Muəllif:

Premyer Liqa klublarının hegemonluğu

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib. Bir oyundan ibarət bu mərhələnin bütün görüşləri eyni gündə təşkil olunub.

Qarşılaşmalardan dördü daha prinsipial xarakter daşıyıb. Çünki həmin oyunlar Premyer Liqada çıxış edən klublar arasında idi. Qalan dörd görüşdə isə vəziyyət fərqli olub. Çünki həmin oyunlarda mübarizə Premyer Liqa və Birinci Divizionda yarışan komandalar arasında gedib.

Son ölkə çempionu «Neftçi» aşağı divizion təmsilçisi «Tərəqqi» ilə üz-üzə gəlib. Gəncə təmsilçisi nominal ev sahibi olsa da, qarşılaşma Bakıdakı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Oyun qarşılaşmanın favoriti olan paytaxt təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib — 5:0.

Bu oyunla eyni vaxtda start götürən digər qarşılaşmalar isə bir qədər prinsipial xarakter daşıyıb. Çünki həmin oyunlar Premyer Liqa klublarının qarşıdurmasına səhnə olub. Gəncədə «Kəpəz» «Qarabağ»ı, Tovuzda isə «Turan» «Xəzər Lənkəran»ı qəbul edib.

Ağdam və Gəncə klubları artıq bu mövsümdə bir dəfə üz-üzə gəliblər. Elə Gəncədə keçirilən həmin görüşün 90 dəqiqəsi qolsuz heç-heçə ilə başa çatmışdı. Ölkə çempionatında işləri o qədər də yaxşı getməyən və turnir cədvəlinin son pilləsində qərarlaşan Mahmud Qurbanovun komandası sürprizə imza atmaqla fanatları qarşısında bəraət qazanmağa çalışıb.
Ağdam klubunun Gəncədə səfər oyunu çempionatda olduğu kimi, yenə qolsuz bərabərliklə bitib. Kubokda qalib müəyyənləşməli olduğundan, 30 dəqiqəlik əlavə vaxt təyin edilib ki, bu zaman da «Qarabağ» 2 qol vuraraq, istəyinə çatıb. Yeri gəlmişkən, bu komandalar bir neçə gün sonra — dekabrın 7-də Premyer Liqada daha bir dəfə görüşməli olacaqlar.
Son turda səfərdə məhz «Kəpəz»i məğlub etməklə bir qədər özünə gələn «Xəzər Lənkəran» isə bu mövsümdə bir sıra sürpriz nəticələrə imza atmağı bacarmış «Turan»la qarşılaşıb. «Ağ-yaşıllar» bu rəqibə cari mövsümdə məhz Tovuzda keçirilmiş ilk dövrə oyununda 1:2 hesabıyla məğlub olmuşdu. Bu dəfə cənub təmsilçisi həmin görüşdəki məğlubiyyətin qisasını almağa və növbəti mərhələyə adlamağa çalışıb. Lənkəranlılar üçün Qərb səfəri həqiqətən çətin olub. Belə ki, «Turan»la oyunda da qonaqlar əsas vaxtda qalib gələ bilməyiblər. Özü də «Xəzər Lənkəran» son saniyələrdə məğlubiyyətdən qaça bilib. Bu zaman təyin olunan penalti zərbəsi zamanı «Turan»ın qapıçısı birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğundan və əvəzləmə bitdiyindən «çərçivə» sahə oyunçusu Ruslan Zubkova tapşırılıb. Ruslan 30 dəqiqədə qol buraxmasa da, penaltilərdə tovuzlulara kömək edə bilməyib — 1:1 (penaltilərlə 3:5).

Premyer Liqa klublarının ifasında daha bir kubok mücadiləsi «Bakı» ilə «Sumqayıt» arasında olub. «Zolaqlılar» üçün bu qarşılaşmada qələbə qazanmaq bir sıra məqamlara görə vacib əhəmiyyət kəsb edib. Məsələ bundadır ki, paytaxt klubu ölkə kubokunun son qalibidir. Ona görə Bojidar Bandoviçin komandası titulunu qorumaq üçün rəqibini məğlub etməyə borclu idi. Görüşün doğma arenada keçirilməsi də bakılıların şanslarını artıran məqamlardan olub. «Bakı» bu şansdan faydalanmağı bacarıb — 3:1.

Çempionatdakı işləri son dövrlərdə yaxşı gedən «Qəbələ» Birinci Divizionda çıxış edən «Qaradağ Lökbatan»la üz-üzə gəlib. Şübhəsiz ki, elitada çıxış edən meydan sahibləri görüşün favoriti idi. Oyun meydan sahiblərinin üstünlüyü ilə keçib və qələbəsi ilə nəticələnib — 2:0.

Daha bir elita təmsilçisi və Birinci Divizion klubunun görüşü «Şəfa» stadionunda keçirilib. Burada «İnter» MOİK-in «qonağı olub». Çünki püşkə əsasən bu qarşılaşmaya məhz «hərbçilər» ev sahibliyi etməli idi. Amma klublar arasındakı razılaşmaya əsasən «İnter» aşağı liqa təmsilçisi ilə doğma arenasında qarşılaşıb. Qarşılaşmanın aşkar favoriti, Premyer Liqaya liderlik edən «bankirlər» üstünlüklərini bu matçda da sübut ediblər — 3:0.

Günün ən maraqlı görüşlərindən biri Şüvəlanda keçirilib. Burada AZAL «Simurq»la üz-üzə gəlib. Görüşün doğma meydanda keçirilməsi Vaqif Sadıqovun komandasının mərhələ adlamaq şanslarını artıran məqamlardan olsa da, matçda fərqli nəticə qeydə alınıb. Oyunda minimal (1:0) hesabla qələbə qazanan «Simurq» növbəti mərhələyə adlayıb.

Bu nəticələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Beləliklə, kubokun növbəti mərhələsində aşağıdakı cütlüklər üz-üzə gələcəklər:

Simurq — Neftçi

Qəbələ — Qarabağ

Bakı — İnter

Rəvan — Xəzər Lənkəran

Qeyd edək ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları 27 fevral 2013-cü ildə, cavab qarşılaşmaları isə 7 martda (cümə axşamı) keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149