Qurdlarla rəqs meydanında
Dağıstan, İnquşetiya, Çeçenistan, Kabarda-Balkar və digər Quzey Qafqaz respublikaları faktik olaraq dotasiya şəraitində yaşayır. 2008-2012-ci illərdə modernləşmə və humanitar siyasət adı altında sabiq Rusiya prezidenti Dmitri Medvedev bu regionlarda sosial-iqtisadi siyasəti dəyişmək üçün bir sıra təşəbbüslər irəli sürsə də, bütün bunlar heç bir nəticə vermədi. Quzey Qafqazda bir yandan yerli idarəetmədə möhkəm mövqelərə malik olan etnoklanlar, digər yandan radikalizmə və terrorizmə geniş meydan verən Qafqaz İslam Xilafəti Hərəkatı Rusiyanın Quzey Qafqaz strategiyasının dəyişməz qalmasına səbəb oldular.
Müstəmləkə sindromu
Son zamanlar Rusiyanın şovinist fikirli düşüncə adamları tərəfindən «Yetər Quzey Qafqazı dövlət büdcəsi hesabına yemlədik» şüarları səsləndirilsə də, Kreml ənənəvi siyasətini davam etdirməklə dotasiya strategiyası sayəsində bölgəni tam nəzarətdə saxlamaqda israrlı görünür. Bütün bunları diqqətlə təqib edən bölgə respublikalarının rəhbərləri də özlərinin şıltaq davranışları ilə Kremlin büdcəsinə şərik çıxmış kimi hərəkət edirlər. Onlar özlərini «qeyri-stabil region» siyasətindən məmnun kimi aparırlar. Halbuki bütün bunların alternativ variantı kimi İkinci Dünya Savaşı modeli daha məqsədəuyğundur. Savaş sonrası, Fransa, İngiltərə, Hollandiya, İspaniya və İtaliya orta çağ siyasətindən imtina edərək müstəmləkələrin tam azad olması, siyasi kolonial rejimlərin iqtisadi və mədəni baxımdan tamamilə azad olunması üçün şərait yaratmışdılar. Afrika, Asiya və Güney Amerika ölkələri məhz bundan sonra inkişaf etməyə başladılar. Bu prosesdə elə sabiq imperiya metropoliyaları da istənilən iqtisadi uğurları əldə etdilər. Moskva bu tarixi təcrübədən yararlanmaq əvəzinə, min il öncə mövcud olmuş «Tmutaran Knyazlığı» və ya 1612-ci ildə gündəmə gələn «Rus» dövləti sərhədləri anlayışından dördəlli yapışmışdır.
İndi Rusiyanın hər yerində dəbdə olan «Rus Marşı», «Rusiya ruslar üçündür» və «Rus Respublikası» tipli radikal cərəyanlar yürüşlər etməklə, digər xalqları öz iradələrinə tabe etmək, hər şeyi sadəcə qorxu siyasətinin tabeliyində saxlamaq kimi addımlar atılmaqdadır. Elə buna görə də Quzey Qafqaz siyasətinə 10 il bundan öncəkindən daha çox vəsait ayrılır. Faktik olaraq digər toplumların öz milli mənəvi və dini, coğrafi, etno-kulturoloji dəyərlərinə qarşı dərin siyasətlər aparılmasının sirri də məhz bu amilə söykənir.
19-cu yüzilin 60-cı illərində başa çatan Qafqaz Savaşından sonra, Rusiya bir qədər bölgədə loyallaşşma siyasətinə üz tutdu. Ancaq bu taktika da bölgənin tamamilə imperiyanın nəzarətində saxlanılması reseptini iflasa uğratdı. Çünki, bölgə xalqlarının aristokratiyası ilə uzlaşan strateji hədəflər ortaya qoyulmadı. Bütün bunları saf-çürük edən xalqlar partizan savaşını davam etdirməyə məcbur oldular.
Rusiyanın monoetnik siyasətinin tərkib hissəsi olan hədəflər yerli xalqların muxtariyyət statuslarına belə ciddi zərbələr vurdu. Keçmiş SSRİ dönəmində də Moskva öz Quzey Qafqaz siyasətində Çarlıq Rusiyası dönəmində mövcud olmuş ənənəni qoruyub saxladı. Bölgə toplumlarına müəyyən mədəni hüquqlar verilsə də, sonradan inquş, çeçen, qaraçay, balkar, noqay, Ahısqa türkləri Orta Asiyaya sürgün olundular. Son 20 ildə də həmin kolonial siyasət bütün gücü ilə davam etdirilməkdədir.
