Peşəkar oğru ələ keçdi
Bakıda peşəkar oğru yaxasını ələ verib. Necə deyərlər, su sənəyi suda sınar. Bir gün yaxası ələ keçməli idi. Bu adam üçün qapı, ya pəncərə, mənzilin hansı mərtəbədə yerləşməsi — bir elə fərqi yox imiş. İmkan olan yerdən evə girə bilirmiş. Açarseçmə üsulunu pis bilmirmiş. Girdiyi evdə pul, qızıl-zinət əşyaları, hətta ərzaq… əlinə nə düşdü aparırmış.
Paytaxtın Baş Polis İdarəsindən dünən «Trend»ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Anar Həsənov tutulub. Onu mənzillərdən qızıl-zinət əşyalarının oğurluğunda təqsirləndirirlər.
Həsənov ötən il aprelin 15-də M.Ağayev küçəsində yaşayan Rasimə Qurbanovanın evindən açarseçmə yolu ilə qızıl-zinət əşyaları və ərzaq malları, bu il fevralın 15-nə keçən gecə N.Abdullayev küçəsində yaşayan Rasim Əliyevin evindən pəncərədən keçmə yolu ilə 950 manat və qızıl-zinət əşyaları, noyabrın 27-dən 29-dək olan müddətdə Buzovna qəsəbəsi Xətai küçəsində yaşayan Afiq Yusifovun evindən açarseçmə yolu ilə qızıl-zinət əşyaları, dekabrın 9-da isə M.Ağayev küçəsində yaşayan Telman Əsədovun evindən pəncərədən keçmə yolu ilə pul və qızıl-zinət əşyaları oğurlayıb.