Qaradağın sərt qışı: 20-30 dərəcə şaxta
Şərqi Azərbaycanın Vərziqan rayon icra başçısı Cavad Rəştbəri bəyan edib ki, bu ilin avqustunda Qaradağda baş vermiş zəlzələ nəticəsində batan 6 kəndin əhalisi başqa yerə köçürülüb. Bu kəndlərin adlarını da açıqlayıb: Zəngabad, Şoxmlu, Mirzəlikənd, Çaykəndi, Əmirabad, Nəfirabad.
Onların hara köçürüldüyü haqda bilgi verilmir. Yerli müşahidəçilərin fikrincə, İran rəhbərliyi təbii fəlakətdən də öz siyasi məqsədləri üçün yararlanır. Bu zəlzələ Güney Azərbaycanda daha bir neçə kəndin boşaldılması üçün şərait yaratmışdır.
Xəbərlərə görə, zəlzələ bölgəsində durum ağır olaraq qalmaqdadır. Bəllidir ki, Qaradağ mahalının qışı sərt keçir. Builki qış isə daha sərt gəlib. bu dağlıq bölgədə qışda bəzən 20-30 dərəcə şaxta olur. Bu soyuqda zəlzələ bölgəsində çadırlarda yaşayanların halını təsəvvür etdikdə, oradan beş yüz kilometr aralıda insanı üşütmə tutur.
Hökumət vətəndaşlara vədlər versə də, vədini tutmadı. Orada təbii fəlakətin nəticələri aradan qaldırılmadı. Xaricdən yardımlar qəbul edilmədi. İnsanlar belə bir qeyri-insani rəftarla taleyin ümidinə buraxıldı.
Güney Azərbaycanyönlü informasiya mənbələrinin məlumatına görə, son günlərdə yağan güclü qar nəticəsində zəlzələ bölgəsinə gedən yollar bağlanıb, çadırlarda yaşayan əhali, o sıradan da azyaşlı uşaqlar amansız şaxta ilə üz-üzə qalıblar.
Zəlzələdən zərər çəkənlər jurnalistlərə soyuq havada baxımsız qaldıqlarından gileylənərək, rəsmilərin bir neçə ay əvvəl onlara evlərini qısa bir zamanda yenidən tikəcəkləri ilə bağlı verdiyi vədləri unutduqlarını xatırladıblar.
Avqustun 11-də Şərqi Azərbaycanda baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 300-ə yaxın kənd tamamilə dağılıb və minlərlə insan çadırlarda yaşamağa məhkum edilib.
Son xəbərlərə görə, güclü qar Azərbaycan vilayətlərində həyatı iflic edib. Bəzi yerlərdə havanın temperaturu mənfi 7 dərəcəyədək düşüb. Bu səbəbdən Ərdəbil, Neyyir, Nəmin, Serayn və Hir şəhərlərində ibtidai və orta məktəblərdə tətil elan olunub.