Qafqazda savaş xalısı
Son iki ildə Moskvanın əmlak bazarında, mənzil ticarətində ən çox yer alan elanlarda belə qeydlər gözə dəyir: «Qafqazlı və «Asiyalı» vətəndaşlara mənzil nə satılır, nə də icarəyə verilir. Beləliklə, rusların kütləvi ictimai düşüncəsində iblisanə tərzdə Qafqaz və Orta Asiya əleyhində aparılan təbliğat ictimai, sosial və siyasi xarakterin rənginə bələnməkdədir. Ancaq Quzey Qafqazın qonşu vilayətləri olaraq Stavropol, Krasnodar və Rostovda durum bir qədər fərqlidir. Belə ki, bu üç vilayətdə əmlak bazarı daha çox Qafqaz əsilli insanların xidmətindədir. Bölgədə yaşayan rus əhalisinin ölkənin digər bölgələrinə, daha dərin içərilərə miqrasiyasının dalğası artdıqca, onlara məxsus torpaq sahələrinin və digər əmlak vasitələrinin əsas alıcısı da məhz Quzey Qafqazlılara məxsus qurumlardır.
İndi faktik olaraq, Krasnodar, Stavropol və Rostov vilayətlərində yaşayan əhalinin etnik tərkibi qeyri-rusların sayəsində daha da artmışdır. Çünki, qafqazlı anlayışı artıq öz identlik xüsusiyyətləri ilə yanaşı, çoxmədəniyyətli proses kimi də başa düşülməkdir. Bu toplumlar bir qədər qafqazlı, bir qədər avropalı və bir qədər də asiyalı xarakterinin mədəni və məişət səviyyəsi həddində uzlaşmış qaydada inkişaf etmişdir. İndi Krasnodar vilayətinin Soçi, Adler, Krım, Tuapse, Din, Beloqli, Abin, Anapa, Apşeron, Armavir, Beloreçinsk, Bryuxovets, Gəlincik, Yeysk, Kanev, Kurqan, Kuşev, Axtar, Sever, Novorossiysk, Labin, Temrük, Timaş, Uspen, eləcə də Stavropol vilayətinin Andropov, Aleksandrovsk, Apanasenkovsk, Arzgir, Blaqodarnensk, Budennovsk, İpatovsk, Qraçevsk, Georgievsk, İzobil, Kirov, Qoçubey, Krasnoqvardeysk, Kursk, Levokum, Neftekum, Minvod, Novoaleksandrovsk şəhər və rayonlarında etnoloji spektr tamam dəyişmişdir. Bu iki vilayətdə həm demoqrafik baxımdan, həm də bölgədə rus və qafqazlı mənşəyi demək olar bərabər status qazanmışdır. Burada heç antiyəhudi əhval-ruhiyyəsi belə yoxdur. Çünki, dağ yəhudiləri regionda yerli toplum hesab olunurlar.
Bütün bunlara baxmayaraq Moskva və Rusiyanın digər bölgələrində ortaya atılan ifrat antiqafqazlı siyasəti tədricən Stavropol, Krasnodar və Rostov vilayətlərində ikili etnoloji dəyərlərə malik olan toplumları üz-üzə qoymaqdadır. Belə ki, Quzey Qafqaz respublikalarında son 20 ildə rus əhalisinin sayının sürətlə azalması, rusların çoxluq təşkil etdiyi qonşu vilayətlərdə qafqazlılar və ruslar arasında nifaq toxumu nəinki səpilmiş, hətta etnik münaqişələr həddinə qədər çatdırılmışdır. Həmin bölgəlrədə hətta xalq diplomatiyası təşəbbüsləri belə heç bir nəticə verməmişdir.
Yaranmaqda və dərinləşməkdə olan bu münaqişələrdən yayınmaq üçün yerli hakimiyyətlər müxtəlif milli icmaları və diaspor təşkilatlarını da səfərbər edərək bir sıra tədbirlər keçirməyə başlamışlar.
Hal-hazırda yaranmış böhranın görünən tərəfi odur ki, milli respublikalarda yaranmış etnik münaqişələr indi qonşu rus vilayətlərinə transfer etmişdir. Rusiyada etnik konfliktləri araşdıran mütəxəssislərin əksriyyəti Moskvanın uzağı görməyən siyasətini tənqid edərək bildirirlər ki, Boris Yeltsin dönəmindən fərqli olaraq, Vladimir Putinin şovinist çevrələrin daha da aktivləşərək hərəkətə keçməklə, bu problemlərin dərinləşməsinə dolayı yolla dəstək vermişlər, bu isə tamamilə yanlış yanaşmadır.
Qafqaz savaş xalısının milli respublikalarla yanaşı digər vilayətlərə sirayət etməsi yaxşı heç nə vəd etmir. Krasnodar, Stavropol və Rostov vilayətlərində qafqazlıların artıq vahid şəbəkəyə çevrilməsi əslində bu xalının coğrafiyasının genişlənməsidir və bu proses artıq dönməz xarakter daşımaqdadır.
