Qərb muzeylərinə göz yetirmək lazım gəlir
Qərb ölkələrinin bütün böyük muzeylərində mənşəcə bizim ölkəmizə aid sonsuz sayda artefaktların saxlandığı təzə söhbət deyil. Lakin ekspozisiyalarda onların təqdimatında o ölkələrə bizdən öncələr ayaq açmış, yerləşmiş, təşkilatlanmış ermənilər və farslar, eləcə də yanlış təsəvvürü olan qərbli mütəxəssislər tərəfindən xeyrimizə olmayan işlər görülmüşdür. Özəlliklə də ermənilər bu artefaktların özlərinə aid olduğuna bizim bölgə barəsində o qədər də məlumatlı olmayan Qərb insanını inandıra bilirlər.
İndi isə, deyəsən, bu məqsədyönlü yanlışlıqlar məqsədyönlü şəkildə düzəldiləcək. Fransanın Sen-Jermen Muzeyində erməni və İran adı altında təqdim olunan Azərbaycan nümunələrinin adı dəyişdiriləcək. Bu barədə APA-ya Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib.
Rəhimova qeyd edib ki, bu, Sen-Jermen Milli Arxeologiya Muzeyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanan müqaviləyə əsasən həyata keçiriləcək:
«XIX əsrin 90-cı illərində Morqan qardaşları Lerikdə qazıntı apararaq oradan çıxan əntiq əşyaları Fransaya aparıblar. Hazırda həmin nümunələr Sen-Jermen Arxeologiya Muzeyində İran və erməni mənşəli əşyalar kimi nümayiş olunur. Biz Sen-Jermen muzeyinin direktoru ilə görüşüb müqavilə bağlamışıq ki, Lerik rayonunda bu məsələ ilə əlaqədar tədqiqatlar aparaq. Muzeylə imzalanan müqaviləyə əsasən, muzeydəki Azərbaycana məxsus materialların hamısının adları dəyişəcək».