«Qisas almadan ölmə!»
Bu barədə qəzetimizə açıqlamasında ekran əsərinin ssenari müəllifi və rejissoru, xalq artisti Oktay Mir-Qasım bildirdi. «Qisas almadan ölmə!» Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm»də ekranlaşdırılır. Mir-Qasımın sözlərinə görə, montaj prosesi və dialoqların yazılması yekunlaşıb. Filmdə qrafikadan da istifadə olunur. Deyir:
«İrəlidə kompüter qrafikası, dünyada qəbul olunmuş formatda və səviyyədə ümumi səsləndirmə işləri, üç formatda nüsxələrin hazırlanması və digər yekun işlər görülməlidir».
Film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İ.Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya İmperiyasının əyalətlərinə — Krıma, Qafqaza gələrək burada məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığı — indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı — Helenendorf kəndini (indiki Göygöl şəhəri) salmışlar. Sonra Şəmsəddin və Qazax mahallarında (Annenfeld, Tovuz və Qrinfeld) yeni alman yaşayış məntəqələri yaranıb. Deyir:
«Beləliklə, Azərbaycan burada yurd salan almanların ikinci vətəninə çevrildi. Bir neçə nəsil dəyişdi və həmin almanlar yerli əhali ilə qaynayıb-qarışdı».
Mir-Qasımın sözlərinə görə, Azərbaycan xalqının tolerantlığı bu məsələdə önəmli rol oynayıb. İkinci Dünya savaşı başlayandan sonra Stalin rejimi almanları Volqaboyundan Sibirə doğru yurd-yuvalarından didərgin saldı, o cümlədən, Azərbaycanda yaşayan 20 minə yaxın alman yurddaşımız sürgün olundu. Xalq artisti filmin əvvəlində verilən yazını xüsusən qeyd etdi:
«Film «didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur» sözləri ilə başlayır. Filmin əvvəlində 1941-ci il, NKVD zabit və əsgərlərinin almanları köçürməsi əks olunub. Tapşırığa əsasən, 48 saat ərzində alman əhalisini Azərbaycandan sürgün etmək lazım idi. Sürgün yeri isə əsasən Qazaxıstanın susuz, ilan mələyən çölləri idi. Bildiyiniz kimi, azərbaycanlıların da çox hissəsi oraya sürgün olunurdu. Siyasi, etnik bəhanələrlə və bəzən də arqumentsiz, dəlilsiz olaraq insanlar vətənlərindən uzaq salınırdılar».
Ekran əsərində o hadisələrlə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda — Bakıda, Göygöldə, Tiflisdə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin ucqar dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb.
Xalq artisti belə bir film çəkmək ideyasının insanları birlik ideyası ətrafında toplamaq məqsədindən yarandığını bildirir. Mir-Qasım alman xalqı ilə bağlı mövzuların ona yaxın olduğunu açıqladı. Belə ki, onun atası, MEA-nın ilk prezidenti Mir Əsədulla Mirqasımov alman dilini çox yaxşı bilib və alman klassik ədəbiyyatına dərindən bələd olub, dəfələrlə Almaniyaya gedib, özünü «alman mədəniyyətinə yaxın hiss edib». Azərbaycan almanlarının yaşayış yerləri onu maraqlandırmağa başlayıb.
Rusiyada 40-dək ekran işinin yer aldığı müsabiqələrin birində mükafat alan 6 layihədən biri də «Qisas almadan ölmə!» filminin ssenarisi oldu.
Film üçün rejissor Almaniyaya gedərək aktyor seçimi üçün kastinqlər keçirib. Beynəlmiləl yaradıcı heyətdən ibarət olan filmin icraçı prodüseri Tərlan Babayev, baş operatoru Nikolay İvasiv, rəssamı Vaja Calaqaniya, bəstəkarı Elmar Fel, qrim rəssamı Lina Çxikvaidzedir. Ekran əsərində rolları azərbaycanlı aktyorlardan Ramiz Əzizbəyli, Ayan Mir-Qasım və Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov, alman aktyorlardan — Uilrix Rexenbax, Mixael Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlardan — Georgi Cabaridze, Revaz Tavarkviladze, Levan Boçorişvili, Toma Bulaşvili ifa edirlər.
Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. Ekran əsərinin intriqa yaradan adının açıqlaması sonda aydın olur. «Filmin sonunda insan bu məqamı özü üçün açıqlayır və ümid edirəm ki, filmə baxanlar öz daxilində məhəbbət resurslarını kəşf edəcəklər. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir», — rejissor bu fikirdədir.