanksiyası olmadan telefonların dinlənilməsinə icazə verilir. Azərbaycan hələ yüz il bundan əvvəl Avropaya inteqrasiyanı siyasi xətt kimi müəyyən edib və xalqımızın bu seçimin, hər hansı təşkilatın qərəzli mövqeyindən asılı qalmasına qətiyyən yol vermək olmaz. Adi düşüncə kifayət edər ki, cəmi 8 il əvvəlki Azərbaycan və indiki Azərbaycanın tamamə başqa-başqa ölkələr olduğunu dərk edəsən.