Ramiz Mehdiyev bəyanat verdi
Dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Elşad Abdullayevin sonuncu açıqlamasına, nəhayət, münasibət bildirdi. Ramiz Mehdiyevin APA-ya eksklüziv açıqlamasında deyilir:
«Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra, bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərində, oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub. Deputatlığı ilə bağlı isə onun mənimlə, heç bir zaman, heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik… Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özündən də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb».
Bu qədər sərt reaksiya doğuran məsələ ondan ibarətdir ki, bu günlərdə Elşad Abdullayev növbəti açıqlamasını yayıb və bu «dramatik» ovqatlı açıqlama qəzetlərdə dərc edilib. «Yeni Müsavat» qəzetinə istinadən, E.Abdullayev öncə yazıb ki, hazırda bütün maraqlı tərəflər onun pozulmuş deputatlıq hüququnu öz marağına uyğun izah etməyə cəhd edir. «Əslində bu, belə baş vermişdir» deyərək, sabiq rektor bu olayın təfərrüatlarını açıqlayıb:
«Qardaşım Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğurlanması ilə əlaqədar mənim pozulmuş konstitusiya hüquqlarımdan biri də 10 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olaraq 8 saylı birinci Binəqədi seçki dairəsindən parlamentə deputat seçildim və Mərkəzi Seçki Komissiyası rəsmi olaraq mətbuat orqanlarında deputat seçilməyimi də elan etmişdi. Lakin Prezident Aparatından Ramiz Mehdiyev tərəfindən mənə təzyiq olundu ki, «deputatlığınızı könüllü geri götürün. Mənə bildirdilər ki, guya ABŞ səfirliyi onlardan tələb edir ki, (ABŞ səfirliyi bu faktı təsdiq etmədi) Müsavat Partiyasından ya İsa Qəmbər, ya da Arzu Səmədbəyli deputat seçilməlidir. Daha sonra isə belə dedilər: «Siz bizim adamızsınız», biz İsa Qəmbəri parlamentə buraxa bilmərik, o, Nərimanov rayonundan Adil Əliyevlə namizəd düşüb. Lakin Arzu Səmədbəyli Sizinlə düşüb. O da bizim adamdır, Elçibəyin yadigarıdır, Siz deputatlığınızdan könüllü imtina etməlisiniz». Mən isə bu təklifdən imtina etdim. Azərbaycan Respublikasının yerli məhkəmələrindən tutmuş Ali Məhkəmə və Konstitusiya Məhkəməsinə qədər bir hüquqşünas kimi mənə qarşı olan ədalətsizlikdən şikayət etdim. Hazırda Avropa Məhkəməsində mənim pozulmuş hüquqlarımdan biri də konstitusiya ilə müəyyən edilmiş siyasi hüququmdur».
E.Abdullayev R.Mehdiyevin təklifinə rədd cavabı verəndən sonra baş verənlərə də toxunub:
«Lakin Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın təzyiqi ilə mənim deputatlığım ləğv edildi. Buna etiraz əlaməti olaraq, Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarına müraciət etdim. Məlumdur ki, Azərbaycanda məhkəmə hakimiyyəti müstəqil deyil, qanuna deyil, şəxsin iradəsinə tabe olduğu üçün mənim şikayətim təmin edilmədi. Demək istəyirəm ki, mən deputat seçilmişdim. İkinci dəfə deputatlığa namizədliyimi verəndə mənə qarşı məlum «Gülərqeyt» əməliyyatı keçirdilər. Bu əməliyyatla da mənim deputat keçməyimə əngəl oldular. Biz başa düşə bilmirdik ki, hakimiyyət radikal müxalifəti müdafiə edir, nə üçün YAP-ın namizədini müdafiə etmir?»
Qaçqın rektor daha sonra deputatlıq mücadiləsində atdığı addımları sadalayır:
«Bundan sonra, ikinci dəfə növbəti dairədən — Binəqədi rayonu 9 saylı seçki dairəsindən boş deputat yeri qalmışdır. Mən yenidən YAP-ın namizədi kimi oradan deputatlığa namizədliyimi verdim. Bu andan da təqdim etdiyim videogörüntülərdən göründüyü kimi, mənə qarşı Ramiz Mehdiyevin «Gülərqeyt» əməliyyatı başladı. Bütün yollar Romaya aparıb çıxarırdı. Məndən tələb edirdilər ki, məhkəmə şikayətini geri götür. Mən isə bildirdim ki, deputat keçərəmsə, məhkəmə şikayətimi geri götürərəm. Bu ərəfədə məni Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev şəxsən qəbul etdi, sual-cavab etdikdən sonra mənə uğurlar arzuladı. Mən Ramiz Mehdiyevin yanından çıxandan sonra, Prezident Aparatının 3-cü girişinin sağ tərəfindən, birinci mərtəbədəki İdarəetmə Akademiyasından mənim tələbəm olmuş, yaxından tanıdığım və səmimi əlaqə saxladığım şəkili Mamedin otağındakı açıq qapıdan keçmiş deputat Gülər Əhmədova və vasitəçisi Sevinc Babayeva məni içəri dəvət etdilər. Məndən soruşdular ki, Ramiz Ənvəroviçlə görüşdünüzmi? Mən çox təəccübləndim — bunlar haradan biliblər ki, mən Ramiz Mehdiyevin yanından çıxıram? Mənə bildirdilər ki, deputatlığın pul işinə biz baxırıq, haqq-hesabı bizimlə çəkməlisən. Əks təqdirdə, yenə də qutuda qalacaqsan». E.Abdullayev vəd edir ki, yaxın günlərdə olayla bağlı yeni videoları cəmiyyətə təqdim edəcək.