İçkeriyadan imamətə doğru
Çeçen-İçkeriya Respublikasının dönəmində faktiki olaraq, Quzey Qafqaz respublikları daha çox milli dirçəliş siyasətində məhz ÇİR-in uğurlarından örnək götürürdülər. Bu zaman etnik konfliktlər də yox idi. Rusiya ilə kəskin və təzadlı qarşıdurmların əvəzində ortaq uzlaşmalara önəm verilirdi. Ancaq DTK-nın sabiq məmuru polkovnik Vladimir Putin hakimiyyətə gəldikdən sonra, faktik olaraq, Quzey Qafqaz regionları tamamilə hərbi-polis rejimi ilə idarə olunmaqdadır. Bu da bir tərəfdən dini, digər yandan isə milli münasibətlərlə yanaşı, demokratik təsisatların və insan haqlarının tamamilə nəzarətə alınması deməkdir.
Rusiya bütün bunlar azmış kimi, bölgədə hərbi kontingentinin sayını da dəfələrlə artırmışdır. Bütün xalqlar eyni aqibəti yaşamaq zorunda qaldıqları üçün, artıq dini müstəvidə uzlaşan dəyərlər də beləcə önə çıxmağa başlamışdır. Bu Qafqaz İslam Xilafəti Hərəkatıdır. Moskva «Rusiya ilə əbədi olaraq birlikdə» təbliğatları belə indi artıq Quzey Qafqazda ən ironik şəkildə qəbul edilən mövzulardan biridir.
1858-ci ildən gündəmə gətirilən loyal Qafqaz siyasəti sanki, 1758-1858-ci illərdə yaşanan Qafqaz Savaşı tarixinə doğru geriyə dönmüşdür. Həmin dönəmdə yaşanılan Şeyx Şamilin Qafqaz İmaməti Hərəkatına bənzəyən Qafqaz İslam Xilafəti Hərəkatı indi daha geniş şəkildə yayılmaqda, hətta öz mövqelərini gücləndirməkdədir.
Bu gün bu hərəkatın heç bir lideri yoxdur. Çağdaş texnoloji prinsiplərə uyğun olaraq sosiallaşma şəbəkəsi daha geniş yayılmışdır. Rusiyanın belə bir prosesin qarşısını almağa isə heç bir gücü qalmamışdır. Moskva Quzey Qafqazın hər qarışında rus əsgəri yerləşdirməklə bunun qarşısını alacağını düşünürsə səhv edir. Ardıcıl aparılan antiterror əməliyyatları onlar üçün arzuedilən nəticə vermir.
Qafqaz İslam Xilafəti Hərəkatının Qara və Xəzər dənizləri arasında öz iddiasını bir iradə olaraq ortaya qoyması əslində Rusiyanın Quzey Qafqaz siyasətinin iflasını yaxınlaşması kimi də anlaşılmaqdadır. Hazırda Quzey Qafqaz regionlarının ağır sosial durumunun inkişafı üzrə iqtisadi xarakterli təşəbbüslər irəli sürülsə də, heç kəs bu yöndə uğurların necə qazanılacağına inanmır. Bunun sadə örnəyi kimi, Kabarda-Balkarda balkar türklərinin tarixi torpaqları olan Elbrus, Bezengi, Tırnauz rayonlarından onların yenidən sürgün edilərək, oliqarxların mənfəətləri üçün turizm mərkəzlərinin yaradılması təklifi yeni qanlı münaqişələrə səbəb olacaqdır.
Dağıstanın noqay türklərinin yaşadıqları ərazilərin onların əlindən alınaraq tamamilə başqa millətlərə məxsus işadamlarının ixtiyarına verilməsi siyasəti də daha geniş miqyaslı problemlərin təməli olaraq görülür.
Əslində Quzey Qafqazda bu gün radikal islam kimi tanınan hərəkat heç də vəhhabizm və ya sələfilik qanunlarına uyğun şəriət hökumətinin qurulması kimi anlaşılmır. Hər bir xalq özünün varlığını qorumaq üçün digər toplumlarla birlikdə hərəkət etməyi düşünür. Qafqaz siyasətində bəlirsizliyin ucbatından Kremlin arapdığı strategiya bölgədə arzuolunmaz şəkil almaqdadır. İdarə olunan anarxiya strategiyası bu gün dönüb Moskvanın Quzey Qafqaz siyasətinə sarsıdıcı zərbələr vurmaqdadır. Yerli etnoklan mafiyası, Kremlin sərt xarakterli hərbi siyasəti və xalqların ağır sosial-iqtisadi həyat tərzi kimi probemlərin yanında dini xarakterli siyasətin də ortaya çıxması Şeyx Şamilin imamət hərəkatının yenidən zühur etməsinə bənzəyir.