Qız qaçırmaq: buna adam oğurluğu deyilir
Keçmişin qız qaçırma adəti indi keçmir. Buna qanunda «adam oğurluğu» deyilir, özü də sanballı cəzası var. Kimsə bir qızı qaçırıb, evlənməyə razı salacağını düşünürsə, böyük yanlışlığa yol vermiş ola bilər. Müttəhimlər qəfəsini və həbsxananı gözünün altına almalıdır. Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda mühakimə olunmuş Polad Abdullayev və Elxan Əhmədov həyatlarında belə bir yanlışlığa yol veriblər.
…Polad Abdullayev tanışı Elxan Əhmədov ilə cinayət əlaqəsinə girərək 8 sentyabr 2011-ci il tarixdə, saat 08:20 radələrində Baharlı-1 qəsəbəsində (Ağdam rayonu) 536 saylı evin qarşısında küçədə K. Q.-ni gözləyib.
Daha sonra Polad Elxanla birlikdə qızı küçə ilə işlədiyi mədəniyyət evinə gedərkən qarşısını kəsiblər. Onu zorla «Jiquli» yə mindirərək qaçırıblar. Polad yolda özündə gəzdirdiyi mətbəx bıçağını qızın gözü qarşısında oynadıb, yəni cıqqırın çıxsa özünü ölmüş bil. Qaçırılmış qızı əvvəlcə Bərdə rayonu Göyüşlü kəndində yaşayan bacısı Gülnarə Abdullayevanın evinə, oradan isə Əyricə kəndində məcburi köçkün kimi məskunlaşmış həmkəndlisi Tahir Abdinovin evinə aparıb. Saat 21 radələrinə kimi həmin evdə qalıblar, sonra Qəhrəmanlı kəndində yaşayan tanışı İnqilab Həsənovun evinə yollanıblar. Orada yarım saata yaxın qala biliblər. Qızın israrla evə qaytarılmasını tələb etdiyini görən ev sahibləri məsuliyyətdən qorxublar, macəraçılardan qızı evinə qaytarmasını tələb ediblər.
Qızı aparmaq üçün daha ünvan qalmadığını görən gənclər narahat olublar (Gərək bunu əvvəlcədən düşünəydilər). Bu arada Ağdam rayon polisi izlə gəlib Qəhrəmanlı kəndini əhatəyə almışdılar. Əsərin qəhrəmanları işin işdən keçdiyini görüb, qızı polisə təhvil verməkdən başqa çarələri qalmır… Sonra isə müstəntiqin sualları, müttəhimlərin qəfəsi və hakimin hökmü…
Polad Abdullayev CM 144.2.3, 144.2.5-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək), Elxan Əhmədov 144.2.3-cü maddəsi ilə ittiham olunub. Polad Abdullayev 8 il 6 ay, Elxan Əhmədov 7 il müddətinə cəmiyyətdən təcrid olundular ki, bir də qız qaçırmaq fikrinə düşməsinlər.